“Leş mafiyası”na daha bir ittiham

  • 14 mart 2019, 21:00

Azərbaycanda qida təhlükəsizliyi sahəsində vəziyyət bərbad olaraq qalır. Küçənin ortasında, antisanitar şəraitdə heyvanların kəsilməsindən tutmuş rayonlardan leş ətinin daşınıb bazarlarda, iaşə müəssisələrində satılmasına qədər insanların sağlamlığını təhdid edən problemlər qalmaqdadır. Belə görünür ki, Qida Təhlükəsizliyi Agentliyinin yaradılması və bir ildən çoxdur fəaliyyətdə olması da bu sahədə vəziyyəti dəyişə bilməyib.

Bu problem Novruz bayramı günlərində, əhalinin bayram süfrəsi üçün bazarlara axın etdiyi bir vaxtda xüsusilə aktuallaşır. Xüsusən də paytaxt bazarlarında antisanitar şəraitdə mənşəyi məlum olmayan ət satışının davam etdiyi nəzərə alınarsa.

Virtualaz.org-un əməkdaşları Bakının "Vosmoy bazarı” kimi tanınan, Nizami rayonu, Naxçıvanski küçəsindəki bazara baş çəkib, satışda olan ət məhsullarının mənşəyini, baytar nəzarətindən keçib-keçmədiyini öyrənməyə çalışıb. Bəlli olub ki, satışdakı ət, yaxud balıq və toyuqların böyük hissəsi baytar nəzarətindən keçmir, üstəlik nə təmizliyə, nə də ətin satış və saxlama qaydalarına riayət edilmir.

Yük arabasında mal əti satışı, kilosu 6 manatdan…

Avtobus dayanacaından beşmərtəbəli binalara qədər uzanan, insan kütləsinin qaynaşdığı küçə boyu piştaxta arxasında, arabalarda, yaxud yerə sərilmiş kağız torbaların üstündə ət, mal baş-ayağı, balıq, yaxud toyuq satışı bu bazarda adi mənzərədir.

Satıcılar iddia edirlər ki, ət hər gün tezdən Bakı kəndlərində kəsilərək gətirilir, sadəcə "yer pulu ucuz olduğundan” mal ətinin kilosunu 6, balığı növündən asılı olaraq 4-7, "kənd toyuğu”nu isə 5 manatdan təklif edirlər.

Bir qədər irəlidəki, paltar satış yarmarkasının yanındakı "ucuz ət bazarı” kimi tanınan bazara baş çəkirik. İçəri girər-girməz satıcılar ətrafımıza toplanır. Məlum olur ki, bayram olmasına baxmayaraq satış elə də yaxşı getmir, baxmayaraq ki, qiymət sərfəlidir. Satıcılardan biri and-aman edir ki, malı Beyləqan bazarından alıb, bazarın yaxınlığındakı məntəqədə kəsdirib, sübut üçün ətin üzərinə vurulmuş baytar möhürünü də göstərir.

Burada mal əti 5-6 manata, qoyun əti 9,  quzu əti olduğu deyilən ət isə 12 manatdan təklif edilir. Ayrıca satışda mal ayağı, içalatı, mal dili də var.   

Satıcı: "Bir dəfə buradan ət aldım, tövbə elədim…”

Özümüzü müştəri kimi təqdim edib satıcılardan birinə ehsan vermək üçün ət almaq istədiyimizi söyləyirik və aldığımız cavab bizim üçün gözlənilməz olur: "Evin tikilsin, yaşadığın yerdə ət kəsib satmırlar ki, bura ət almağa gəlmisən? Məclis üçün əti oradan al, qiymət səni aldatmasın”,-satıcı təəccübümüzü görüb əlavə edir ki, bu bazardakı əti gərək saatlarla qaynadaq.

"Ət bir az gec bişir, sonra söyüş yiyəsi olmayım. Mən özüm də təzə alverə başlayanda bir dəfə buradan ət aldım, elə o vaxtdan da tövbə elədim. Qoca inək əti ilə yanaşı, xəstə, dişi qoyun ətini də quzu əti adı ilə sırıyırlar. Onu da aparıb bişirəndə yağın donmasından bilmək olur, baxanda başı çıxmayan adam ayırd edə bilmir”, – satıcı bildirir.

Elə həmin satıcıdan öyrənirik ki, satışdakı ət dana əti deyil, bir neçə bala vermiş, qocalıb-əldən düşən heyvanlardır. Hansı ki, bu heyvanlara qulluq etmək sərfəli deyil, heyvanın ölümünü gözləməkdənsə kəsib satmaq sərfəlidir. Amma ətlər gündəlik möhürlənir, sadəcə səliqə-səhmanla, saxlama şəraiti ilə çox da maraqlanan yoxdur, bu məsələ satıcının insafına qalır.

Leş əti satanlar isə əvvəlki illərdən fərqli olaraq çox ustalıqla gizlənirlər, indi bazardakı ətin uzaqbaşı 5-10 faizi leş əti ola bilər.

"Əti hazır kəsilmiş alırıq, hər kiloqramda 50 qəpik qazanırıq”

Bunu isə özünü Əkbər kimi təqdim edən satıcı söyləyir və telefonla şəkil çəkməyimizdən şübhələnir. Hiss edirik ki, səhərdən satıcılarla söhbətə qulaq asıb kimə isə telefonda məlumat verir.

"Cəmi 80 manat yer pulu veririk, ətin kilosunda 50 qəpik tuturuq. 2 min manat yer haqqı verənlər mal ətinin kilosunu 13-14 manatdan satır, ucuzluğun başqa səbəbi yoxdur”, -Əkbər deyir və biz bazardan çıxmayana qədər yanımızdan əl çəkmir.

Ondan piştaxtaların qarşısına qoyulan zibil torbaların vaxtlı-vaxtında daşınmaması və natəmizliklə bağlı suallarımıza da cavab almağa çalışırıq. Deyir ki, şəkil çəkmək və ya bu barədə şikayət etməklə uzaqbaşı kiminsə çörəyinə bais olacağıq, "dəyirman yenə öz işində olacaq”.

Balıq başdan iylənib…

Bazarın balıq satılan cərgəsinə isə üfunət iyindən yaxınlaşmaq mümkün deyil. Əslində bazarda balıq satılan ayrıca şöbə də yoxdur, balıq və ət məhsulları elə geyim piştaxtalarının yaxınlığında  yerləşir. Hələ arada meyvə-tərəvəz, quru meyvələr və qənnadı məhsulları da satılır. Diri balıqları saxlamaq üçün cərgə ilə düzülən çirkli vedrə və ləyənlər isə natəmizlik yaradır. Bu natəmizlikdən "təmiz” balıq almaq istəyənlər isə aldıqları balığın içalatını elə oradaca təmizlədirlər. Satıcılar tərəfindən yerindəcə təmizlənən balıq içalatı su ilə müştərilərin gəlib getdiyi yola axıdılır.

Geyim, ağac şitilləri, elektrik avadanlıqları satılan hissədə də ət məhsullarının satışına rast gəlirik. Burada ət piştaxtalardan asılmış olsa da, natəmizlik və nizamsızlıq var. Məsələn, heyvan cəmdəyi satılan piştaxta az qala, unitaz satılan köşə ilə qucaqlaşıb. Unitaz alanlar onu asılmış cəmdəyə sürtmədən bazardan çıxara bilmirlər.

Pendirin suyu heyvanın qanına qarışıb…

Ağartı məhsulları üçün yeri metlax və müvafiq şüşə vitrinlər quraşdırılmış xüsusi şöbə ayrılsa da, onlar daha çox görüntü üçün qoyulmuş kimi görünür. Burada süd, qatıq ətə, içalat göy-göyərtiyə qarışıb. Pendirin suyu heyvan qanına qarışaraq yerə töküldüyündən metlaxın üzərində hərəkət etmək mümkün deyil.

Satışdakı toyuqların mənşəyi ilə bağlı sənədlə tanış ola bilmirik, satıcılardan biri deyir ki, baytar nəzarəti olmadan məhsul satışa çıxarılması mümkünsüzdür, əlləri çirkli olduğundan sənədi maşında saxlayırlar. Amma toyuğun təzə olmasına zəmanət verirlər. Köşklərdə isə ət üçün verilən sertifikatlar divara yapışdırılıb.  

Bazarın çıxacağında arabaların üstündə satılan mal ayaqlarının, delikates kimi istifadə edilən mal dilinin qiyməti ilə maraqlanırıq, mağazalarda 14 manatdan aşağı satılmayan mal dilini 4-5, mal ayaqlarını isə 5 manatdan almaq mümkündür. Natəmizlikdən iyrənməyənlər üçün əlverişli qiymətdir. Hələ iki bazarın arasındakı küçədə arabalarda satılan balıqlar da var. Bunlar da elə arabanın üstündəcə təmizlənir, içalatı saatlarla atılmadan qalır,  üfunəti ətrafa yayılır, üstəlik qan qarışıq çirkab küçəyə axır…

Bu, Bakının əsas bazarlarından birində illərdir hökm sürən vəziyyətdir və orada qida təhlükəsizliyinin heç əlifbasından da söhbət gedə bilməz. Redaksiyamızın poçtuna daxil olan çoxsaylı müraciətlərdən isə Bakının digər yerlərində də ət kəsimi və satışı ilə bağlı antisanitar vəziyyətin davam etdiyi məlum olur. Məsələn, Suraxanı rayonu, Bülbülə qəsəbəsi, 316 saylı məktəbin qarşısında bir neçə ət dükanları var ki, orada qəssablar heyvanı elə küçənin ortasında, asfaltın üstündə kəsib soyurlar. Həm də məktəblilərin gözü qarşısında…

Ü. Xudiyeva

G. Əliyeva

Virtualaz.org

Oxşar xəbərlər