Meliorasiya və Su Təsərrüfatı ASC-nin 80 milyonluq layihəsi su verir

  • 16 okt 2018, 08:54

Tovuz sakinlərinin su problemi həll olunmadı; "Su vurulur, kəmər hər dəfə bir yerindən partlayır”

Bir müddət əvvəl "Yeni Müsavat” qəzetində Tovuz rayonunda istifadəyə verilmiş Tovuzçay su anbarının əhalinin gözləntilərini doğrultmadığına dair material dərc etmişdik. Rayonun Yuxarı Öysüzlü kənd sakinlərinin şikayəti əsasında dərc olunmuş yazıda yerli əhalinin dəryaça hesabına su ilə təminatına dair vədlərin reallaşmadığı, onlarla təsərrüfatın susuzluqdan əziyyət çəkdiyi qeyd olunurdu.

Materialda qeyd etdiyimiz problemə qısa müddətdə Meliorasiya və Su Təsərrüfatı ASC-dən reaksiya verildi. ASC sədrinin birinci müavini Məmməd Sadıq Quliyevin redaksiyamıza göndərdiyi cavab məktubunda qeyd olunurdu ki, materialda əksini tapan məsələlər yerində araşdırılıb: "Tovuz rayonunun relyefcə yüksəkdə yerləşən Aşağı və Yuxarı Öysüzlü təsərrüfatlarının 1660 ha, o cümlədən 300 ha yeni suvarılan torpaq sahələrini Tovuzçay su anbarından suvarma suyu ilə təmin etmək məqsədilə su anbarının aşağı byefində 6 aqreqatlı nasos stansiyasının, basqılı boru kəmərlərinin tikintisi və təmir-bərpası, basqılı hovuzun və 2-ci pillə nasos stansiyasının tikintisi, mövcud suvarma kanallarının təmir-bərpası işləri davam etdirilir. Tovuz rayonunun Aşağı və Yuxarı Öysüzlü kəndlərinə xidmət edəcək II pillə nasos stansiyası hazırda istismara təhvil verilməyib. Buna baxmayaraq, Aşağı və Yuxarı Öysüzlü kəndlərinin əkin sahələrinin suvarma suyu ilə təmin edilməsi məqsədilə inşa edilmiş I və II pillə nasos stansiyalarının istismarını yerində yoxlamaq məqsədilə Tovuz Rayon İcra Hakimiyyəti başçısının Yuxarı Öysüzlü İnzibati Ərazi Dairəsi üzrə nümayəndəsinin, bələdiyyə sədrinin və kənd sakinlərinin iştirakları ilə I pillə nasos stansiyası işə salınıb, vurulan su itkisiz olaraq II pillə nasos stansiyasına çatdırılıb və o işə salınaraq nəql olunan su Aşağı və Yuxarı Öysüzlü kəndlərinin əkin sahələrinə verilib. Hazırda sınaq yoxlamaları davam etdirilir və onların qısa müddətdə başa çatdırılaraq II pillə nasos stansiyasının istismara verilməsi məqsədilə podratçı təşkilata müvafiq tapşırıqlar verilib. Yaxın zamanlarda nasos stansiyası tam olaraq istismara veriləcəkdir”.

Bu günlərdə Yuxarı Öysüzlü kəndindən aldığımız məlumata görə, ASC-nin yerli qurumlarının 2-ci pillə nasos stansiyasını istismara verməsi hələ də mümkün olmayıb. Belə ki, nasosların vurduğu suyun təzyiqi kəndə çəkilmiş kəmərin müxtəlif yerlərində sızmalara səbəb olur. Son bir neçə həftədə 2-3 dəfə kəmərə su vurulub, hamısında da sızmalar baş verdiyi üçün dayandırılıb. Kənd sakinləri bildirirlər ki, sızmalar əsasən boruların bir-birinə qaynaq edildiyi yerlərdə qeydə alınır: "Belə böyük həcmli boruları bir-birinə çox keyfiyyətsiz qaynaq ediblər. Nəticədə təzyiqlə vurulan su qaynaq yerlərini partladır”.

Məsələ ilə bağlı "Yeni Müsavat”ın suallarını cavablandıran Meliorasiya və Su Təsərrüfatı ASC-nin aparat rəhbəri Cahan Məmmədov məsələnin qurumun rəhbərinin nəzarətində olduğunu dedi: "Bu istiqamətdə işlər aparılır, məsələ şəxsən sədrin nəzarətindədir. İnşallah, tezliklə məsələ yoluna qoyulacaq”.

Oxşar xəbərlər