“Harya eydirsən, ayə”ni bəyənirdin axı, a bəy...

  • 18 sen 2019, 08:59

Oxumuş adamların sözü olmasın, mübahisə predmeti musiqi olanda qarabağlı damarım yoğunlayır, özümü o cür mübahisələrə qoşulmaqdan saxlaya bilmirəm. Pis çıxmasın, özümə görə zövqüm də var və musiqi janrları üzrə sevgim muğamatla yekunlaşmır - cazdan saza, simfonik musiqidən ta qaraçı mahnılarına  qədər hər şeyə qulaq asa bilirəm. Hətta son vaxtlar vəliəhdin sayəsində qəbul edirəm ki, rep də pis deyil.

Hər halda, tam sükutdansa nəsə bir dınqıltı səsi gəlsin, bilək ki, həyat var, hərəkət var. Düşüncə budur.

Artıq indiki gənc nəslin Qədir Rüstəmovun "Sona bülbüllər”inə qulaq asmadıqlarını, qulaq assalar da, ləzzət almadıqlarını biirəm və kədərli halda düşünürəm ki, lənətə gəlmiş qloballaşma dünyanın ən ecazkar səsinin yiyəsini 5,5 motor cipin səsboğucusundan çıxan ğorultu (bu arada Ğ ilə başlayan söz icad etmişəm) səsi çıxaran səfilsifət gədələrə uduzdurdu.

Dünya dəyişir, zövqlər aşınır. Yəqin ki, İtaliyanın özündə belə artıq Al Banoya, Toto Kutunyoya qulaq asan çox azdır. Çünki "hər aşiqin dövranı” olduğu kimi, onların da dövranı vardı, ötdü, indi hamısı Xəstə Qasım kimi günü keçmiş qocadır. İndi oralarda gənclərə qulaq asırlar - səsləri olsa da, olmasa da, oxuya bilsələr də, bilməsələr də. Bu cür musiqilər - replər, roklar və sair şoklar, poklar yeni nəslin, yeni dövrün musiqisidir. Onlar bundan ləzzət alırlar. İndi Rəşid Behbudovu dağ yamacının bulağından süzülüb gələn su kimi duru səsinə çox da ehtiyac yoxdur.

Bununla belə, ciddi sənəti, əsl musiqini yaşadanlar var, yəqin ki, gələcəkdə də olacaqlar - populyar olmasalar da. Necə ki, müasir seriallar teatr sənətini arxa plana keçirib, amma tam öldürə bilməyib, mühəqqəq musiqi sahəsində də elə olacaq.

Gələk mətləb üstünə. Dünyanın ən sevimli azərbaycanlısının (bu fikrə etiraz edənlər ola bilər, amma bu faktdır) - Sami Yusufun böyük şairimiz Nəsiminin "Sığmazam” qəzəlinə hazırladığı kompozisiya müzakirə və mübahisə predmetidir.

Şəxsən o kompozisiya mənim xoşuma gəldi. Yüzə yaxın adamın iştirakıyla başa gələn musiqi parçasında bir əzəmət var, xor  möhtəşəmdir, kompozisiyadan pozitivlik yağır, adama ruh verir. Sanki "Cəngi”dir, "Heyratı”dır.

Amma bu kompozisiyanı bəyənməyənlər də var. Çox iti musiqi zövqü olanları, hər gün dünyanın ən yaxşı bəsətkarlarının ən yaxşı kompozisiyalarını dinləyənləri anlayıram, onlar musiqi məsələsində bizdən bir level öndədirlər. Bəs gün axşamacan Damlaya, Mehdizadəyə (adını çəkmirəm, gündən ayıbdır) qulaq asanların, eləcə meyxanadan ləzzət alanların dərdi nədir?

Hə, bir məqam da budur ki, onlar "Sığmazam”ın son variantının ortaya çıxmasında əməyi, maliyyə dəstəyi olanlara müxalifdirlər deyə, tənqid səsləndirirlər. Əgər Sami Yusuf bu bəstəni müxalifət blokunun təşəbbüsü və dəstəyi ilə ortaya çıxarsaydı, onda bugünkü tənqidçilərin çoxu onu bəyənəcək, "möhtəşəm əsər” adlandıracaqdı. (Bu halda da hökumət əsəri yerdən-yerə vuracaq, tv-lərdə nümayiş etdirilməsini yasaqlayacaqdı).

Təniqdçilər arasında xətrini çox istədiyim, dost saydığım incə zövqlü adamlar da  var və onların mövqeyini heç anlamıram. Onlar o adamlardır ki, iki il öncə Vüsal adlı bir oğlan "harya eydirsən, ayə” adlı bir şey ifa edərək, musiqi ictimaiyyətini şoka salanda, onlar onu bəyənir, sosial şəbəkədə müdafiə edir, statuslar, məqalələr yazırdılar və heç bir melodiyası, düz-əməlli sözü olmayan "o şeyi” novatorluq, yeni sənət nümunəsi adlandırırdılar.

"Harya eydirsən, ayə” hara, "Sığmazam” hara? Siz canınız, onları təkrar oxudun, müqayisə edin, qiymət verin.

Bəziləri də müdrik-müdrik deyir, Nəsimiyə layiq daha yaxşı kompozisiyalar bəstələmək, musiqinin ifası üçün daha sanballı sənətçilər dəvət etmək olardı.

Kim mane olur? Nəsiminin qəzəlləri orda, musiqiçilər, xor kapellası orda, otur, bəstələ, yazdır, yaydır. Biz də qulaq asaq, bəyənək. Təbii ki, bəyənməyənlər də olacaq, amma ta nə edək. Dünyada hamının bəyəndiyi bircə şey var,  o da yüzlük dollar əsginasıdır.

Oxşar xəbərlər