GMO məhsullar süfrələrimizdə: yeyək, yeməyək?

  • 12 iyul 2019, 11:10

Ümumdünya Səhiyyə Təşkilatı onların təhlükəsiz olduğunu bəyan edir, yerli mütəxəssislər isə SOS siqnalı verir; Eyyub Hüseynov: "İstehlakçılar aldadılır...”  

Azərbaycanda GMO məhsulların siyahısı açıqlanıb. Qida Təhlükəsizliyi Agentliyinin şöbə müdiri Mansur Piriyev geni modifikasiya olunmuş (GMO) bitki növlərinin siyahısını yayıb. Siyahıda 30 bitki növünün adı var.

Buraya pomidor, yemiş, alma, kartof, lobya, qarğıdalı, şirin bibər, badımcan gavalıdan tutmuş yoncaya, kətana , şəkər qamışına kimi bir çox məhsul növlərinin xüsusi sortları daxildir. Sortlar isə əsasən Kanada, Çin, Meksika, ABŞ, Yaponiyaya məxsusdur.

Qeyd edilib ki, hazırda dünyada istehsal edilən genetik modifikasiya olunmuş bitki növlərinin sayı cəmi 30-dur. Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) geni modifikasiya edilmiş bitkilərin istehlakının insan üçün təhlükəsiz olması ilə bağlı bildirir ki, bu cür bitkilərin həm qida, həm də yem kimi istifadəsinə icazə verilən ölkələrdə heç bir sağlamlığa yönəlmiş əks təsiri aşkar olunmayıb. Sitat: "Avropa Komissiyasının verdiyi məlumata əsasən, 25 il ərzində 500 müstəqil tədqiqat müəssisəsində həyata keçirilmiş 150 tədqiqat layihəsi zamanı GMO-nun təhlükəli olması ilə bağlı heç bir nəticə əldə olunmayıb. Hazırda da dünyanın bir çox ölkəsində GMO istehsalı ilə məşğul olan şirkətlər mövcuddur”.

Burada əsas diqqət çəkən məqam ÜST-nin GMO-nu təhlükəsiz hesab etməsidir. Çünki Azərbaycan mütəxəssislərinin əksəriyyəti bunu insan orqanizmi üçün təhlükəli hesab edir.

Mövzu ilə bağlı "Yeni Müsavat”a danışan Azad İstehlakçılar Birliyinin sədri Eyyub Hüseynov bildirdi ki, bütün dünyada istehlakçılar aldadılır: "İnsanların sağlam və uzunömürlü olması onun özündən və ailəsindən başqa heç kimə lazım deyil. Heç bir dövlət ölkənin 80 faizinin pensiyaçı olmasını və dövlət büdcəsindən ”yeməsini" istəmir. Bütün dünyada istehlakçı hüquqları pozulur, onlar aldadılır. Ən inkişaf etmiş dövlətlərə belə büdcədə pul lazımdır. Ona görə də Avropa İttifaqının direktiv sənədləri, Ümumdünya Səhiyyə Təşkilatı və digərləri istehlakçıları aldatmaqla məşğuldurlar. Bütün tibb müəssisələri, dərman şirkətləri xəstə istəyir. Bütün tibb dünyası xəstə istəyir. Elə bir məntiq yoxdur ki, ÜST-nin insanların sağlamlığını düşündüyünü izah etsin".

E.Hüseynov onu da vurğuladı ki, ÜST-nin bu açıqlaması kapitalizm maraqlarından doğur: "Sovet hökuməti əsgərlikdə olan gənclərə havayı olaraq ən zərərli siqareti paylayırdılar. Bütün dünya siqaretin zərərli olmasını bilirsə, bunu niyə edirdilər. Hətta sovet hökuməti kimi sosialist ölkəsi belə bununla insanların çox yaşamasını istəmirdi. Bütün dünyada insanlar özlərini aldadırlar ki, guya hansısa standartlar var. Buna intersubyektivizm  deyirlər. Bu da kapitalizmin mahiyyətindən doğan məsələdir. Mən Ümumdünya Səhiyyə Təşkilatının belə bir açıqlama verəcəyini gözləyirdim. Ümumdünya Ticarət  Təşkilatından isə 100 dəfə artıq gözləyirəm. Mən istehlakçı hüquqlarını qoruyan beynəlxalq qurumda çıxış edərkən də bildirdim ki, biz çoxdan ÜST-yə uduzmuşuq. İldən-ilə dünyada yalnız pul qazanmaq məqsədi irəli çıxır. Mən ÜST-nin açıqlamasını da kapitalizmdən doğan bir tezis kimi qəbul edirəm. Bu yalandır və GMO zərərlidir. GMO zərərli olmasaydı, o zaman BMT-nin ”Biomüxtəlifliyin və ətraf mühitin qorunmasına dair sənəd"i olmazdı. O sənəddən irəli gələn və 152 ölkənin ratifikasiya etdiyi Kartagen Protokolu olmazdı. Postsovet ölkələri kapitalizmə doğru getdikcə GMO irəliləyir və bütün dünyaya nüfuz edir. Təəssüf ki, bunun qarşısında heç kim dayana bilməyəcək. Azərbaycanda da bunun lobbiçiliyini aparan insanlar var. Ölkə prezidentinin bununla bağlı əhəmiyyətli qərarları var. Təəssüf ki, bütün dünya istehlakçılarını aldadan bu cür tezislər də irəli sürülür".

Tibb elmləri doktoru Adil Qeybulla da "Yeni Müsavat”a açıqlamasında bildirdi ki, genetik modifikasiya  olunmuş ərzaqların orqanizmə təsiri ilə bağlı birmənalı rəy yoxdur: "Çünki bu, geni dəyişmiş məhsuldur. Bu, orqanizmə bir kütlə kimi daxil olur və ondan energetik plastik material kimi maddə istifadə olunur. Yəni onun orqanizmə hansı neqativ təsirinin olması ilə bağlı fikirlər mübahisəlidir. O baxımdan GMO-nun tam xeyirli və ya ziyanlı olmasını heç kim dəqiq deyə bilməz. Mən hesab edirəm ki, GMO ərzaqların tarixi böyük olmadığından aparılan tədqiqatların yekunları tam əsaslı deyil. O baxımdan da zaman lazımdır. Genetik modifikasiya  olunmuş ərzaqların meydana çıxması Yer kürəsində onun resurslarına uyğun olmayacaq dərəcədə insanların artması ilə bağlıdır və  ərzaq probleminin həllinə yönəlib. Çünki insanlar qida çatışmazlığından əziyyət çəkirlər. Üçüncü dünya ölkələrində aclıq var və ona  görə də GMO ortaya çıxıb. Ancaq hələ ki bu gün bu məsələnin həlli genetik modifikasiya  olunmuş ərzaqlardan keçir. Bu məhsullar elədir ki, əkilərkən kiçik ərazidən böyük həcmdə məhsuldarlıq əldə etmək olur. Onun hesabına ərzaq problemini həll etmək mümkündür”.

"Yeni Müsavat”

Oxşar xəbərlər