Erməni politoloqun Elçibəylə bağlı bənzətməsinə sərt reaksiya

  • 12 dek 2018, 09:54

Oqtay Qasımov: "Bu müqayisə olduqca qüsurludur”

Rusiyalı politoloq, professor Andranik Miqranyan haqqin.az saytına müsahibəsində Nikol Paşinyanın fəaliyyəti ilə bağlı fikirlərini bildirib. Politoloq Paşinyanın missiyasını Azərbaycan xalq hərəkatının lideri Əbülfəz Elçibəyin missiyasına bənzədib. O bildirib ki, Paşinyan sizin Elçibəy kimidir.

"Cənubi Qafqazda artıq Paşinyana bənzər idarəçilər olub. Məsələn, sizin Elçibəy kimi... Paşinyan Amerika açmır, o, adi populist-demaqoqdur. Lakin bu cür siyasət uzun müddət davam etməyəcək. Xalqa tezliklə demaqogiyanı əməllə, iqtisadiyyatın səviyyəsinin qaldırılması ilə, sosial həyatla, investisiyaların cəlbi ilə və s. ilə sübut etməli olacaq.

Göründüyü kimi, onda bu, elə də yaxşı alınmır. Tək populizmlə xalqı doyurmaq mümkün deyil. Biz indi görürük ki, erməni xalqı necə eyforiyadan qaçır və bu inqilabçılardan real iş tələb edir”, - deyə o qeyd edib.

"Yeni Müsavat”a danışan, 1995-1998-ci illərdə Türkiyədə mərhum prezident Əbülfəz Elçibəyin özəl təmsilçisi olmuş, deputat Fazil Mustafa hesab edir ki, bu kimi müqayisələr siyasətdə aparıla bilir: "Söylənənlər həmin politoloqun subyektiv fikirləridir. Hesab edirəm ki, hər deyilən fikri də dartışmaq lazım deyil”.

Elçibəyin köməkçisi olmuş Oqtay Qasımov isə qəzetimizə açıqlamasında bildirdi ki, Miqranyanın müqayisəsi olduqca qüsurludur: "Əvvəlcə qeyd edim ki, Miqranyan Rusiyanın siyasətini müdafiə edən və ona ideoloji don geyindirməyə çalışan politoloqlardan sayılır. Baxmayaraq ki, onun Qərb ölkələri ilə də normal münasibətləri var. Digər tərəfdən isə deyim ki, onun Paşinyanla Əbülfəz Elçibəyi müqayisə etməsi çox qüsurludur. Ən azından o baxımdan ki, Əbülfəz Elçibəylə Paşinyanın missiyalarındakı fərq kifayət qədər qabarıq görünür. Elçibəy Azərbaycanın müstəqilliyi, bütövlüyü və ölkədə demokratik cəmiyyətin qurulması uğrunda mübarizə aparıb. Bu mübarizədə isə Elçibəy daha çox öz xalqına arxalanırdı. O, xalqdan güc alaraq öz ideyalarını həyata keçirməyə çalışırdı. Bu, həm Azərbaycanın şimalının müstəqilliyinin yenidən bərpasında özünü göstərib, həm də Elçibəy bütöv Azərbaycan ideyasını siyasi gündəmə gətirməklə, Güneydə yaşayan soydaşlarımızın da dəstəyini qazanmış bir liderdir. Paşinyan isə fərqli ampulada olan siyasətçidir. Ən azından ona görə ki, Paşinyanın həyatı Əbülfəz Elçibəyin həyatı qədər çətin və mübarizə yolu bu cür olmayıb. Digər tərəfdən, Paşinyan Əbülfəz Elçibəydən fərqli olaraq Amerikanın qrantlarının və fondlarının dəstəyi ilə xalqı ətrafına toplaya bildi. Təbii ki, bu məsələdə Ermənistanda 20 ildən artıq hakimiyyətdə olan hərbi xuntanın fəaliyyəti də var. O baxımdan da müqayisə çox qüsurludur. Sadəcə olaraq, bəli, deyərdim ki, bir məsələdə Paşinyanla Elçibəyin fəaliyyətində eynilik axtarmaq olar. O da budur ki, Əbülfəz Elçibəy də Azərbaycanın Qərb dünyasına, Avropaya inteqrasiyasında maraqlı idi.

Eyni zamanda Rusiya imperiyasına qarşı mübarizə aparsa da, həm Rusiya ilə, həm də İranla çox yaxın qonşuluq siyasəti həyata keçirməyə çalışırdı. Buna da müəyyən mənada əslində nail olmuşdu. Paşinyan da Ermənistanın  müəyyən qədər Rusiyanın təsir dairəsindən uzaqlaşmasında maraqlıdır və bu istiqamətdə fəaliyyət göstərmək istəyir. Zaman göstərəcək ki, Paşinyan qarşıya qoyduğu məqsədləri həyata keçirməkdə nə qədər uğur qazanacaq. Hər halda, onun da düşüncəsindən görünən budur ki, Ermənistanın mümkün qədər Avropaya, Qərbə inteqrasiyasına nail olmaq istəyir. İstəyir ki, Ermənistan Rusiyanın təsir dairəsindən çıxsın. Ancaq bu, çox çətin olacaq. Çünki Ermənistan həm təhlükəsizlik, həm siyasi, həm də iqtisadi cəhətdən Rusiyadan asılıdır. Bu asılılıq Elçibəy dövründəki Azərbaycandan qat-qat daha çoxdur, bağlar daha sıxdır”.

Qasımov Miqranyanın fikrindəki siyasi mesaj barəsində də danışdı: "Əslində Miqranyan demək istəyir ki, Qafqazda belə hallar olub. Gürcüstanda Qamsaxurdiya, Azərbaycanda Əbülfəz Elçibəy olublar və indi də Ermənistanda Paşinyan gəlib ki, bunlar hamısı anti-Rusiya mövqeli siyasətçilər olublar. Birinci iki şəxs öz hakimiyyətlərinin müddətini tamamlamadan, çevriliş yolu ilə hakimiyyətdən uzaqlaşdırılıblar. Bu çevrilişlərdə isə birbaşa olaraq Rusiya iştirak edib. Əslində Miqranyan Paşinyana xəbərdarlıq edib ki, ətrafda baş verənlərdən dərs alsın. Burada verilən gizli mesaj, qeyd etdiyim məsələdən ibarətdir. Lakin sonda bir daha qeyd edirəm ki, Paşinyanı Əbülfəz Elçibəylə müqayisə etmək heç də uğurlu deyil”.

Oxşar xəbərlər