Qusarlı şikayətçi Şair Alxasova yazılan plagiat tərifə od püskürdü

  • 03 dek 2018, 21:34

Qusar rayon sakini, 2-ci grup əlil, Ağamirzəyev Hacımirzə Ağamirzə oğlu yenidən "Demokratik.Az" saytına müraciət məktubu göndərib. Əvvəlkilər kimi son müraciətində də Qusar RİHB-sı Şair Alxasovu evyıxan, mülkdağıdan kimi təqdim edib. Lakin bu dəfə də problemlərindən xatırlatmalar edən şikayətçi Qaynarxətt.az saytında 17.10.2018-ci il tarixdə dərc edilmiş tərifi bir "yazıya" hirslənib.

Yazıda Qusar RİHB-sı Şair Alxasova alqış ucalır, müəllifi məlum olmayan vətəndaşın xoş sözləri sıralanır.

Şikayətçi "Qusar. Tanrı qismətindən yazılan ömür - icra başçısı Şair Alxasov... "sərlövhəli materialı həqiqəti əks etdirməyən yazı adlandırır, oxuduqdan sonra çox məyus olduğunu ifadə edir və bu sualı verir: - "Vətəndaşların yaşayış evlərini məhkəmənin qərarı olmadan sökdürərək, bütün əmlaklarını qəsdən məhv etməklə, cinayət tərkibli hərəkət edən Qusar RİHB-sı Şair Alxasovu tərifləyən Qusar rayon vətəndaşı kimdir?..

"Demokratik.Az" saytı olaraq müraciətin olduğu kimi dərcinə keçməzdən öncə, bildiririk ki, Qusarın icra başçısına mədhiyyə olaraq ünvanlanan həmin yazı mətni plagiatdır, müxtəlif şəxslərə yazılmış orijinal tərifi yazılardan oğurlanmış mətnlərin cəmidir.

Media adına müşahidə olunan bu biabırçılığı çox qurcalamadan və "yazı"dan sitatlar gətirmədən qusarlı Hacımirzə Ağamirzəyevin yazdıqlarını diqqətinizə çatdırırıq:

"... Mən bir qusar sakini kimi hesab edirəm ki, Qusar RİHB-sı Şair Alxasov peyğəmbərə bərabər tutula biləcək icra başçı deyildir. Qusar RİHB-sı Şair Alxasov Qusar rayonun Samur qəsəbəsi ərazisində 1992-1993-cü illərdə əzab-əziyyətlə, külli miqdarda vəsait xərcləməklə tikdirdiyim yaşayış evimi 02.06.2010-cu il tarixdə məhkəmənin qərarı olmadan, rəsmi xəbərdarlıq edilmədən, söküntü vaxtı iştirakım təmin olunmadan, heç bir əsas-səbəb olmadan, tamah məqsədilə, mülkiyyətimdəki 0, 46 ha torpaq sahəmi zorla əlimdən almaq niyyətilə ekskavatorla sökdürərək, bütün əmlakımı qəsdən məhv etdirməklə, evimdəki 30000 manat, 8000 ABŞ dollar pulumun oğurlanmasına şərait yaratmaqla cinayət tərkibli hərəkətin baş verməsinə şərait yaratmışdır.
     Qusar RİHB-sı Şair Alxasovdan kompensasiya tələb etdikdə isə, o, öz nüfuzundan, vəzifə səlahiyyətlərindən sui istifadə etməklə, Qusar rayonun sabiq prokuroru Zahid Vəliyev cənablarına qanunsuz tapşırıq verməklə, zərərçəkiş vətəndaşın pozulmuş hüquqlarının bərpası əvəzinə, zərərçəkiş vətəndaş barəsində suni ittihamlar yaratmaqla cinayət işi başladaraq materialları Qusar rayon məhkəməsinə göndərmişdir.

3 il ərzində yüzlərlə lüzumsuz məhkəmə baxışından sonra, Qusar rayon məhkəməsinin 11 iyul 2013-cü il tarixli hökmü ilə mənə bəraət verilmiş, həmin hökm yuxarı instansiya məhkəmələri müvfiq qərarları ilə öz qüvvəsində saxlanılmaqla, Təhqiqat, ibtidai istintaq, prokurorluq və məhkəmə organlarını qanunsuz hərəkətləri barədə mövcud qanunvericiliyə əsasən, Maliyyə Nazirliyi vasitəsilə, Azərbaycan Respublikasının Dövlət büdcəsindən mənə qanunsuz olaraq vurulmuş madd-mənəvi zərərə görə 1700 manat məbləğində vəsait təzminat şəklində ödənilmişdir.
   Qusar RİHB-sı Şair Alxasov başçı təyin edilən vaxtdan 9-10 il keçməsinə baxmayaraq, Qusar rayonunda abadlıq-quruculuq işləri ilə məşğul olmamış, rayon vətəndaşları ilə təvəzökar davranmamış, rayonun işsiz əhalisinin işlə təmin edilməsi məqsədilə rayona investisiya cəlb edə bilməmiş, rayonda mövcud parklarda,  uşaqların istirahət-əyləncə üçün ayrilmış torpaq sahələrdə,  hətta qəbristanlıq torpaqlarında kommersiya təyinatlı obyektlərin tikintisinə razılıq vermiş, rayonda mövcud strateji torpaq sahələri özünə yaxın, öz qohum-qardaşların adlarına özəlləşdirməyə müvəffəq olmuş, mövcud meşə fondunun torpaqlarını qanunsuz satılmasına göz yummuş, Azərbaycan Respublikasının prezdenti, hörmətli İlham Əliyev cənabları tərəfindən ünvanlı olaraq Qusar rayonun abadlaşdırılması məqsədilə buraxılmış milyonlarla vəsaiti səmərəli xərcləməmiş, hətta, yeyinti hallarına yol verməklə, qanunsuz olaraq kommersiya fəaliyyəti ilə məşğul olmaqla, öz biznesinin həcminin genişləndirilməsi ilə məşğul olmuşdur.
   İnformasiyanın doğru, ya da yalan olmasına şübhə ilə yanaşmağıma baxmayaraq,  Qusarlıların  deməsinə görə, hal-hazıra qədər Qusar RİHB-sı Şair Alxasovun qanunsuz hərəkətlərini müdafiə edərək, ona hərtərəfli dəstək verən vəzifəli şəxs Prezdent Administrasiyasının rəhbəri, hörmətli Ramiz Mehdiyev cənablarının adı, vəzifəsi mənə məlum olmayan "  KÜRƏKƏNİ " ( YEZNƏSİ ) hesb edilir.
    Qusar şəhər sakini kimi hesab edirəm ki, qanunsuz yollarla Dövlətimizin büdcə vəsaitlərini gizlincə talayaraq, özlərinə imarətlər tikərək, cah-cəlal yaradan. rayon  camaatı ilə təvəzökar davranmayan, işsiz rayon camaatın işlə təmin edilməsi məqsədilə heç bir təşəbbüs göstərməyən, rayona investisiya cəlb etmək bacarığına malik olmayan, savadsız, qanunsuz olaraq kommersiya fəaliyyəti ilə məşğul olaraq zənginləşmiş, Azərbaycan Respublikasının Prezdenti, hörmətli İlham Əliyev cənabları tərəfindən  rayona ünvanlı olaraq buraxdığı milyonlarla vəsaiti səmərəli xərcləməyərək, hətta, külli miqdarda vəsaitin mənimsənilməsi ilə məşğul olmuş Qusar RİHB-sı Şair Alxasov və qanunsuz hərəkət etməkə zənginləşmiş digər icra başçıların fəaliyyəti audit olunmaqla, həmin vəzifəli şəxlər tərəfindən mənimsənilmiş vəsait Dövlət nəfinə mədaxil edilməklə, onlar barəsində cinayət işlərin başlanılması barədə qərarlar qəbul edilməlidir.
  Yuxarıda qeyd etdiklərimi nəzərə alaraq, bir daha Qusar şəhər sakini kimi hesab edirəm ki, Qusar RİHB-sı Şair Alxasov 17.10 2018-ci il tarixdə Qaynar xətt az saytında tərifləndiyi qədər alicənab, tərifəlayiq, savadlı, öz vətəndaşları ilə təvəzökar davranan , rayon camaatı arasında böyük hörməti , nüfuza malik olan, az qala Peyğəmbərə bərabər tutula bilən icra başçı deyildir".
    Qeyd : Bildirək ki, şikayətçi yuxarıda qeyd olunan hallar barədə ölkənin yüksək vəzifəli şəxslərinə və KİV-lərə müntəzəm etiraz məktubu göndərilir. Təəssüf ki, problem illərdir ictimailəşdirilsə də, şikayətçi hələ də yerində sayır...

"Demokratik.Az"

Oxşar xəbərlər