Teymur Əhmədovun 50 il əvvəlki yazısı - Nəriman Nərimanov Novruz bayramı haqqında...

  • 22 mart 2019, 00:38
Filologiya elmləri doktoru, professor Teymur Əhmədovun "Azərbaycan gəncləri” qəzetinin 1969-cu il 20 mart (№33) tarixli sayında "Nəriman Nərimanov Novruz bayramı haqqında” adlı məqaləsi dərc edilmişdir. Məqalədə verilən məlumata görə N.Nərimanov Novruz bayramı münasibətilə 1913-cü il martın 18-də Həştərxanda "Cami” məscidində nitq söyləmiş və bu nitqin qısa məzmunu "İqbal” (Bakı) və "Mir İslama” (Peterburq) məcmuəsində verilmişdir. Məqalədə daha sonra deyilir: "N.Nərimanov Novruz bayramına həmrəylik, birlik mərasimi kimi baxırdı. O, xalq bayramlarında geniş kütlələr üçün faydalı olan bir sıra mədəni tədbirlərin həyata keçirilməsini daha əlverişli, zəruri hesab edirdi. N.Nərimanov deyirdi ki, bayram şənliyi "günlərində ümum bir mübadileyi-əfkar əmələ gəlib ittifaq həm hasil olur əlavə bir-birisinin dərdindən, fikrindən xəbərdar olub cəmaət faydası üçün xeyirli bir müəssisə və sairə kimi şeylər təsisinə qərar verə bilər. 
Təəssüflər olsun ki, hər yerdə müsəlmanlar bu ictimaların (yığıncaqların – T.Ə.) mənasını anlamayıb istifadə edə bilməyirlər. Bir-birisinin halından xəbər tutub yardım etməyirlər”.
Həştərxanda Qafqaz müsəlmanlarının əksəriyyəti yoxsul, acınacaqlı həyat şəraitində yaşayırdılar. N.Nərimanov əziz bayram günündə varlı müsəlman evlərində "cürbəcür şirniyyat” olduğu halda, çoxlarının "quru çörəyə” möhtac qaldığını xatırladır. O, Həştərxan əhalisinin ehtiyac içərisində əzab çəkən yoxsullarına etinasızlığı və soyuq münasibəti hiddətlə damğalayır. O, insanların bir-birinə qayğı və kömək göstərməsinə hər kəsin vətəndaşlıq borcu kimi baxırdı. O öz nitqinin bir yerində demişdir: "Fağırlara kömək etmək hər kəsin vəzifeyi-insaniyyəsindən olduğu üçün biz də millətimizin fəqiri-biçizlərini, yetim balalarını xatirə gətirib beqədri-imkan onları heç olmasa bu gün şad edələr. Taki onlar da görsünlər ki, onları yad edib qeydlərinə qalan həmmillətləri vardır”.
N.Nərimanov millət, vətən dərdi çəkməyən adamların adi insanlıq heysiyyətindən məhrum olduğunu bilirdi. Onun müraciəti şəxsi mənafeyini ümumxalq mənafeyindən üstün tutan varlılara deyil, bayram şənliyinə toplaşan kütlələrə idi. 
... N.Nərimanov qədim əcdadımızın yadigarı olan Novruz bayramını ümümxalq şənliyi kimi təqdir etmiş, bahar mərasimlərini xalqın əxlaqi-etik və bədii-estetik inkişafına təsirini yüksək qiymətləndirmişdir”. 
Oxşar xəbərlər