Prezident İlham Əliyev 15-ci ASAN-ın açılışını etdi

  • 30 okt 2018, 09:12

Dövlət başçısının region səfərləri davam edir; Qax və Şəkidə bir sıra obyektlər istifadəyə verildi

Prezident İlham Əliyevin region səfərləri davam edir. Şimal və cənub bölgələrinə edilən səfərlərdən sonra prezident bu dəfə şimal-qərb bölgəsinə gedib. Bütün region səfərləri kimi, bu səfər də müxtəlif istehsal obyektlərinin, yolların, binaların açılışı ilə müşayiət olunur.

Belə ki, oktyabrın 28-də prezident və birinci xanım Mehriban Əliyeva Kənd Təsərrüfatı Nazirliyinin yenidən qurulan Qax Damazlıq İpəkçilik Stansiyasının açılışında iştirak ediblər. Kənd təsərrüfatı naziri İnam Kərimovun verdiyi məlumatdan aydın olub ki, Qax Damazlıq İpəkçilik Stansiyasının əsası 1973-cü ildə qoyulub. Maliyyə çətinliyi səbəbindən stansiya 1998-ci ildən fəaliyyətini dayandırıb. Nazirlər Kabinetinin 2015-ci ildə qəbul etdiyi qərarla stansiya Kənd Təsərrüfatı Nazirliyinin tabeliyindəki qurumların siyahısına daxil edilib. Prezident İlham Əliyevin ötən il imzaladığı "Azərbaycan Respublikasında ipəkçiliyin maddi-texniki bazasının yaxşılaşdırılması ilə bağlı əlavə tədbirlər haqqında” sərəncama uyğun olaraq, Qax Damazlıq İpəkçilik Stansiyasının bərpası, əlavə istehsal sahələrinin yaradılması və müasir avadanlıqla təchiz olunması məqsədilə Prezidentin ehtiyat fondundan Kənd Təsərrüfatı Nazirliyinə 4,5 milyon manat vəsait ayrılıb. Ötən ildən başlayaraq stansiyada əsaslı yenidənqurma işləri həyata keçirilib.

Stansiyada hər il 2 min ton yaş barama istehsalını təmin edəcək 4 min qutu hibrid ipəkqurdu toxumunun, eyni zamanda, 4 kiloqram superelit və 50 kiloqram elit sinfinə aid ipəkqurdu toxumlarının istehsalı planlaşdırılır. Hazırda stansiyada 11 nəfər daimi işlə təmin edilib. Müəssisə tam işə düşdükdən sonra burada 59 nəfər daimi, 150 nəfər isə mövsümi işlərlə təmin olunacaq.

Dövlət başçısı və birinci xanıma stansiyadakı "Ağıllı Kənd” - "Dövlət Kənd İnkişafı layihəsi” barədə də məlumat verilib.

Prezident və birinci xanım Qax şəhərində "Ulu Yurd” Məhdud Məsuliyyətli Cəmiyyətinin "Yurd Hotel” mehmanxanasının açılışında da iştirak ediblər.

"Ulu Yurd” MMC-nin rəhbəri Cuma Əhmədzadənin verdiyi məlumata görə, mehmanxananın inşasına 2017-ci ilin sentyabrında başlanılıb, bu ilin sentyabrında başa çatdırılıb. Qax şəhərindən 8,5 kilometr məsafədə yerləşən mehmanxana, İlisu kəndində ümumi sahəsi 3,3 hektar olan "Yaşıl Park” istirahət mərkəzinin ərazisində inşa edilib. Yüz yerlik, üçmərtəbəli mehmanxana binasında müxtəlif kateqoriyalara uyğun 48 otaq var. Otaqlardan 45-i standart, 3-ü ailəvidir. Burada eyni zamanda VIP kottec də yaradılıb.

"Yurd Hotel” mehmanxanasında 15 nəfərin daimi işlə təmin olunması nəzərdə tutulub.

Dünən prezident və xanımı Şəki-Kiş avtomobil yolunun açılışını ediblər. Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin İdarə Heyətinin sədri Saleh Məmmədov bildirib ki, uzunluğu 7,2 kilometr olan Şəki-Kiş avtomobil yolu uzun müddət təmir olunmadığı üçün hərəkət hissəsi sıradan çıxıbmış. On yeddi min nəfər əhalinin yaşadığı iki yaşayış məntəqəsini birləşdirən Şəki-Kiş avtomobil yolunun yenidən qurulması Azərbaycan prezidentinin sərəncamına əsasən həyata keçirilib. Görülən işlər nəticəsində yol iki hərəkət zolaqlı olmaqla 4-cü texniki dərəcəyə uyğun yenidən qurulub. Bundan əlavə, Kiş çayı üzərində körpünün bərpası işləri də aparılıb. Yeni inşa edilən körpünün uzunluğu 88,2 metr, hərəkət hissəsinin eni 8 metrdir. Körpünün hər iki tərəfində eni 1,5 metr olan piyada səkiləri də yaradılıb. Çayda sel suları nəzərə alınaraq körpünün təhlükəsizliyini təmin etmək üçün qabaqlayıcı və profilaktik tədbirlər həyata keçirilib.

Xatırladaq ki, 2016-cı ilin iyulunda yağan leysan nəticəsində sel suları həmin körpünü uçurmuş, Kiş kəndinin rayon mərkəzi ilə avtonəqliyyat əlaqəsi kəsilmişdi. Selin yol infrastrukturuna vurduğu ciddi ziyanın aradan qaldırılması və 7 min nəfər əhalinin yaşadığı Kiş kəndini ətraf yaşayış məntəqələri ilə birləşdirən yeganə körpünün bərpası üçün prezident tərəfindən 2016-cı il avqustun 16-da müvafiq sərəncam imzalanmışdı.

Dünən prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyeva Şəki "ASAN Həyat” kompleksinin açılışında da iştirak ediblər.

Azərbaycan Respublikası Prezidentinin hüquq-mühafizə orqanları ilə iş və hərbi məsələlər üzrə köməkçisi-şöbə müdiri Fuad Ələsgərov və Prezident yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin sədri Ülvi Mehdiyev kompleks barədə dövlət başçısına və birinci xanıma məlumat veriblər. Bildirilib ki, bu kompleks sayca 15-ci ASAN mərkəzidir. Kompleksin tikintisinə 2017-ci ildə başlanılıb, bu ilin oktyabrında başa çatdırılıb.

Kompleks Şəki, Qax, Zaqatala, Balakən və Oğuz rayonlarında qeydiyyatda olan ümumilikdə 510 mindən çox vətəndaşa xidmət göstərəcək. Şəki "ASAN Həyat” kompleksində 11 dövlət orqanı - Ədliyyə, Daxili İşlər, Vergilər, İqtisadiyyat, Əmək və Əhalinin Sosial Müdafiəsi nazirlikləri, Əmlak Məsələləri Dövlət Komitəsi, Dövlət Gömrük Komitəsi, Dövlət Miqrasiya Xidməti, Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti, Milli Arxiv İdarəsi və Qida Təhlükəsizliyi Agentliyi, həmçinin özəl şirkət və müəssisələr tərəfindən ümumilikdə 300-dən çox xidmət həyata keçiriləcək. Kompleksdə çalışacaq əməkdaşların sayı 190, könüllülərin sayı isə 50 nəfərdir.

Kompleksdə kommunal xidmətlərin göstərilməsi üçün ayrıca bölmə var. Həmçinin burada "Azərişıq” ASC, "Azərsu” ASC və "Azəriqaz” İB tərəfindən xidmətlər təqdim olunacaq.

Prezidentə verilən məlumata görə, regionlarda 10 səyyar "ASAN xidmət” avtobusu və səyyar "ASAN qatar” vasitəsilə vətəndaşlara xidmətlərin göstərilməsi davam etdirilir. 2013-cü ilin iyunundan etibarən təqribən 1 milyon 500 mindən çox vətəndaşa səyyar formada xidmət göstərilib.

Şəkidə prezidentin iştirakı ilə şəhər qarışıq tipli uşaq evinin yeni binasının da açılışı keçirilib. Uşaq evinin əvvəlki binası 1897-ci ildə şəkili tacir Hacı Zülqədər Zülfüqarov tərəfindən şəxsi yaşayış evi kimi inşa olunub və 1930-cu ilədək bu məqsədlə istifadə edilib. 1930-cu ildən həmin binada Şəki şəhər qarışıq tipli uşaq evi fəaliyyət göstərirdi. 2017-ci ildə Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyevanın tapşırığına əsasən yeni binanın inşasına başlanılıb. Şəki şəhərində uşaq evinin binası üçün ayrılan bir hektar ərazidə ümumi sahəsi 2 min kvadratmetrdən çox olan ikimərtəbəli bina inşa edilib.

Uşaq evi bütün yaş qrupları üzrə 80 yerlikdir. Şəki rayonu ilə yanaşı, ətraf bölgələri də əhatə edən uşaq evində hazırda valideyn himayəsindən məhrum olan 3 yaşdan 20 yaşadək 60 nəfər məskunlaşıb. 

Oktyabrın 29-da prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyeva Şəkiyə səfərləri çərçivəsində "ABAD” Keramika və Tətbiqi Sənət Mərkəzinin açılışında da iştirak ediblər.

Qeyd edək ki, "ASAN xidmət”in tabeliyində olan "ABAD” - Ailə Biznesinə Asan Dəstək publik hüquqi şəxs prezident İlham Əliyevin 2016-cı ildə imzaladığı fərmana əsasən yaradılıb. "ABAD” öz fəaliyyətini regional mərkəzlər vasitəsilə qurur. Masallı, Balakən, Quba rayonlarında artıq belə mərkəzlər fəaliyyətə başlayıb.

F.Ələsgərov və Ü.Mehdiyevin verdiyi məlumata görə, "ABAD” publik hüquqi şəxsin Şəki Keramika və Tətbiqi Sənət Mərkəzinin binası XIX əsrin axırlarında tikilib və müəyyən dönəmdə kazarma kimi istifadə olunub. Baxımsız və qəzalı şəraitdə olan həmin bina "Paşa Holdinq”in dəstəyi ilə yenidən qurulub. Mərkəz müasir avadanlıqla təchiz edilib.

Prezident İlham Əliyev və Mehriban Əliyeva Şəkidə Bayraq Muzeyinin açılışında da iştirak ediblər.

İqtisadiyyat şöbəsi,

Oxşar xəbərlər