Türkiyəni niyə sevməliyik? - publisist baxışı

  • 19 okt 2019, 09:46

Mehriban Vəzir: "Türk millətinin göz dikdiyi yeganə layiq ölkə Türkiyədir”

Azərbaycanda əksəriyyət Türkiyəni öz  vətəni kimi sevir. Orada baş verən acı günləri öz acımız kimi, xoş günləri öz şad günlərimiz kimi qəbul edirik. Eyni zamanda, qardaş ölkədə səfərdə olanlar da özlərinə qarşı xoş münasibət görürlər.

Türkiyə vətəndaşları harada azərbaycanlı görsələr, "qardaş” deyə müraciət edirlər. Onlar həmçinin Azərbaycanı da qardaş ölkə adlandırırlar. Elə Azərbaycanda da böyük əksəriyyət bu cür düşünür.  Türkiyədə baş verən siyasi proseslərə belə Azərbaycanda da ən az Türkiyə qədər maraq olur. Hətta ölkədə oradakı kampaniyalara dəstək çağırışları, toplantıları da keçirilir. Türkiyədə səfərdə olan şəxslər bildirirlər ki, orada özlərini Azərbaycanda olduğu kimi çox rahat hiss edirlər.

Bu gün xeyli sayda azərbaycanlı Türkiyədə çalışır, yaşayır. Eləcə də Azərbaycanda yüzlərlə türkiyəli müxtəlif sahələrdə çalışır. Hələ indiyədək nə Türkiyədə azərbaycanlılara qarşı, nə də Azərbaycanda türkiyəlilərə qarşı hansısa təxribat xəbəri yayılmayıb.

Toplum olaraq bir-birini çox yaxşı başa düşən bu xalqlar arasında münasibətlər hər zaman yüksələn xətt üzrə inkişaf edir. Lakin müəyyən bir kəsim var ki, sosial şəbəkələrdə daima Türkiyəyə qarşı çıxışlar edir, bəzən hətta yad qüvvələrə Türkiyənin əleyhinə dəstək verirlər. Təbii ki, bu kəsim olduqca azdır.

Bəs içimizdəki Türkiyə sevgisinin səbəbi nədir? Türkiyəni sevmək nə deməkdir? "Yeni Müsavat”a danışan yazıçı-publisist Mehriban Vəzir bildirib ki, Türkiyə təkcə bizim deyil, bütün türk dünyasının gözünün dikdiyi yerdir: "Ola bilər ki, bunu həmin dövlətlər rəsmi şəkildə demirlər. Ancaq Türkiyədə kiçik bir araşdırma aparsanız görərsiz ki, özbək, türkmən, qazax, Azərbaycan türkü və digərlər millətlərdən olan hər kəs orada özünə yer tapa bilir. Yəni hər kəsin iş yeri, çörəyi oradan gələ bilir. O baxımdan Türkiyə bütün türklərin güman yeridir. Türkiyəni sevmək elə özünü sevmək, özünə hörmət etmək deməkdir.  Əslində mühüm olan sevib sevməmək məsələsi deyil. Mühüm məsələ kor olmayıb, vəziyyətin gerçək üzünü görməkdir. Bir insanın gözü, qulaqları açıq olsa, həqiqəti, gerçəkliyi görə bilsə və o insan Azərbaycan vətəndaşıdırsa, o zaman bilər ki, Türkiyə bizim yeganə güman yerimizdir. Bunu tarix boyu da dəfələrlə görmüşük. Artıq bu məsələ öz tarixi təsdiqini də tapıb. Cümhuriyyət dönəmində və eləcə də bütün dövrlərdə görmüşük ki, Türkiyə hər zaman Azərbaycanın arxasında dayanıb. Bu da onun hardasa bir borcudur. Çünki biz qardaş xalqlarıq və Azərbaycan da hər zaman eyni münasibəti Türkiyəyə qarşı göstərib. Bir dövlət müstəqildirsə və dövlətin də başında dayanan insan normal qaydada millətini, heysiyyatını dəyərləndirən insan olursa o, mütləq Türkiyənin dəyərini verir. Düzdür, zaman-zaman olub ki, iqtidarlar öz siyasi münasibətlərində başqa mövqelər ortaya qoyublar. Ancaq xalq olaraq Türkiyə və Azərbaycan hər zaman yekdil, həmrəy olublar”.

Mehriban Vəzir bildirib ki, Türkiyəni dəyərləndirmək, özünü dəyərləndirmək, özünə hörmət etmək deməkdir: "Kimlərsə Türkiyəni sevmirsə, bu da onların yanaşmasıdır. Zorla hər hansı bir gözəllik olmaz. Ancaq yuxarıda da qeyd etdiyim kimi, əgər normal təhlil edib, məsələlərə yanaşırsansa, Türkiyəni sevməmək mümkün deyil. Mən indiyə qədər Türkiyədə dəfələrlə olmuşam. Hələ indiyə qədər rast gəlməmişəm ki, ”azərbaycanlıyam" sözünü dilə gətirəsən və qarşındakı türkiyəli deməsin ki, "a qardaşımız”. Yaxud da digər formada hörmətlərini ifadə edirlər. Türkiyədə azərbaycanlılara qarşı hər zaman hörmət görmüşəm. Onlar sanki öz vətəndaşlarına yanaşdıqları formada bizə yanaşırlar. Bir var ki, İstanbul, Ankara, bir də uzaq sərhəd ölkələri. Kim Azərbaycan sözünü eşidirsə, çox istiqanlı münasibət göstərir. Bu birlik qandan, dindən, dildən gəlir. Birliyin olduğunu danmaq mümkün deyil. Bu birlik gözlə görüləcək qədər var və günbəgün inkişaf edir. Bu fəlsəfəyə qatılmayanlar olsa belə, Türkiyə-Azərbaycan birliyi daima var olacaq. Türk millətinin bu saat gözünü dikdiyi yeganə layiq ölkə Türkiyədir. Bu ölkənin vətəndaşı oyaqdır, ictimai proseslərə həssasdır. Ölkənin vətəndaşları keçmişlərini, gələcəklərini düşünürlər. Ona görə də hesab edirəm ki, Türkiyə bütün türk dövlətlərinə həm də bir örnəkdir". /musavat.com/

Oxşar xəbərlər