Dini Komitənin sabiq sədri ittihamlara cavab verdi

  • 09 apr 2019, 09:32

Rafiq Əliyev: "Əgər həmin məqalədə göstərilən faktlardan birini təsdiq edə bilsələr...”

Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sabiq sədri Rafiq Əliyevə qarşı ittihamlar irəli sürülüb. Daha dəqiqi, Dubayda yaşayan ərəb əsilli iş adamı İsa Məhəmməd Salih virtualaz.org saytına verdiyi açıqlamada keçmiş komitə sədrini fırıldaqçılıqda ittiham edib.

İsa Məhəmməd bildirib ki, ilahiyyatçı alimdir və 1996-cı ildə namizədlik dissertasiyasını müdafiə edib və bu zaman elmi rəhbəri Rafiq Əliyevlə Bakı İslam Universitetinin (hazırda İlahiyyat İnstitutudur) tələbələri üçün yataqxana tikintisi barədə razılığa gəliblər. Bununla bağlı tərəflər arasında 14 iyun 1997-ci ildə müqavilə imzalanıb.

Dubaylı iş adamı iddia edib ki, onun ayırdığı 1,6 milyon dollara yataqxana əvəzinə hotel tikilib. Müqavilədə "İrşad” İslamşünaslıq tədqiqatları mərkəzi kimi göstərilib. Yazıda o da iddia olunur ki, iki il ərzində ərəb iş adamı mütəmadi olaraq gəlirdən öz payını alıb. Bu müddət ərzində onun hesabına 190 min dollar köçürülüb. Lakin 2002-ci ildən bu ödənişlər dayanıb, o vaxtdan Əliyevin telefonu da dubaylı iş adamının üzünə bağlanıb.

İsa Məhəmməd Salih Bakıya gələrək məsələləri burada həll etmək istəyib, lakin onu başa salıblar ki, bu cür yüksək vəzifəli adamla münaqişəyə girməyə dəyməz.

Hətta DİN-ə şikayət edib və müstəntiq Fikrət Məmmədov şikayətçiyə bildirib ki, Rafiq müəllimlə danışıblar və tezliklə bütün anlaşılmazlıqlar həll ediləcək. Lakin sonradan əlaqə kəsilib.

DİN əməkdaşı F.Məmmədov virtualaz.org saytına bildirib ki, işdə cinayət tərkibi olmadığı üçün o, konsulluğa göndərilib və mülki iş kimi məhkəməyə müraciət edilməlidir.

Məsələ ilə bağlı Rafiq Əliyevin özü ilə danışdıq. Sabiq komitə sədri ittihamlar qəbul etmədi və bununla bağlı hazırladığı yazılı açıqlamanı redaksiyamıza göndərdi.

"Əziz dostlar, barəmdə yayılan məlumat çirkin yalandır. Bu məlumatı oxuyub obyektiv şəkildə qiymətləndirə bilərsiniz. Mən adətən bu cür dedi-qodulara cavab vermirəm. Ancaq bu vəziyyətdə bir şərtlə cavab verirəm: Əgər həmin məqalədə göstərilən faktlardan birini təsdiq edə bilsələr, yəni sübut etsələr ki, tərəfimdən  ”İrşad" İslam Araşdırmaları Mərkəzinin inşaatına və fəaliyyətinə görə 1 dollar belə alınıb xərclənib və ya ortaya çek qoysalar ki, xaricdə olan kiməsə payına görə 190 min dollar ödəmə etmişik, başqa sübutları varsa ki, "İrşad” hoteli İlahiyyat İnstitutunun yataqxanası kimi tikilib, hansı ki, yeri gəlmişkən, 20 il sonra açılıb, bunu ictimaiyyətə və heç olmasa mənə təqdim etsinlər... Vicdanınızı təmizləyin, elə özünüzə görə bunu edin!"

Eyni zamanda Rafiq Əlyev qeyd edir ki, "İrşad” hotel və eyni adlı Araşdırmalar Mərkəzi 1998-ci ilin oktyabrında fəaliyyətə başlayıb, Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi isə 2001-ci ildə yaradılıb və R.Əliyev komitənin sədri təyin olunub. Eyni zamanda professor xatırladır ki, "İrşad”la əlaqəli bütün məsələlər dövlət orqanları tərəfindən dəfələrlə yoxlanılıb.

Sabiq komitə sədri mətbuatı vicdanlı davranmağa, yoxlanılmamış, qərəzli məlumatları yaymamağa çağırıb."Y.M”

Oxşar xəbərlər