"Demokratik.Az" saytı Mətbuat Şurasını məhkəməyə verdi

  • 10 dek 2018, 11:14

"Demokratik.Az" saytı Azərbaycan Mətbuat Şurasını Məhkəməyə verib. Səbəb, saytın adının ictimai qurum tərəfindən "qara siyahı"ya salınması, KİV orqanının "reket"çilikdə ittiham edilməsidir.

Bu barədə saytın rəhbəri Osman Nərimanoğlu özü məlumat yayıb. Onun bildirdiyinə görə, MŞ-nin idarə olunması və müstəqil mediaya qarşı bu cür total hücumlar etməsi olduqca təhlükəlidir. Bununla belə, ölkəmizdəki media mühitinə zərərlidir.

Jurnalist "Demokratik.Az"-a qarşı MŞ-nin elan etdiyi qərarı tam əsassız və repressiv qərar adlandıraraq bildirib ki, qərarı qəbul edərkən qurum özünün nizamnamə və prinsip qaydalarını, xüsusilə də "KİV haqqında Azərbaycan Respublikasının qanunu"nu aşkar surətdə pozub.

"Bizə qarşı bu bədnam qərar guya AJPDQ-nın müddəalarına əsaslanırmış, əksinə, MŞ sədri başda olmaqla 2003-cü ilin martın 15-də Azərbaycan jurnalistlərinin 1-ci qurultayında qəbul edilmiş həmin kodeksə hörmətsizlik ediblər. İnanın, möcüzə baş verib, bir məmurun səviyyəsiz və əsassız şikayətinə görə, qurumun "şikayətlər üzrə komissiya"sı "bir gündə" iki qərar elan edib. Absurddur, özbaşınalıqdır. Hesab edirəm ki, Şura öz səlahiyyət hədlərini aşıb, işgüzar nüfuzumuzu zədələyib. Ümid edirəm ki, Nərimanov rayon məhkəməsi pozulmuş haqqımızı özümüzə qaytaracaq, barəmizdə çıxarılmış "reket" qərarı ləğv ediləcək" - deyə Osman Nərimanoğlu qeyd edib.

Sayt rəhbəri belə qərarların əsasən "siyasi sifariş"lə yerinə yetirildiyini də xatırladaraq bunu da istisna etməyib: " Ola bilsin ki, sifarişdir, tənqidlərimiz hansısa iribuynuzlu məmurun xoşuna gəlməyib. Amma, hələlik görünən odur ki, Mətbuat Şurasındakı bəzi kütbeyinlərin hədəfindəyik. Orda bəziləri özünü yekə aparır, hesab edirlər ki, toxunulmazdırlar, yalnız özləri kimə gəldi şər-böhtan atıb belə özfəaliiyət edirlər. Bu qərarı qətiyyətlə pisləyirik, ictimaiyyət arasında yarımçıq nüfuzla baş girələyənlərə isə bir daha deyirik ki, jurnalist adına yaraşmayan "reket"çi tənələrini yığışdırıb öz əməllərinə hakim olsunlar. Məmurların sifarişinin icrasına yox, daha sağlam media mühitinin yaradılmasına çalışsınlar".

Bildirək ki, Mətbuat Şurası 24 oktyabr 2018-ci il tarixdə "Demokratik.Az"-a ciddi xəbərdarlıq" qərarı elan edib. Sayt isə həmin qərarı əsaslı tənqid etdiyindən bir həftə sonra idarə heyətinin növbəti qərəzli qərarı ilə köhnə tarixə "qara siyahı"-ya salınıb.

Qərarların ləğvinə dair mülki işə aidiyyatı üzrə Bakı şəhər Nərimanov rayon Məhkəməsində baxılacaq...

Demokratik.Az

  

Oxşar xəbərlər