SAZ, SÖZ BİR DƏ QILINC - Mərhum baş redaktorun hikməti ilə... /XATIRLATMA/

  • 10 noy 2018, 19:19

"Demokratik.Az" saytının rəhbəri Osman Nərimanoğlu illərlə əməkdaşlıq etdiyi "Proqnoz" qəzetinin mərhum baş redaktoru Süleyman Osmanoğlu Yılmazı xatırlayıb. Jurnalist özünün facebook səhifəsində aşağıdakı sətirləri yazıb:       

"Dəyərli DOSTLAR VƏ MEDİA MƏNSUBLARI!

İllər öncəsində "PROQNOZ" qəzetinin mərhum baş redaktoru Süleyman Osmanoğlu redaksiyada mənə belə bir xitab etmişdi: -"Dədə, (adıma görə, məni əzizləyərək belə çağırırdı- O.N) divardan asılan bu köhnə sazı görürsənmi? Bu, istənilən məqsədlə redaksiyamıza təşrif buyuranlara qonaqpərvərliyimiz - barışımız üçündür. Öncə, çalıb-oxuyuruq, xoşgəldin edirik. Kimsənin qəlbinə dəyməməyə çalışırıq...

Bax, bu da dünyanın ən qiymətli kitabı - allahın sözləri yazılan müqəddəs QURANDIR...

Əlimdəki qələmim isə, mənim sözümü, fikirlərimi kağıza köçürməyimə bir vasitədir"... 
Mərhum baş redaktorun dediklərini anlamağa çalışırdım ki;
"Dədə, bəs bu söz dünyamızda (REDAKSİYAMIZDA - O.N) divardan asdığım misri qılıncın nə işi var, bilirsənmi?.." sualı məni təəccüb içinə atmışdı... 
Cavabı belə olmuşdu: "Heç vaxt unutma, o saz da, Quran da, bizim qələmdən süzülən yazılar da SÖZdən ruhlanır, qanadlanır və birbaşa ruhumuza təsir edir. Ən kəsərli qılıncla cismimizdən qanlar axıtmaq olar, amma SÖZ ruhun özünü məhv edə bilən daha güclü silahdır ". 
Sonralar rəhmətlik Süleyman Osmanoğlunun nə demək istədiyini daha yaxşı anlayırdım. Demək ki, sözdən anlayanlar qılıncı, qılıncdan istifadəyə meyl edənlər isə sözü ikilikdə anlamazlar. 
Nə yazıq ki, bu gün media cameəsinə zorla yamaq olan bəziləri sözdən qeyri-peşəkarcasına şəxsiyyət əlehinə bir qılınc kimi istifadə edirlər. Amma, hədəflərindən daha çox özlərini al-qana qərq etdiklərini, rəzil olduqlarını görüb, anlaya bilmirlər. 

SÖZ bumeranq kimidir, əyri-dəli atanların, düşünməyi bacarmayıb yazmağa çalışan naşıların mütləq özlərinə qayıdacaq. Bu, tanrının bir hikməti, qanunauyğunluğudur... 
Mediada mənəviyyatını itirənlər, öz ruhlarını heç edənlər ələ aldıqları qələmi savadsızca şərə təslim edənlərdir. Belələrində nə publisistika, nə əxlaq, nə də sözə hörmət olmaz. 
Mənə bu VACİB hikməti başa salan mərhum BAŞ REDAKTORUM - DƏYƏRLİ SÖZ USTADIM Süleyman Osmanoğlu YılmazIN RUHUNA ehtiramımı ifadə edirəm, onun üçün bu gün də Allahın RƏHMƏT və MƏRHƏMƏTİNİ diləyirəm. Tanrının ən xoş mərhəməti sizinlə olsun, Süleyman müəllim!!!

SÖZÜN ƏSL HİKMƏTİNİ ANLAMAYAN ANLAQSIZ KƏSLƏRİ İSƏ, BURAXIN, YENƏ SÖZ KƏSSİN!.."

Osman Nərimanoğlu     

Demokratik.Az                   

Oxşar xəbərlər