Şəmsəddin Əliyevə cavab: Niyə "iribuynuzlu məmur" və "gözükməyən" (?!)

  • 16 fev 2019, 12:21

Oxuculara Salam! Bu gün ad günümdür. Fani dünyada düz 36 ili yola salıram. İçimdə sevincim, bir az da kədərim gizlənir...

Bu illərdə mənə sirdaş olan, qəlbimin və duyğularımın ağ kağıza süzülməsini var edən qələmim yenə mənimlədir. Ey!, əlifbanın ilk hərfini öyrəndiyim andan mənə sədaqətli və vicdanlı dost olan QƏLƏMİM! Nə yaxşı ki, varsan. Bəlkə, yeganə yoldaşsan ki, səni kimsəyə qısqanan deyiləm. Məndən öncə və məndən sonra da dünyanı sən yazacaqsan, insanlıq portretini sən çizəcəksən. Beləcə, həmişə mənimlə ol. Bezdirmirsən, əksinə, səni öləsiyə sevirəm!

Bu gün nəsə yazmayacaqdım, özəl günümün ərki deyə. Amma, heç bir ərkim qələmin qüdrəti-ilhamını üstələyə bilmir. "Yazma!"-deyə bilmir...

Qələmim bu səhər xəbər yetirdi ki, məndən incik düşüb. İşlətdiyim iki sözcüyü anlamayan bir adamın atmacasının xəcalətini çəkir. Mənim haqq olduğumu bilsə də, mürəkkəbi ilə yazdığı iki ifadəni yenidən izahlı yazıb bəyan etməyimi istədi. Nə etməli, buyursun, doğal haqqına sahib çıxsın...

Dünən gecə Mətbuat Şurasının icraçı katibi Şəmsəddin Əliyevin "Media məkanında dil və mədəniyyət" sərlövhəli yazısında müəllifin iradına tuş gəlmişik. Geniş yazıda "demokratik.az"-da yazılan "iri buynuzlu məmur" ifadəsi və "gözükməyən" sözümüz qüsur adlandırılır. Müəllif kəskin iradlarını bildirir.

İfadə və sözün mahiyyətinə keçməzdən öncə, Şəmsəddin Əliyevin yazısına qısa olaraq fikir bildirim. Yazı üslub və tərtibat, aktual bir mövzunun ictimai müzakirəsi baxımından maarifləndirici və oxunaqlı təsir bağışlasa da, dilçilik elminin incəliklərinin əlehinədir.

Yazıda KİV-də yer alan müasir publisistika və ayrı-ayrı yazarların fərdi dil üslubunda ədəbi dilə - ana dilimizə qarşı fəsadlar sadalanır. Amma, mən yazılan cəmi haşiyələri sadalayacaq, buna uzun-uzadı vaxt ayıracaq məcburiyyətində deyiləm. Özümə aid irada aydınlıq gətirməyə, cavab verməyə çalışacağam. Şəmsəddin Əliyev üçün "bu da kifayət edəcək" - deyə düşünürəm.

SİTAT: "Müasir Azərbaycan Respublikasının xəbər portallarında geniş oxucu kütləsinə çatdırılan informasiyalar ilk növbədə redaksiya heyətinin ədəbi bacarığını,milli ideologiyanın və dilin  nə dərəcədə  mənimsənilməsini cəmiyyətə çatdırır. Jarqon, vulqar ifadələr, səviyyəsiz yazılar, ictimai mənəviyyata zidd halların təbliği, yerli-yersiz məmurların ünvanlarına utanc gətirən ifadələr,məs:"iri buynuzlu məmurlar” ifadələri,(bax. Demokratik az.) Prezidentin vəzifəyə təyin etdiyi və səlahiyyətlərinə xitam verdiyi yüksək çinli vəzifəli şəxslər barədə "sensasiya” xarakterli məlumatlar cəmiyyətimizin, daha çox KİV məkanının və jurnalistin faciəsidir.Əslində belə əyri qələm sahibləri dövlət qulluqçularını qəsdən təhqir edir,onların nüfuzlarını vətəndaşlar arasında aşağılayır,onlara etibarı azaltmaqla lağ obyektinə çevirirlər. Bu gün jurnalistkada gömrükçü ixtisası ilə çalışanlar və yaxud, ədəbi, milli dili zəif mənimsəmiş, publisistik fərasəti olmayan, bədii fəhmindən (əgər varsa) faydalana bilməyənlərin sırasında xəbər portallarına rəbərlik edənlər də var. Doğrudanmı XXI əsr çağdaş Azərbaycan mediası bu dərəcədə zəifdir?

Bir az dərinə gedəndə, belə xəbər saytlarının "rekvizitləri” də şübhə doğurur.  Əlaqə telefonları, ünvan və redaksiya heyəti barədə məlumat da bəzən olmur vəs. Belə prezumpsiya "Reket” fəaliyyətlərini təsdiqləmiş olur". 

Bu sətirlərindən aydın olur ki, özünü hüquqşünas kimi sınamış müəllif yaşının ahıl vaxtında qələmin qüdrətinə sığınır. "Publisistik" dilin sehrində öz ixtisasını, hüquq elmini lap unudur. Bilirsiniz niyə? Çünki, Azərbaycan konstitusiyasına görə hər kəsin fikir və ifadə azadlığı, məlumat almaq, hazırlamaq və qanuni yolla yaymaq azadlığı işinə yarayır. Əgər belədirsə, bu atmacasının məğzi, hədəfə aldığının hansı ixtisas sahibi olması müəllifi niyə bu qədər narahat edir?

Ş.Əliyevi digər məsələ də narahat edir. Hansısa yazımdakı "iri buynuzlu məmur" ifadəsi. Bu, özəlliklə gülünc deyilmi? Məyər, bu ifadəni dövlət qulluqçularına təhqir kimi təqdimat edən şəxs anlamır ki, bu ifadənin işlənməsi bütün ölkə məmurlarına ünvanlanmır. Müxtəlif kateqoriyalı məmurları, onların əməllərini isə mən fokuslaşdırmıram. Özləri-özünü aşikar edir. Yəni, Azərbaycanda baş prokurorluq və digər inzibati nəzarət orqanları tərəfindən həbs edilən, küllü miqdarda rüşvət alan, əhali-dövlət inamsızlığı ilə məşğul olan, ölkə rəhbərinin yüksək etimadını yerdən-yerə vuran məmurlarımız azdırmı? Bəlkə görüb də bilmirsiniz heç? Bəs, bunlar harınladıqdan sonra millətinə və dövlətçiliyinə kəllə atmalarına, buynuz çıxarmalarına hansı adı verək? Əgər, ləyaqətli, dürüst, sevimli, mehriban məmur ifadəsi işlədiriksə, əks halda, yarıtmaz məmurlar üçün "iri buynuzlu məmur" ifadəsini yazmağım doğaldır. Bu ifadənin ümumiyyətlə təhqirlə, vulqar ifadə işlətməklə də əlaqəsi yoxdur. Oxucunun mediaya sifarişi, ictimai qınaq özü bunu KİV-ə tam diqtə edir. Jurnalistika güzgüdür - xalqın səsidir, xalqın sözüdür.

Şəmsəddin Əliyevin işlətdiyim real bir sözcüklə mücadilə aparması da gülüncdür.

Müəllif ikinci halda belə yazır: "Müasir anlamda isə KİV-in dili millətin ümumi dili, kütləvi kommunikasiya dilidir. Kütləvi kommunikasiya vasitələrinin mühüm funksiyası cəmiyyətin əksər hissəsinin ona dəstək verməsi, orada standartların saxlanılması ilə ölçülür. Bu hal Azərbaycan dilinin stilinin qorunmasına imkan verir. KİV-nin dili ədəbi dilin stilistik sistemində həm mərkəzi, həm də  orta yer tutur. Kütləvi kommunikasiya dili funksional stilin hamısına yaxındır, xüsusi ədəbi biliyin tapşırıqlarına cavab verir. Lakin bəzən xəbər saytlarında ədəbi və milli dili ehtiva etməyən, azərbaycan dilinin orfoqrafik lüğətində olmayan sözlər cəmiyyətə KİV dili kimi məcburən sırınır, məs: "gözükməyən” (Bax: yenə Demokrtatik az.)

Müasir anlamda KİV dilini ümumi dil kimi qavramağa çalışan müəllif rabitəsiz fikirlərinin sonuncusunda "Demokratik.Az"-da özünün tənqid edildiyi yazının yarımbaşlığındakı bir sözü nədənsə hədəfə gətirir. Ş.Əliyev "gözükməyən" sözünü "çoxbilmişlik" edərək, Azərbaycan dilinin orfoqrafik lüğətində axtarır, nəticədə isə "tapmır". Müəllif bəlkə də anlamır ki, ümumiyyətlə publisistik dildə, xüsusilə mətbuatda birdən-birə ortaya çıxıb özünə əbədi status qazana bilən sözcüklər mövcuddur. Bu qarşısıalınmaz təbii prosesdir, əslində bugünkü ədəbi-yazılı dil millətin söz və danışıq süzgəcindən keçə-keçə toparlanan məcmudur. Şifahi xalq ədəbiyyatının növbəti vahidləşmişi yazı fornasıdır. Bu məqamlar zamanın da iradəsinə tabedir. Orfoqrafik lüğətə qalsa, yüzlərlə doğma sözlərimizin paslandığını niyə demirsiniz? Çün, məqsədiniz bambaşqadır.

Mən isə, işlətdiyim "gözükməyən" sözünü sonacan müdafiə edim, onun varlığını diqqətə ərz edim. Ki, bundan sonra Ş.Əliyev asan tapa, hətta yazıb istifadəsinə də başlasın. 

"Gözükməyən" sözünün başa düşülməsində elə bir qəliz yoxdur. Görünməyən və gözükməyən sözünü hər kəs google üzərindən axtarış edərsə, türkcə-azərbaycanca eynimənalı söz qarşısına çıxacaq.

Məslən: "Ucu-bucağı gözükmeyen çam ormanlarından geçerler"

və ya: "kaderinin yönünü avuçlarındaki gözükmeyen tılsımla değiştirebilirsin"..,

və ya: "gözükmeyen ikon kız resmi".., 

və ya: "O, hiç buralarda gözükmedimi?"..

Bu misalları kifayət qədər uzada bilərəm, fəqət, lüzum, yenə gözükmür.

Bundan başqa, Şəmsəddin Əliyevin işlənməsi qüsur olaraq gördüyü eyni sözə Azərbaycanda dilçilik elmi ilə məşğul olan alimlərin mövzularında tapmaq olur. Türkmənşəli olub, eyni məna daşıyan belə sözlərin el dilində istənilən şəkildə işlənməsi ki, yasaq deyil.

Təsadüfi deyildir ki, tanınmış alim Yusif Vəzirdən oxuduğumuz elmi araşdırmalarda (bax -"filologiya məsələləri № 18 2018) "türk oğlu türk olunuz!” deyə buyurulur. Və belə də deyilir: Sitat: "Dilin kökü camaatımızın əsrlərcə yaratdığı el ədəbiyyatındadır, gərək onlar toplansın, öyrənilsin, əzbərlənsin. Dil axtaran gərək camaatımızın arasında gəzsin, dolaşsın, öyrənə bilsin”. Yusif Vəzir bədii əsərin dilindəki qeyri-təbiiliyi yazıçı üçün böyük qüsur hesab edirdi. Alimin özünün elmi əsərlərində isə, Azərbaycan orfoqrafik lüğətində yazılışı hərf fərqilə başqa, məna baxımından isə eyni olan türk sözləri bulunmaqdadır. Eynilə, mənim bəzən yazılarımda fərdi görünmək üçün ifadə etdiyim doğma türk sözcüklər (gözükmək - gözükməyən) kimi...

Bir ifadə və söz ətrafında yazımı genişləndirib Şəmsəddin bəyin də yararlana biləcəyi elmi əsərə dönüşdürə bilərəm. Amma, yenə fərdi, jurnalist yazısı alınacaq.

Bu iş dilçilərin işidir. Nə mənim, nə Ş.Əliyevin çalışması deyil...

Yaxşı olardı ki, Mətbuat Şurasını təmsil edən Şəmsəddin Əliyev və bütünlükdə Mətbuat Şurası üzvləri orfoqrafik lüğətimizdə olan, lakin, KİVDF tərəfindən illərdir milyonlar yeyən qəzetlərin səhifələrində rast gəlmədiyimiz sözcüklərin dövriyyəsinə, oxucuya transformasiyasına çalışsınlar. Əks halda, başdan sona qüsurlu olan bir yazısını məndə tapmağa çalışdığı və beləcə fiaskoya uğradığı qərəzli cəhdlərinə qurban etməsin. Bir də, Cəlaləddin Rumi kimilərini qələm adamına sözdə misal çəkməkdənsə, əməlində Rumi nümunəsi göstərmək MŞ funksionerləri üçün daha effektiv olardı. 

Şəmsəddin Əliyevin yazısında isə özünün ən böyük təkzibedilməz orfoqrafik qüsurlarından yalnız birini də mən deyim. Bir ifadə və sözümü təhrif etməyə çalışan hüquqşünasın yazısında dəfələrlə işlətdiyi REKET sözü ümumiyyətlə heç bir millətin dil lüğətində olmayan, bir peşə adını alçaldan ən çirkin və ən vulqar ifadədir. Görünür, MŞ-nin başbilənləri yalnız məmurları müdafiə edəndə orfoqrafik lüğəti işə salırlar. Əks hallarda, müstəqil yazarlara qarşı "buynuzlu" orfoqrafiya məmurları buynuzsuz etməz.

Mətbuat Şurasının təmsilçilərinə bari bundan sonra həqiqəti yazmaq arzusu ilə...

Osman Nərimanoğlu

Demokratik.Az saytının rəhbəri


Oxşar xəbərlər