Bölgələrdə maarifləndirmə tədbirləri davam etdirilir

  • 08 dek 2018, 10:42

Daxili İşlər Nazirliyinin Baş İctimai Təhlükəsizlik İdarəsi tərəfindən yetkinlik yaşına çatmayanların baxımsızlığı, hüquq pozuntularının profilaktikası sahəsində maarifləndirmə tədbirləri davam etdirilir.

Növbəti belə tədbirlər respublikanın Masallı və Lənkəran rayonlarında tam orta məktəblərin yuxarı sinif şagirdləri ilə keçirilib.

Toplantılarda Rayon Polis Şöbələrinin, İcra Hakimiyyətinin nümayəndələri, eləcə də pedaqoji heyət, narkoloq və psixoloqlar iştirak ediblər.

Hər iki tədbirdə Daxili İşlər Nazirliyi Baş İctimai Təhlükəsizlik İdarəsinin əməkdaşı, polis polkovnik-leytenantı Əkbər Əkbərov görüşün məqsədini açıqlayıb, "Yetkinlik yaşına çatmayanların baxımsızlığı və hüquq pozuntularının profilaktikasında polisin rolu” və "İnternetdən təhlükəsiz istifadə qaydaları” mövzularında çıxış edərək törədilən hüquqpozmaların fəsadları barədə danışıb.

Masallı RPŞ-nin rəisi, polis polkovniki Habil Əmiraslanov və Lənkəran ŞRPŞ-nin təşkilati inspeksiya qrupunun baş inspektoru, polis mayoru İlqar Teymurov "Dini radikalizm və onun zərərli təsirləri”, yeniyetmə və gənclər arasında antinarkotik təbliğatın aparılması məqsədilə "Narkotiklər haqqında nə bilirik?”, Masallı Rayon İcra Hakimiyyəti başçısının müavini Aybəniz Qafarova, Lənkəran Şəhər İcra hakimiyyəti başçısı aparatının ictimai-siyasi və humanitar məsələlər şöbəsinin müdirinin müavini – dini qurumlarla işin təşkilatçısı Asif İmanlı və digərləri "Erkən nikahın fəsadları və qarşısının alınmasında gənclərin fəallığının artırılması” mövzularında çıxışlar edərək narkomaniyanın yayılmasına, dini radikalizm və erkən nikah hallarına qarşı hamılıqla mübarizə aparılmasının vacibliyini qeyd edib, bu işdə əmək kollektivlərinin, müəllimlərin, gənclərin, habelə valideynlərin üzərinə çox böyük vəzifələrin və məsuliyyətin düşdüyünü bildiriblər.

Tədbirlərin sonunda məktəbliləri maraqlandıran suallar cavablandırılıb, qeyd olunan mövzularla bağlı videoçarx nümayiş etdirilib.

Oxşar xəbərlər