Doğrudanmı, yaramaz kimi yaşamaq faciə deyilmiş?

  • 05 fev 2019, 22:11

Yox. Bunları yandıq dedik. Unutmayaq ki, belə bir deyim var - hər ulduzun yeri var, kəhkəşanlar içində. Hər bir pislik gec-tez öz "mükafatını” alacaq.

Vaxtı ilə belə bir film var idi - "Yağış izləri yuyur”.Buna oxşar bəzi deyimlər də kifayət qədərdir - "Yağiş yağdı, çatdaqlar bitdi”, "Kərə yeyən də yaza çıxır, tərə yeyən də” və sair.

Bu misal-məsəlləri nədən xatırladım?

Hər cəmiyyətdə olduğu kimi bizim məkanda da kifayət qədər Yaramaz, yüz dona girən Yaltaq,  min sifətli adamlar olub, yəqin ki yenə olacaq. Əvvəllər belələri haqqında deyərdilər ki, heç sabahlarını fikirləşmirlər? El tənəsindən çəkinmirlər? Yalan ayaq tutar, yeriməz və sair və ilaxır. Yəni, belə ritorik suallarla, deyimlərlə özümüzə təsəlli verirdik.

Zaman keçdigcə, dünyaya bir az baxışlarımız dəyişdigcə, başa düşdük ki, belə ifadələrə heç də həmişə özünü doğrultmurmuş - yaramaz yaşamaq elə də faciə deyilmiş.

Təsəvvür edin ki, siz bütün həyatı boyu yaramazlıqla məşğulsunuz - yüzlərlə insanın haqqını yemisiniz,  məktəbdən məscidə qədər hər yerdə xəyanətlər etmisiniz, onlarla namərdliklərə imza atmısınız, dost-qardaş  bilmədən badalaq gəlmsiniz, şəxsi maraqlarınız üçün istənilən adama arxa çevirmişiniz, yalnız bir prinsiplə yaşamısınız "Hamıya çirkin olsam da, başçıya göyçək olaydım.”

Bəs cəzanız nə olacaq?

Ömür keçir-gün keçir, görürsən ki, bütün bunlar faciə deyilmiş. Nə cəza, nə filan.

Nə olsun ki, milyonları yeyib-dağıdıbsan, hər il orucluqda, məhərrəmlikdə 200-300 manatlıq ehsan ver, ol, yaxşı adam, səxavətli adam.

Yaxud,  yaşlanana yaxın ya Kərbəlaya, ya Həcə gedir, ol, mömin adam.

Yarı pul, yarı yaltaqlıqla hökumətdən  ördendən, medaldan, əməkdar addan-zaddan çırpışdır, ol, dövlətçiliyə xidmət edən adam.

Ya ağsaqqallar, ya veteranlar, ya dindarlar  cəmiyyətinin sədri ol,  buxara papaq qoy, ol, el ağsaqqalı.

Özünə 3-4 dəllal tutub orda - burda özünü təriflədir, haqqında  şeirlər qoşdur, kitablar yazdır,  5-ci sort qəzetlərdə təriflədir, nə bilim rəsmlərini çəkdir, lap istəsən filmlər quraşdır, ol, unudulmaz adam. Pulnan deyil?

Ürəklərində çoxları söysə də, üzbəüz gələndə belələrinə  ehtiramla salam verirlər, öləndə dəstə ilə qəbirüstünə gedirlər, həmin adam olur hörmətli adam.

O üzü, bu üzü mərmərdən bir baş daşı da (bəziləri yarım heykəl-büstü-filan) düzəltdirib, aşağısında da mərdliklə, kişiliklə bağlı bir bənd şeir yazırıb, olur qəbristanlıqğın  "Fəxri ölüsü”. Adın da qoyurlar, ölünün dalıyca danışmazlar. (Guya dirilərin üzünə nöqsanın çox deyiblər)

"Xalıq-balıq” məsələni də  müasirləşib,  "xalıqa” bir-iki "balıq” verib işi bağlayırlar

Belələri yağla şoru fərq qoymayıb, bədənin ən bərbad hissəsini başa, başı ayağa keçirib, kef içində ömür sürürlər.

Belələrinə - qaloş, maska, baş yaltaq, şərəfsiz... nə desən, dözür. Çünki bu sözlərin onun aylıq qazancına heç dəxli yoxdur. Hansı rəhbərə həm yaltaqlığa, həm yaxşı pul verməyə hazır olan şəxs lazım olmur ki?

Belələri namusdan-qeyrətdən də gen-bol danışır. Amma lazım gələndə qadın kölgəsində gizlənməyi də özlərinə rəva görürlər.

Bu yazdıqlarımı qətiyyən bir, yaxud  dörd-beş nəfərə aid etməyin.  Bu, yazını kiçiltmək, onun ruhunu çılızlaşdırmaq olardı. Çünki və heyf ki belələri çoxdur,  günbəgün artır və ətrafdakılar üçün adiləşirlər.

Artıq hamıya elə gəlir ki, xoşbəxtliyə yol alçaqlıqdan və yaltaqlıqdan  keçir

Hərə öz miskinliyinə  "gülləkeçməz” bir don geyindirir.

Vaxtı ilə telekanalradan birində çox acı bir zarafat etdilər. Belə ki, baba nəvəsindən soruşur ki, sən, gələcəkdə nə olacaqsan? Deyir "Zırrama”. Səbəbəni də belə izah edir ki, atama bir dəbdəbəli villa göstərib, dedim, kimindir? Dedi, bir zırramanın. Sonra bahalı bir maşın göstərdim, dedim, bu kimindir? Dedi, o da bir  başqa zırramanın. Mən də zırrama olacam ki, həm villam, həm bahalı maşınım olsun.

Bütün bu "mənzərələri” görəndə bir çoxları düşünür ki, yaramaz, şərəfsiz yaşamağın nəyi pisdir ki? Bu günü belə, qocalığı belə, o dünyası da belə. Daha nə qaldı ki?

Yox. Bunları yandıq dedik. Unutmayaq ki, belə bir deyim var - hər ulduzun yeri var, kəhkaşanlar içində. Hər bir pislik gec-tez öz "mükafatını” alacaq.

 Kimisə cəhənnəm əzabları, Allahın qəzəbi, məzlumların ahı ilə qorxutmaq istəməsəm də, gözümüz önündəki nümunələr çoxlarına ibrət olmalıdır. Hitler intihar edəndə də uzaqgörənliklə demişdi ki, meytimi də yandırarsınız. Çünki bilirdi ki, onun meyitini rahat qoymayacaqlar. (Bizdə də bəziləri nə səbəbə isə vəsiyyət edir ki, məni həyətimdə basdır) Liviyanın, İraqın rəhbərlərinin biabırçı ölümlərini, müxtəlif qəzalarda faciəli şəkildə ölən prokuror, deputat, rəis və digər məmurların balalarını, nə bilim çovdarovları,  naxçıvanlı tağıları...  filanları yada salan.

Bunlarla paralel həm də H. Zərdabini xatırlayın. Ölkənin 5 vətənpərvər kişisindən birini. 3 dəfə dəfn edilənZərdabini. 1-ci dəfə 1907-ci ildə böyük  izdihamla Bibi Heybətdə, 1937-ci ildə bu qəbiristanlıq dağıdıldığı üçün əvvəl sümükləri evində saxlanılıb, sonra həyat yoldaşının qəbrinin bir küncümdə, nəhayət 1967-ci ildə, vəfatından 50 sonra Fəxri Xiyabanda dəfn edilən Zərdabini.

Bəli, zaman keçir, yaxşı kişilər zulmətdən də boylanır, lakin bu gün yalandan, pul, yaltaqlığı gücünə  "parıldıyanların”  bəzən övladları belə onların adlarını çəkməyə utanır. Belələri hələ də başa düşmür ki,  tanınmaq və sevilmək  ayrı-ayrı məfhumlardır. Belələri hələ də başa düşmür ki, qırxayaq kimi vəzifədən yapışsalar da, ruhən ölüblər, yaxud da  canlı ölülərdir. Mirzə Cəlil dili ilə desək, "Allah sizi rəhmət eləsin, ölülər!”

Zahir Əmənov

Oxşar xəbərlər