Fərəc Quliyev təltif olundu - Zakir Həsənova TƏŞƏKKÜR yazdı

  • 14 noy 2018, 15:43
Fərəc Quliyev təltif olunduğu üçün müdafiə nazirinə təşəkkür məktubu ünvanlayıb.
Müdafiə naziri Zakir Həsənovun əmri əsasında Milli Məclisin bir sıra deputatı ordu quruculuğu sahəsindəki fəaliyyətinə görə "Azərbaycan Ordusunun 100 illiyi (1918-2018)” Azərbaycan Respublikasının yubiley medalı ilə təltif olunub.
Təltif olunanlar arasında millət vəkili, Milli Məclisin Müdafiə, təhlükəsizlik və korrupsiya ilə mübarizə komitəsinin üzvü, Milli Dirçəliş Hərəkatı Partiyasının sədri, keçmiş döyüşçü Fərəc Quliyev də olub. 1991-ci ildə Azərbaycanın ilk hərbi birləşmələrinin yaradıcılarından olan Fərəc Quliyev bu təltiflə bağlı müdafiə nazirinə təşəkkür məktubu ünvanlayıb. Məktubda bildirilir:
"Hörmətli Zakir müəllim,
100 illik yubleyini qeyd etdiyimiz Azərbaycan Ordusu 1918-ci ildə müharibə şəraitində yaranmasına baxmayaraq, qısa zamanda sərhədləri elan olunmuş dövlətin ərazisinin böyük bir hissəsini azad edə bilmişdir. Bu tarixə qızıl həriflərlə yazılmış bir hadisədir.
1991-ci ildə Azərbaycan ordusu yenidən formalaşanda da yenə ağır müharibə şərtləri altında yarandı və ciddi uğurlar əldə etdi. O dönəmdə həm ölkəmizə təsir imkanları olan xarici güclərin həm də o vaxtkı hakimiyyətin hər cür maneçiliklərinə baxmayaraq, xalq öz ordusunu yenidən formalaşdıra bildi. Hədsiz çətinliklərə baxmayaraq qurulan ordumuzun yaranmasında iştirakımı həyatımın ən mənalı məqamlarından biri hesab edirəm. 
Bu gün ordumuzun Cənub Qafqazda ən güclü ordu olması, dünyada mövqeyinin olması, əldə etdiyi uğurlar və torpaqlarımızı azad etmə gücünə sahib olması bizim ən böyük qürur mənbələrimizdən biridir. 
Ordumuzun bu gücə sahib olmasında və xalq ilə ordu arasında birliyin daha da möhkəmlənməsi istiqamətində Sizin də böyük töhvələriniz oldu. Eyni zamanda ordu quruculuğu sahəsində xidmətləri olanları diqqətdə saxlayıb, onların Müdafiə Nazirliyi adından təltif edilməsi təşəbbüsünüz də bu töhvələrə aid olan bir məqamdır. 
Mən də Müdafiə Nazirliyi adından "Azərbaycan Ordusunun 100 illiyi (1918-2018)” Azərbaycan Respublikasının yubiley medalı ilə təltif olunmağımı böyük qürur hissi ilə qarşıladım və bunu böyük dəyər olaraq qəbul etdim. Bu təltif mənim üçün xüsusi əhəmiyyətə malikdir. Həm buna, həm də ordu quruculuğundakı bütün xidmətlərinizə görə Sizə dərin təşəkkürümü bildirir, fəaliyyətinizdə uğurlar arzulayıram.
Müdafiə naziri kimi Sizin fəaliyyətinizdəki hər bir uğurunuz Azərbaycanın güclənməsində bir addımdır.
Dərin hörmətlə!”

Milli Dirçəliş Hərəkatı Partiyası
Mətbuat Xidməti
Oxşar xəbərlər