Jurnalistika üzrə ölkədə ilk elmlər doktoru və ya SÖZÜN qulu, Qulunun SÖZÜ…

  • 26 dek 2018, 08:23

Jurnalistika ixtisasdır və hər bir ixtisasın arxasında insan faktoru durur. İnsanlar isə müxtəlifdir, qorxağı da var, cəsarətlisi də…
Ola bilsin ki, başqa ixtisas sahiblərinə cəsarət anlamı elə də vacib deyil, amma jurnalistikada bu keyfiyyət kəm olanda qabarıq nəzərə çarpır…
O, cəmiyyətdə kifayət qədər cəsarətli jurnalist kimi tanınıb. Öz sözünü deməyi bacaran, hadisələri olduğu kimi qələmə alan jurnalistlərdəndir. Kiməsə yarınmaq, üzgörənlik, nədənsə çəkinmək onun ruhuna yaddır. Belə insanlar haqqında danışanda bir deyim yada düşür- kişi kimi yaşayır, kişi kimi də alnı açıq, üzü ağdır. Məncə bu deyim, jurnalistə verilən ən böyük dəyərdir…
O, 1954-cü ildə Zəngilan rayonunda anadan olub. Orta təhsilini Şuşa şəhərində başa vurub. 
1978-ci ildə Bakı Dövlət Universitetinin jurnalistika fakültəsini bitirib. Həmin ildən təyinatla Azərbaycan televiziyasına göndərilib və "Xəbərlər” baş redaksiyasında reportyor kimi fəaliyyətə başlayıb.
Televiziyanın müxtəlif baş redaksiyalarında müxbir, redaktor, böyük redaktor, şərhçi, şöbə müdiri, proqram rəhbəri, baş redaktor, siyasi icmalçı və departament direktoru vəzifələrində çalışıb.
1991-ci ildən müntəzəm efirə çıxıb, "1000 saniyə” və "24 saat” xəbər verilişlərini aparıb. 1994-cü ilə kimi AzTV-nin əsas xəbər proqramlarının aparıcısı kimi fəaliyyət göstərib.
1993-1995-ci illər arasında "7 gün” populyar analitik-informasiya verilişinin, həmçinin AzTV ekranında efirə çıxan ilk müəllif proqramının ("Təfsilat”-1995) müəllifi və aparıcısı olub.
1995-ci ilin martında Azərbaycan televiziyasının siyasi icmalçısı təyin edilib. Həmin ildən eyni zamanda hər gün efirə çıxan "Səhər” musiqi-informasiya proqramına da rəhbərlik edib. Uzun müddət (1995-2007) bu qurumun baş redaktoru olub.
1995-ci ilin noyabrından 1996-cı ilin yanvarına kimi qısa müddətdə Xəbərlər baş redaksiyasına rəhbərlik edib.
2005-ci ildə AzTV şirkətdən qapalı səhmdar cəmiyyətə çevrildikdən sonra "Səhər” proqramının baş redaktoru təyin olunub
2007-ci ildə "Müəllif proqramları və xüsusi layihələr” departamentinin direktoru kimi fəaliyyətini davam etdirib. Həmin ilin oktyabrın 2-də AzTV QSC-dən uzaqlaşıb.
2007-ci ilin oktyabrın 3-dən Xəzər TV-də fəaliyyətini davam etdirib. 2007-2012-ci illər arasında Xəzər TV-də "Dost məclisi” və "Gündəm” proqramlarını aparıb. 
2014-cü ilin mayında AMEA-nın Nəsimi adına Dilçilik İnstitutunda Monitorinq şöbəsinin müdiri vəzifəsi ona tapşırılıb.
2017-ci ildən Ayna TV-nin "Aynada” verilişinin iştirakçılarından biridir. Gunaz tv-də yayımlanan "Mətbuat aynasında” proqramının aparıcısıdır. Respublikanın Əməkdar jurnalisti adına layiq görülüb.
1989-cu ildə "Radiodramaturgiya dili” mövzusunda namizədlik, 2004-cü ildə isə "Televiziya dili: funksiya və struktur” mövzusunda doktorluq dissertasiyası müdafiə edib. Jurnalistika üzrə ölkədə ilk elmlər doktorudur…
Xalqın ağrı-acısını dilə gətirməyi bacaran bu insanı tanımaqdan ötrü şəxsən tanış olmaq vacib deyil, bəs edir ki, onu sehirli qutudan izləyəsən…
O, peşəsinin zirvəsidir. Bir peşəkar kimi Azərbaycan jurnalistika tarixinə öz adını qızıl hərflərlə yazdıra bilib…
Adətən, ustadlar xəsis olur, peşəsini başqalarına öyrətməyə tələsmirlər. Bu baxımdan, Allah ondan səxavəti əsirgəməyib, tələbələri kifayyət qədərdir…
Bəli, sözün düzünü dilə gətirmək, yazmaq, həqiqəti olduğu kimi ictimaiyyətə çatdırmaq jurnalisdən cəsarət tələb edir. Cəsarəti, məntiqi, bir sözlə xidmətləri ilə xalqın ürəyində özünə yer almış hörmətli Qulu Məhərrəmlini, yeni ilin gəlişi münasibəti ilə təbrik edirik- Yeni iliniz mübarək, Qulu müəllim!

Elman Eldaroğlu,
ABŞ, Miçiqan

Oxşar xəbərlər