Universitetlərimizin reytinqi yenidən gündəm oldu

  • 11 sen 2019, 10:30

Prezident təqaüdünə layiq görülən tələbələrin statistikası təhsil aldıqları  universitetlərin reytinqi  kimi qiymətləndirilib, amma...

Bu il ali məktəblərə daxil olmuş tələbələrə prezident təqaüdünün verilməsi haqqında sərəncam imzalanıb. Prezident təqaüdünə layiq görülən abituriyentlər respublikanın 27 müxtəlif şəhər və rayonlarını təmsil edirlər.

Prezident təqaüdçülərindən 25 nəfər Azərbaycan Tibb Universitetinə, 23 nəfər Bakı Ali Neft Məktəbinə, 21 nəfər Azərbaycan Dövlət İqtisad Universitetinə, 15 nəfər Bakı Dövlət Universitetinə, 7 nəfər ADA Universitetinə, 7 nəfər Dövlət İdarəçilik Akademiyasına, 1 nəfər Azərbaycan Dillər Universitetinə, 1 nəfər UFAZ-a, 2 nəfər isə xüsusi təyinatlı ali təhsil müəssisəsinə qəbul olunub.

Bu statistika prezident təqaüdünə layiq görülən tələbələrin təhsil aldıqları  universitetlərin reytinqi  kimi də qiymətləndirilib. 

Təhsil eksperti Etibar Əliyev "Yeni Müsavat”a bildirdi ki, bir neçə  kriteriya vasitəsilə universitetlərin reytinqini müəyyənləşdirmək olmur:  "Belə ki, müəllim-professor heyətinin fəaliyyəti, ali məktəblərin kampusu, yataqxanaları, aparılan elmi-tədqiqatların vəziyyəti, həmin universitetlərin alimlərinin gördüyü işlərə yerli və xarici istinadlar məsələsi var. Amma fərz edək ki, Türkiyənin Orta Doğu Universitetinə, İstanbul Universitetinə, Harvarda ən yüksək nəticə göstərənlər qəbul olunur. Prezident təqaüdünə layiq görülənlər də ən yüksək nəticə verən tələbələrdir. Çünki burada ən aşağı 665 bal götürülüb və güclü rəqabət olub.

Sadəcə, Tibb Universiteti və Bakı Ali Neft Məktəbi spesifik məktəblərdir. Onlar sırf tibb və neft üzrə kadr hazırlayırlar. Gəlin baxaq, bu il Dövlət İdarəçilik Akademiyasından 7 nəfər prezident təqaüdü alacaq.  Deməli, akademiyada tədrisin keyfiyyəti geriləyib. Əvvəlki illərdə göstərici yüksək idi. Amma digərlərində artım varsa, deməli, təhsil mühiti, tədrisin keyfiyyəti valideynlərin və tələbələrin diqqətini cəlb edib".

Təhsil eksperti Kamran Əsədovun sözlərinə görə, bu, heç də adıçəkilən universitetlərin reytinq göstəricisi kimi qiymətləndirilə bilməz. K.Əsədov hesab edir ki, bu məsələ formalaşmış psixoloji amildir:  "Biz diqqət yetirməliyik ki, həmin universitetlərin məzunlarının əmlak bazarında işlə təmin olunması neçə faizdir?  Bu zaman görəcəyik ki, olduqca aşağıdır.

Sadəcə, abituriyent həmin ali təhsil ocağını keyfiyyətli tədrisə görə deyil, ixtisasdan irəli gələrək seçim edir. Məsələn, I qrup üzrə imtahan verən abituriyent avtomatik Bakı Ali Neft Məktəbini seçir.  IV qrup üzrə imtahan verən və prezident təqaüdü alan tələbənin Azərbaycan Tibb Universitetindən başqa hansı seçimi ola bilər? Ya tibbə getməlidir, ya heç yerə getməli deyil.  Amma biz araşdırsaq görərik ki, bu ali məktəblər yüksək bal toplayan tələbələr üçün hər hansı addım atmayıblar".

Ekspertin fikrincə, prezident təqaüdü alan tələbələr ixtisas seçimi ediblər: "Gəlin görək bu illər ərzində prezident təqaüdü alan nə qədər tələbə hansı ixtiranı, kəşfi həyata keçirib, nə qazanıb?  Sadəcə, psixoloji amildir. Məsələn, 690 bal yığan  abituriyent  bilsə Pedaqoji Universitetin Ağcabədi filialının keçid balı budur, hamısı ora gedəcək. O baxımdan prezident təqaüdü alan tələbələrin əksəriyyətinin qeyd etdiyiniz ali məktəblərdən olması heç də həmin universitetlərin reytinq göstəricisi sayıla bilməz”.

Qeyd edək ki, ali məktəblərə qəbul imtahanlarında ən yüksək nəticə göstərmiş tələbələr üçün prezident təqaüdünün məbləği 185 manatdan 210 manata qədər artırılıb. Fərman 2019-cu il martın 1-dən qüvvəyə minib.

Ötən il məzunların işə qəbuluna görə ən reytinqli universitetlərin siyahısı açıqlanmışdı. Siyahıya Azərbaycan Dövlət İqtisad Universiteti liderlik edir.

Azərbaycanda 51 ali təhsil müəssisəsi fəaliyyət göstərir. Bu universitetlərin hər biri tələbələrə müxtəlif istiqamətlər və ixtisaslar üzrə təhsil verir. 

Oxşar xəbərlər