Jurnalistdən sərt TƏLƏB: "Məhkumları müxtəlif xəstəliklərdən qorumalısınız..."

  • 12 mart 2019, 23:25

«Düşünürəm ki, sağlam olmayan məhbusun islah olunması ehtimalı da azdır»

Hər il Novruz bayramı yaxınlaşanda cəmiyyət həyatında müşahidə olunan bayram ovqatını gücləndirən bir tendensiya da Prezidentin məhbuslara dair əfv fərmanı imzalayacağı, parlamentin amnistiya aktı qəbul edəcəyi gözləntisidir. Bu ümidverici humanist siyasətin əsası Ümummlilli lider Heydər Əliyev tərəfindən qoyulmuş, dövlətimizin başçısı İlham Əliyev tərəfindən davam etdirilməkdədir. Azərbaycan Respublikasının Birinci vitse-prezidenti Mehriban Əliyevanın Milli Məclisə üzv olduğu dönəmdə birinci xanım bu qəbildən olan humanist təşəbbüsləri ilə intizarda olan çox anaların göz yaşını silmiş, minlərlə ailəni sevindirərək əzizlərini azadlığa qovuşdurmuşdur. Ölkə rəhbərliyi istəyir ki, penitensiar xidmət müəssisələrində cəzanın ən yüksək forması sayılan azadlıqdan məhrumetmə növü ilə məhkum edilmiş məhbuslara dövlətin onları bir vətəndaş kimi itirmək fikrində deyil, əksinə, islah olunmalarında, cəmiyyətə yararlı üzv kimi qayıtmalarında maraqlı olduğu hər vəchlə hiss etdirilsin.

Bu gün deyilir ki, Azərbaycan Respublikasın Ədliyyə Nazirliyinin Penitensiar Xidmətinin bütün cəzaçəkmə müəssisələrində məhbusların cəza çəkdikləri müddət ərzində gələcəkdə cəmiyyətə tam yararlı vətəndaş kimi qayıtmaları üçün hər cür şərait yaradılıb və dürüst islah siyasəti həyata keçirilir. Söylənilir ki, məhbuslara diqqət yüksək səviyyədədir, onların yatacaq yerləri əla təmirlidir, vəkillə və yaxın adamları ilə görüş otaqları komfortlu səviyyədədir.

Bildirilir ki, müəssisələrdə səliqə-səhman hökm sürür, məhbuslarla psixoloji söhbətlər aparılır, onların ruhi vəziyyətinin düşkünlüyə, mənəvi sarsıntıya, hətta intihara əl atmalarına səbəb olacaq səviyyəyə enməməsi üçün iş aparılır. Hətta o da qeyd olunur ki, bəs bunca qayğılı və diqqətcil münasibətin qarşılığında məhbus özünə çəkilən xərci nəzərə alaraq dövlətin çiynində yük olduğunu hiss edir və bir daha məhkum olunmağına səbəb olacaq əməl törətməməyə qərar verir.

İnsafən təsdiqləmək lazımdır ki, bu bəyanatlarda həqiqətin payı az deyildir. Doğrudan da Penitensiar Xidmət son illər sistemin işinin səmərəliliyinin artırılması, cəzaçəkmə müəssisələrindəki şəraitin Avropa standartarına çatdırılması istiqamətində əhəmiyyətli işlər görülmüşdür.

Lakin məhbusların sağlamlıq durumunun qənaətbəxş olduğunu və ya qənaətbəxş durumda olması üçün bütün CÇM-lərdə yetərincə iş aparıldığını birmənalı demək olmaz. O da doğrudur ki, cəzaçəkmə müəssisələri məhbuslar üçün istirahət mərkəzi və ya sanatoriya deyildir. Di gəl, məhbusların azadlıqdan məhrum olduqları müddətdə həm də sağlamlıqdan da məhrum olmaları, müxtəlif xəstəlik tapmaları onları azadlığa çıxandan sonra ehtiyacın zindanına ata bilər.

Təsəvvür edin, adam ehtiyatsızlıqdan, bilməyərəkdən, səhlənkarlıqdan, hüquq düşüncəsinin azlığından, zəruri müdafiə həddini aşaraq, ruhi affekt vəziyyətinə düşərək, başqasının güdazına gedərək və s. radikal sayılmayan səbəbdən cinayət törədir. Və yaxud, maddi durumunun ağırlığı səbəbindən məcburiyyət qarşısında oğurluq edərək məhbəsə düşür.

Tutaq ki, məhbəs həyatı onu islah etmiş və o, səhvini başa düşmüş, bir daha cinayət törətməməyə qərar vermişdir. And içmişdir ki, daha harama əl atmayacaq, halal çörək qazanmaqla özünün və ailəsinin yaşaması üçün zəruri ehtiyaclarını ödəyəcəkdir. Həmin şəxs məhbəsdən çıxır və görür ki, məhbusluq həyatı yaşadığı bütün ötən illər ərzində ailəsinin maddi durumu daha da çətinləşmiş, ailə üzvləri bir sıra bərpa olunmayan itkilərə məruz qalmış, borca düşmüşlər. Ailə başçısı bütün bu məhrumiyyətlərin günahını özündə görür və itirilənlərin yerini doldurmağa borclu olduğunu düşünür. Qollarını çırmalayıb işləmək istəyəndə hiss edir ki, səhhəti imkan vermir, əmək qabiliyyəti yerində deyil.

Aşkar edir ki, o, yalnız yüngül işlərdə çalışa bilər, qazancının da yarısını dərman-davaya, məhkumluqda tapdığı xroniki xəstəliyin müalicəsinə xərcləməlidir. Bu yolla düşdüyü və ailəsini saldığı ziyanı kompensasiya edə bilməyəcəyini dərk edib yenidən cinayət yolunu seçir. Fikirləşir ki, "tutar qatıq, tutmaz ayran”, düşündüyünü xəlvət həyata keçirsə ehtiyacdan qurtular, şayəd alınmasa, ailənin üzərinə yük olmaqdansa, dövlətin boynuna asılar. Başqa sözlə, sağlam olmayan məhbusun islah olunması ehtimalı da azdır. Çünki çoxdan təsdiqlənmiş həqiqətdir ki, məhz sağlam bədəndə sağlam ruh, sağlam təfəkkür olar.

Etiraf etmək lazımdır ki, cəzaçəkmə müəssisələrinin özlərində istisnası mümkün olmayan, məsələn, vərəm kimi, necə deyərlər, "spesifik” xəstəliklər dolaşır. Heç kəsə sirr deyil ki, azadlıqdakı qohumları imkanlı olan məhbuslar bu bəlalara düçür olmaqdan özlərini qoruya bilirlər. Azadlıqda olduğu kimi, məhbəsdə də maddi təminat bir çox çətinliklərə qarşı immunitet rolunu oynayır. Amma ailələrinin sosial vəziyyətləri yaxşı olmayan digərləri xəstəliklərdən sığortalanmırlar.

Düşünürük ki, cəzaçəkmə müəssisələrində məhbusların qidalanmasının, keyfiyyətli tibbi xidmətlə təmin olunmasının davamlı yaxşılaşdırılması tədbirlərinin həyata keçirilməsi ilə yanaşı, onların azadlığa çıxmalarından sonra da səhhət durumları yoxlanılmalı, xəstəliklərinin aşkar olunduğu təqdirdə müalicələri üçün aylıq müavinət və ya birdəfəlik kompensasiya verilməlidir.

İnanırıq ki, dövlətimizin mərkəzində insan amili dayanan sosial siyasətini həyata keçirməklə vəzifələndirilmiş şəxslər, eləcə də ali qanunvericilik orqanında həm də məhbus seçiciləri təmsil edən millət vəkilləri bu təklifimizi dəyərləndirəcək, reallaşması üçün köməkliklərini əsirgəməyəcəklər.

Ramin Məhəmmədoğlu,

RealMedia.az-ın baş redaktoru

Oxşar xəbərlər