GDU-da kafedra müdirinə yazılan "DƏVƏTNAMƏ" və papaqla alın tərindəki xəcalət

  • 16 noy 2018, 14:51
Gəncə Dövlət Universitetinin tanınmış müəllimi, universitetin sabiq mətbuat xidmətinin rəhbəri, kafedra müdiri Maqbet Əhmədovun adına yazılan toya DƏVƏT NAMƏSİ ona çətin anlar yaşadıb.
Adıçəkilən ziyalı özünün facebook səhifəsində Dəvətiyyədən sonra Universitetdə çəkdiyi "iztirabları" (məcazi mənada-red) dostları ilə paylaşıb. Baş verənləri bəddi obrazda, "lakonik hekayə" janrında sətirlərə düzüb.
Demokratik.Az maraqlı statusu olduğu kimi diqqətinizə çatdırır:  
"Qonşu kafedradan mənə bir toy dəvətnaməsi yollanmışdır. Qapıdan girən kimi, laborantım bu xüsusda məlumat verdi və böyük hörmət –izzətlə dəvətnaməni mənə uzatdı. 
Keçib kreslomda əyləşdim və əyləşən kimi də papağımı başımdan çıxarıb qoydum stolun sağ küncünə.Özü də bir xeyli aralıda. Hər halda papaqdı, içimdən keçən bəzi mətləbləri duymasın. Başımı da əllərimin içinə alıb başladım zər suyu ilə yazılmış dəvətnaməyə tamaşa etməyə. Bir xeyli müddət tamaşadan sonra kürəyimi kreslonun arxasına söykəyib gözlərimi tavana zillədim. Sonra yenə də əyilib dəvətnaməyə baxdım. Düşündüm, bəlkə səhvdüşüb. Əlim gəlmirdı ki, açıb içində yazılanlardan hali olum. Özümdə güc toplayıb açdım. Səhv deyildi. Dönə-dönə oxudum. Bir hərf qələti də yox idi.Adım, müəllim ifadəsi də yanında, düpbədüz yazılmışdı.
Yubanmadan özümü dekan müavininin yanına saldım. Dedim:-Əmioğlu, sən mədəni, işbilən, köhnənin kadrısan. Başıma belə bir hal-qəziyyə gəlib. Mənə kömək dur.
Dedi, neyləyim?
Dedim, sənin sözün eşidilir.Qonşu kafedranın əməkdaşından xahiş et ki, dəvətnaməni geri qaytarsın. Adını da qoysun ki, səhv düşüb. Elə de ki, xətrinə dəyməsin. Axı gündə on-on beş dəfə üz-üzə gəlirik.
Dekan müavini bir xeyli xəyallanıb dedi:
-Müəllim, siz fakültəmizin hörmətli dosentisiniz. Üstəlik kafedra müdirisiniz. Kiməsə icazə veribsinizsə, göz yumum, gecikən müəllimin varsa, açıb-ağartmayım, jurnalda qara düşübsə, üstündən keçim, sorğu qiymətini artırmaq istəsəniz, neçə dənə istəsən təzə vərəq verim. Amma bu məsələdə üzüm qaradır. Ağız aça bilmərəm. Bir dekanımıza yanaş, o məndən də hörmətlidir.
Ya mədəd deyib, çox astaca və incə taqqıltıyla dekanın qapısını döyüb içəri keçdim. Başıma gələn müsibət haqqında olduqca qısaca məlumat verdim. Vəziyyəti bilən kimi kişinin də üzü qaraldı. İçindən təəssüf etdiyini anladım.
Dedi:- Sizin dərdinizi öz dərdim kimi anlayıram.Axı fakültəmizin ən cəfakeş müəllimisiniz. Universitetin həyatında böyük xidmətləriniz var. Əməkdaşlar bir yana, tələbələr arasında araba çəkə bilmədiyi hörmətinizi hələ demirəm. Nə desəniz mən hazır. Hansı tələbəni desəniz, icazə verim, müəllimlərinizin gül üzünə püf də deməyim. Nə işin olsa, o saat Elmi şura çağırım. Isətəsən beş dənə tərifnaməni dalbadal divara yapışdırdım. Amma bu məsələdə acizəm. Özün götür-qoy elə, bəlkə bir çıxış yolu tapa bildin.
Suyu süzülə-süzülə otağıma qayıtdım. Süyürmədən dosent diplomumu çıxarıb dəvətnamə ilə yan-yana qoydum. Xeyli xəcalət çəkdim. Hiss etdim ki, dəvətnamə də, diplom da eyni kökdədir. Və bu səbəbdən də alnımın təri üzü aşağı damcılamağa başlayıb. Nə yaxşı papaq yanımda idi. Götürüb tərimi sildim. Çox şükür etdim ki, dəvətnaməyə düşməyib".
Maqbet Əhmədov
 
Demokratik.Az
Oxşar xəbərlər