Rəmişin fanatı ustadına dil uzadanlara meydan oxudu

  • 16 noy 2018, 19:34

89-cu il idi. Tələbəlik illəriydi. Yasamaldakı yaşadığım yataqxanada məni tanıyanlar bilirdi ki, mən Rəmişin fanatıyam.

Xoş bir gündə dostlardan kimsə Leytenant Şmidt adına zavodun konsert zalında Rəmişin konserti olacağını mənə xəbər etdi. Sevincimdən uçmağa qanadım yoxdu. Konserti lentə yazmaq fikri qəfil ağlıma gəldi. Yataqxananın korpuslarını vurdum bir-birinə, birinin 5-ci mərtəbəsini o birinin 8-cisinə qatdım, ordan da başqa korpusa yüyürərək, axırı ki, dostlardan birindən maqnitofon tapa bildim – "Легенда” adlı maqnitofon idi, xatırlayıram. Dostum Rizvanı (onu da Rəmişə mən "yoluxdurmuşdum”) da özümlə apardım konsertə.

Həmin konsertin necə baş tutması haqda belə danışılırdı. Demək, zavodun "Arzu” adlanan ansablının konserti olacaqmış. Lakin, biletlər lazımınca satılmayıbmış, demək, konsertin baş tutmaması məyusluğu gözlənilirmiş. Təşkilatçı ağıllı tərpənib, gedib hardansa Rəmişi tapıb razılaşdırıb və son saatlarda divarlara yapışdırdıqları konsert afişalarının bir küncünə flomasterlərlə əyri-üyrü əlyazmalarıyla tez-bazar "çıxış edəcək Rəmiş” yazdırıbmış. Güman edirəm, həmin cümlə başqa-başqa elanlarda fərqli rəngdə flomasterlərlə yazılmış olub. Axı o vaxtlar(elə indi də) flomasterlər qutularda rəngbərəng olardı. Yəqin təşkilatçı bundan bir neçə qutu alıbmış və köməkçilərinə paylayıbmiş ki, şəhər boyu afişalarda təcili bu cümləni yazsınlar…

Konsertə 3-5 saat qalmış verilən bu qərar sürətlə Bakıya yayılıb və o cümlədən, xəbər mənə, Yasamalın Qanlı Gölü ətrafında 16 kv. m.-lik otaqda 3 tələbə yoldaşıyla məskunlaşan tələbəyə də çatır…
Konsertin sehri göz önümdən indi də çəkilməyib. Zalda adam əlindən yer yoxdur, keçid yerləri ayaq üstə dayanmış adamlarla tıxcanıb.

Səhnə açılır. "Arzu” ansamblı "Arzular” manısıyla konsertə giriş verir. Səhnədə Rəmiş hələ yoxdur, amma səhnə arxasından onun mahnı üzərindən improvizələri ansamblın sönük ifası fonunda sanki lakomativə çevrilir. Rəmişin ifası ansamblın iki-üç mahnısı fonunda necə də möhtəşəm səslənirdi.

Publika Rəmişi canlı görməyə tələsirdi. Hər nömrə arası yerlərdən "Rəmiş” deyə qışqırtılar səslənirdi. Arxadan fit səsləri də eşidilirdi…

Xatırlayıram, konsertə qaradərili tələbələr də gəlmişdi. Rəmiş haqda hardan və necə eşidib bura gəlmişdilər, bunu bilə bilməzdim, təbii. Güman edirəm, elə arxadan fitləyəndər də onlar olardı. Bizlər sovet tərbiyəsilə belə "nəzakətsizliklər” etməzdik…

Güman ki, konsert təşkilatçıları bunu duydular. Səhnənin pərdəsi çəkildi və ucadan və coşğuyla elan olundu: "çıxış edir Rəmiş”.

Pərdə yenidən açıldı, Rəmiş artıq həmin ansamblın önündədir…

İfa ifa dalıyca səslənirdi. O ifa etdikcə "Arzu”çular bir-bir səhnəni tərk edirdilər, onlar Rəmişlə ayaqlaşmaqda aciz idilər. On dəqiqə çəkmədi, artıq onlar yox idi – səhnədə ancaq Rəmişlə onu müşaiət edən zərbçalan qalmışdı. Bir saat ardıcıl və bir-birini əvəzləyən əvəzsiz ifası və improvizələrilə tamaşaçıların qəlbini ram etdi Rəmiş. Konsertdən sonra dostum Rizvanın mənə "bilirsən, dinləyəndə sən özündə deyildin” deməyini də xatırlayıram…
Xatırlayıram, o konsert videolentə alınırdı. Kaş həmin konsert indi üzə çıxarılardı və paylaşılardı. Rəmişi yaxşı tanımayanlar onun necə böyük sənətçi olmasına bir daha əmin olardılar. Kaş ki…
Yaxşı ki, mən həmin konserti lentə ala bildim və mənim arxivimdə ömrümün sonunadək saxlayacağım dəyər kimi qalacaq.

Mən gitara ifaçılıq sənətinin vurğunuyam. Həm də hesab edirəm ki, mən Rəmişin birinci dərəcəli fanatı olmuşam və indi də birinci olmağıma əminəm. O dərəcədə vurğun olmuşam ki, bu vurğunluq müəllimsiz və heç bir məsləhət olmadan gitaraya bağlayıb məni. Gitarada indi nəsə edə bilirəmsə, bu ancaq Rəmiş sənətinə vurğunluqdan yaranıb.
Sonda Rəmişə indi buynuz göstərən bəzi gitara çalmaq istəyənlərə sözüm var:

Mən İlqar olaraq sizin hər birinizi musiqi meydanında deyişməyə çağırıram və bununla Rəmiş sənətinin böyüklüyünü, onun əsl milli gitara ifaçısı kimi əvəzsiz olduğunu sizə sübut etməyə hazıram. Çünki, o heç məni tanımasa da, mən özümü Rəmişin əvəzsiz ifaçılıq məktəbinin davamçısı hesab edirəm və bu məktəbin əsl Azərbaycan musiqisinin gitarada ən doğru ifaçılıq üslubu olmasını həmin mənəm-mənəm deyənlərə sübut edərdim. Baxmayaraq ki, nə musiqi təhsilim, nə not biliyim var, amma sənətdə Rəmişin bəlkə də mində biri olmadığım halda sizinlə yarışa girməyə və beləliklə, onun sənətinin mində birinin sizin qondarma ifaçılıq məktəbinizdən yüksək olmasını sizə isbatlamağa hazıram.

Buyurun, cavab gözləyirəm!

Bunu yekəxanalıq kimi, yaxud, şou quraraq tanınmaq istəyi kimi qəbul etməyin. Musiqi aləmində heç tanınmasam da (çünki, mən bu sahədə tanınmaq həvəsində deyiləm), sizin hər hansı birinizlə deyişməyə hazıram. Bu, Rəmiş sənətinin böyüklüyünə rişxənd edən və özünü gitaraçı sayan bəzi "toyxanşik”lərə mesajımdır.

P.S. bu, həmin konsertdən sonra Rəmişlə çəkdirdiyim yeganə şəkilimdir.

Bu gün USTAD RƏMİŞin ad günüdür. Mən ona uzun ömür və yaradıcılıq uğurları arzulayıram. Nə yaxşı ki, varsınız, sevimli Rəmiş!

İlqar Tağı

 

 

Oxşar xəbərlər