Fuad Abbasov: “Heç bir problem yoxdur, yayılan xəbərlər..."

  • 13 apr 2019, 22:22

Azərbaycanlı jurnalist Rusiyadan deport edilməsi xəbərinə aydınlıq gətirdi

Aprelin 13-də bir neçə media orqanında Rusiyada fəaliyyət göstərən azərbaycanlı jurnalist Fuad Abbasovun Azərbaycana deport ediləcəyi haqda xəbərlər yayılmışdı.

Xəbərlərdə bildirilirdi ki, aprelin 12-də məhkəmə Moskva vilayətinin Miqrasiya Xidmətinin müraciəti əsasında F.Abbasovu saxlanması və evində axtarış aparılması haqqında qərar çıxarıb. Aprelin 15-də onun Azərbaycana deport ediləcəyi gözlənilir.

Abbasov bir neçə ildir Rusiyada yaşayır. Türkiyənin bir neçə media quruluşunun Moskva müxbiri olan jurnalist Rusiya teleməkanında Ermənistanın Azərbaycana hərbi təcavüzü ilə bağlı tok-şoularda rəsmi Bakının mövqeyinin ən qatı müdafiəçisi kimi tanınır.

Musavat.com xəbər verir ki, Fuad Abbasov axşama doğru yaydığı açıqlamada bildirib ki, narahatçılığa heç bir əsas yoxdur: "Azadlıqdayam, fəaliyyətimlə məşğulam. Evimdə heç bir axtarış aparılmayıb, heç yerə çağırılmamışam. Deportasiya edilməyimlə bağlı xəbərlər əsassızdır”.

Bir neçə ay öncə Fuad Abbasov azərbaycanlılar və çeçenlər arasında baş verən qanlı toqquşmadan sonra pravokasiyaların genişlənməməsi üçün tərəflər arasında barış missiyasını yerinə yetirməsi ilə gündəmə gəlmişdi. Missiya uğurla nəticələnəndən sonra Rusiyanın müxtəlif vilayətlərində fəaliyyət göstərən bir neçə Azərbaycan icması onun başçılığı ilə yeni diaspor qurumu yaratamaq təşəbbüsü irəli sürmüşdülər. Ancaq Rusiya Azərbaycanlıları Konqresi və Rusiya Azərbaycanlılarının Milli-Mədəni Muxtariyyətinin (AzerRos) təşəbbüsə etirazlarından sonra məsələ açıq qalmışdı.

Musavat.com -a başqa mənbədən məlumat daxil olub ki, Fuad Abbasov aprelin 10-dan Bakıdadır və yayılan xəbərlərin heç bir əsası yoxdur. Həmin məlumata görə F. Abbasov Azərbaycana ailəvi işlərlə bağlı gəlib. Hal hazırda o, Xaçmaz rayonunda istirahət edir. Bu məlumatı tanınmış jurnalist Turan İbrahimov da musavat.com -a təsdiq edib. Müxbirimizin diqqətini Turan İbrahimovun sosial şəbəkədə bir paylaşımı cəlb edib. Oxucularımızın da gördüyü kimi, o, Fuad Abbasovla bərabər hansısa restorandan görüntü paylaşıb. Turan İbrahimov musavat.com müxbirinin sorğusuna münasibətdə bildirib ki, Fuad Abbasovla bağlı yayılan məlumatlar doğru deyil və o, aprelin 10-dan Azərbaycandadır. 

Fuad Abbasov özü isə instaqram səhifəsində maraqlı bir mətn paylaşıb. Orada qeyd edib ki, separatçılar və diasporanın bəzi fəalları arzularını gerçəklik kimi qələmə verirlər. Lakin Fuad Abbasov Afrikada da jurnalistdir...

Aygün Muradxanlı, 
Musavat.com

Oxşar xəbərlər