Sosial media Azər Həsrətdən üzr tələb edir

  • 17 apr 2019, 11:58

Tez-tez gündəmə gələn rus dili, rusdillilər və ya rus sektoru mövzusu yenə də Azərbaycanda sosial media istifadəçiləri arasında müzakirə edilir.

Bu dəfə də müzakirənin qığılcımını alovlandıran Azərbaycan Mətbuat Şurası İdarə Heyətinin üzvü, jurnalist Azər Həsrətin 5000-dən çox izləyicisi olan ictimai profilində paylaşdığı fikirlər olub.

O iddia edib ki, Bakıda "klublarda-əyləncə məkanlarında daha çox gözə dəyən uşaqlar bir qayda olaraq rus məktəblərində oxuyanlardır.... Digər tərəfdən, içməyə və çəkməyə meylli olan da daha çox rus məktəblərinin şagirdləridir".

O hətta deyib ki, bu mövzu barədə televiziya verilişində danışacaq.

Yüzlərcə şərh, 200-ə yaxın paylaşıma səbəb olan bu posta gələn şərhlərin əksəriyyəti tənqididir.

Azərbaycanın məşhur müğənni, xalq artisti Faiq Ağayev postu "üzqaraldan" adlandırıb və həm də deputat olan Mətbuat Şurasının sədri Əflatun Amaşovdan şərh istəyib.

"Adam nə qədər primitivçiliyin dibinə düşübsə, çabalamağını "mücadilə" hesab edir. Sayqıdəyər Aflatun Amashov, yalançı vətənpərvərlik nümunəsi olan bu ziyanlı yazını, hərcmərlik, süni ayrıseçkilik, cəmiyyətimizdə aqressiv qarşıdurmaya səbəb ola biləcək bu təhlükəli böhtanı söyləyən şəxs - Azər Həsrət - iddia etdiyi kimi, başçılıq etdiyiniz Azərbaycan Mətbuat Şurası İdarə Heyyətinin üzvüdür. Siz həm də Azərbaycan Respublikası Milli Məclisinin deputatısınız. Qeyd etdiyim üzqaraldan bəyanat barədə mövqe bildirməyinizi sizdən rica edirəm."

"Cənab prezident və onun ailəsi rus dillidir. Deməli bu fikir onlara da aiddir?", Narmin Gulieva adlı bir izləyici Azər Həsrətə sual verib.

Azər Həsrət ona cavabında yazıb: "Kaş bütün rusdillilər Prezidentin ailəsi qədər Azərbaycana bağlı olaydı."

Qalmaqal müəllifi digər şərhlərə hələ cavab verməyib.

Adil Xalilov adlı izləyici isə prezident İlham Əliyevi postun şərh bölməsində "tag" edib.

"Hörmətli Prezident! Xahiş edirik və tələb edirik ki, Azər Həsrət adlı jurnalist, azərbaycanda rus sektorunda təhsil alan bütün insanlardan, video və ya yazılı şəkildə, bu sözlərinə görə üzr istəsin! Biz belə jurnalisti qəbul edə bilmərik!"

Onun izləyiciləri arasından posta tərəfdar çıxanlar da olub.

Kadir Ismayilov adlı izləyici yazıb ki, "hələ az deyib. Rus sektorundakıların 99% Aqressivdi".

Lala Alieva adlı izləyici isə öz təcrübəsini bölüşüb:

"menim shagirdim 700 bal toplayarag Tibb Universitetine daxil olub.Rus bolmesi.baxin gorun bolgelerde neler bash verir???cavan gelinler ushaglarini atib ,goshulub ozgesine gacirlar.onlar da mi rus bolmesinde oxuyurlar???Dogma emi oz gardashi gizini zorlayir bolgede ,hamamda gonshu oglanla dem gazindan bogulan cavan gelin ,o da mi rus bolmesinde oxuyub???serhedden narkotik madde kecirenler onlar da mi rus bolmesindendirler???sehv edirsiz.ozude ki cox boyuk sehv!!!!"

"İndi kimsə buna durub desə ki, rus məktəblərininin şagirdləri, məsələn, daha yüksək təhsillidir, və ya savadlıdır, dərhal vətən şüvənlik qaldırar, özü də, onun kimi düşünənlər də. Amma rus dilli məktəblərinin şagirdlərini heç bir statistika olmadan təhqir etməyinə dözməliyik də. Bu millətin intellektualı budursa, bittik",hazırda ABŞ-da yaşayan keçmiş DJ İsmayıl Cəlilov şərhində bildirib.

Azyaşlıların hüquq müdafiəçisi Kamalya Ağazadə "Siz nə etməyə çalışırsınız??? Qarşı durma yaratmaq istəyirsiniz??? Bu nə yanaşmadır??? Ayıb olsun!!!" deyə şərh yazıb.

Postu öz səhifəsində paylaşan Əli Hacızadə isə hüquq-mühafizə orqanlarından, ictimaiyyət və mediadan buna "ciddi münasibət bildirilməsini" istəyib.

Azər Həsrət bildirib ki, bütün bu ittihamlara İctimai TV-nin efirində cavab verməyə çalışacaq.

Oxşar xəbərlər