ÇAQQAL DƏRİSİ VƏ CANAVAR SƏSİ... (yuxulu hekayə)

  • 27 yan 2022, 12:07
Yenə yuxumu qarışdırmışam, əslində həqiqətlə ayaqlaşan daha bir "ÇİN YUXU" görmüşəm...
"Hər yan ağappaq qara bürünüb. Ətrafda kimsə gözümə dəymir. Təklik məni əsla qorxutmasa da, əcaib heyvan səsləri qarın qeyri-adi soyuğunun təsirinə qarışaraq qulağımda vıyıldayır...
Aram-aram xeyli uzaqda bacasından gur tüstüsü çıxan, tanımadığım bir evə doğru irəliləyirəm. Fikirləşirəm, tüstü varsa, demək ki, od-ocaq da var...
Cığırla addımladıqca ayağımın altında əzilən qarın həzin və xışıltılı ahəngi naxoş səslərə lay-lay çalır, bəlkə də ürəyimdən xəbər alıb, tam sakitlik istəyir... 
Budur, gözlənilmədən bir sürü çaqqal peyda olur, qarşımda. Ağızlarından qan dama-dama üstümə hırıldayan, dərhal da səs-səsə verib mırıldayan bu çirkin yaratıqların qarnı acdır. Xain fikirləri ciddidir ki,.. Mənim haramı olur olsun, yemək istəyirlər. Bəli, hücuma məruz qalıram, ya allah deyirəm, nə olar - olsun. Və qışqırıram - çaqqallara ölüm!..
Xeyli yumruq - təpiyimin zərbəsinə sağıma, soluma sərələnmiş çaqqal sürüsü axırda yaxınlıqdakı meşəliyə doğru qaçırlar. Xoşbəxtlikdən, cəmdəyi tamam bit-birə basmış qara çaqqalın biri altımda qalıb canını tapşırıbmış. Sürünün məndən qaçışına səbəb, demə, liderlərinin ölümüdür. Altımda boğub öldürdüyümün örgütbaşı olduğunu isə dərisinin salamat qaldığı ilə bildim. Nağıllarda da, ən ağıllı çaqqal öz dərisini ən yaxşı qoruyan çaqqaldır. Təbiətin də qanunu bəzən tərs gətirir. Hər vəchlə yalnız öz dərisini güdənlərin "lider" olma şansı yüksəkdir axı...
O çaqqalın dərisini həvəslə soydum və nəhayət həmin - görünən evə varıram. İçəri girib nə görsəm yaxşıdır? Evin hər yanında yüzlərlə çaqqal dərisi...
Kim bilir, məndən əvvəl neçə yolcu neçə çaqqalı eynən mənim kimi cəhənnəmə vasil edib. Hərə də öz şikarının dərisini  bu komaya atıb, ocağı çatıb və gedib...
Yuxunun bu şirin yerində telefonuma quraşdırdığım budilnikin zil səsi saat 6:30-da məni yuxudan oyadır. 

BU SƏS İSƏ ÇAQQALIN YOX, YENƏ CANAVARIN SƏSİDİR!!!

Osman Nərimanoğlu

Oxşar xəbərlər