BU GÜN AŞURADIR - ZİYARƏTGAHLARDA CANLANMA VAR

  • 20 sen 2018, 08:09
Bugün sentyabrın 20-də bütün müsəlman dünyasında İmam Hüseyn və tərəfdarlarının şəhid olduğu gün - Aşura günü qeyd olunur. Artıq gecədən dini ziyarətgahlara insan axını başlayıb...

          Demokratik.Az məlumat üçün xatırladır ki, Aşura - hicri təqviminin ilk ayı olan məhərrəm ayının 10-cu günüdür. Sözün ərəb dilindən tərcüməsi də "onuncu gün” deməkdir. Hicri təqvimi ilə 61-ci ilin həmin günündə, miladi təqvimi ilə isə 680-ci ilin oktyabrında Həzrət Məhəmməd Peyğəmbərin (s) əziz nəvəsi İmam Hüseyn (ə) öz yaxın qohumları və silahdaşları ilə Kərbəla səhrasında faciəli surətdə qətlə yetirilib. 

Kərbəla faciəsinin tarixinə görə, İmam Hüseyn (ə) və tərəfdarlarının qeyri-bərabər döyüşdə vuruşaraq şəhid olduğunu bildirilir: "680-ci ildə xəlifə taxtına atasından sonra oturmuş Yezid ibn Muaviyəyə beyət (hakimiyyətini tanımaq) etməyən İmam Hüseyn (ə) və yaxın tərəfdarları Məkkədə sui-qəsd təhlükəsindən sonra İraqa yola düşür. Kufə şəhərinə gedərkən Kərbəla adlı ərazidə xəlifənin və Kufə valisinin göndərdiyi ordu qarşısını kəsir. Ordu komandanı Ömər ibn Səid təklif edir ki, xəlifənin hakimiyyətini qəbul eləməlidir. İmam Hüseyn (ə) bundan imtina etdiyi üçün mühasirəyə alınır və çayın yolu kəsilərək susuz saxlanılır.  Ancaq İmam Hüseyn beyət etmir. Məhərrəm ayının 10-da xəlifənin ordusu hücum edərək İmam Hüseyn (ə)-i və tərəfdarlarını qətlə yetirirlər. İmam  və tərəfdarları Yezid ordusu ilə qəhrəmancasına döyüşüb  həlak olur. Ailəsini isə əsir alaraq Dəməşqə, xəlifənin sarayına aparırlar.  Bu hadisə İslam aləmində çox böyük kədərə səbəb olur. Peyğəmbərin nəvəsinin öldürülməsi, ailəsinin əsir alınması, başının kəsilib xəlifəyə göndərilməsi narazılıq yaradır. 

Səhabələr Kərbəlaya gedərək İmam Hüseynə yas tuturlar. Sonrakı illərdə də müsəlmanlar İmam Hüseynə yas tutur, hər il Kərbəlaya gedərək matəm saxlayırlar. Əsrlər boyudur bu matəm ənənəyə çevrilib, hər il hicri qəməri təqvimi ilə insanlar Aşura günü əza saxlayırlar, İmam Hüseynin qeyri-bərabər döyüşdə qəhrəmancasına qətl edilməsini yad edirlər. Həmin gün əza saxlayıb İmam Hüseyni (ə) yad etmək savabdır". 

Qeyd edək ki, dini ədəbiyyatda Aşuraya keçən gecəni oyaq qalıb əhya saxlamaq tövsiyə edilir. İnsan bu gecə öz evində və ya öz şəhərindəki məsciddə də oyaq qalsa, savab sahibi olar. Aşura gecəsində çox namaz qılmaq, dua etmək, Aşura şəhidlərinin müsibətini yada salmaq, xüsusilə həmin gecə Kərbəlada susuz qalmış Əhli-beyt körpələrinin və qadınlarının vəziyyətini xatırlamaq, öz günahlarının bağışlanması üçün Allaha yalvarmaq savabdır. Aşura günündə möminlər yaxşı olar ki, Kərbəla faciəsini bir an da olsa unutmasınlar, kədər içində olsunlar, şadlanmağı özlərinə rəva bilməsinlər. Aşura gününü mütləq məsciddə keçirmək lazım deyil. İnsan öz evində də bu günü qeyd edə bilər. Amma Aşura günündə məscidlərdə, ziyarətgahlarda qurulan əza məclislərində iştirak etməyin savabı daha böyükdür. 

Bir şərtlə ki, həmin yerlərdə qurulan məclislər mövhumatdan və xurafatdan uzaq şəkildə, əsl İmam Hüseynə (ə) və Aşura şəhidlərinə layiq formada keçirilsin. Aşura gününün qeyd edilməsində əsas məqsəd insanları ağlatmaq deyil. Ağlamaq da haqqa bağlılığın və məzlumlarla həmrəyliyin bir növüdür, zülmə qarşı etiraz formasıdır. Bu məclislərə toplaşıb Aşura hadisəsini yad edən, şəhidlərə mərsiyə deyib ağlayan adamlar İmam Hüseynin (ə) hansı məqsədlər uğrunda mübarizə apardığını öyrənir, onunla düşmənçilik edən qüvvələri tanıyırdılar. Kərbəla səhrasında baş vermiş rəngarəng hadisələrin təsvirini eşidir, şəhidlərin mübarizlik məktəbindən dərs alırdılar. Həzrət Məhəmməd Peyğəmbər (s) öz sağlığında İmam Hüseynin (ə) gələcək şəhadətini dəfələrlə xəbər vermişdi. Bu hədislərin bir qismində Kərbəla faciəsinin sonrakı nəsillərə də böyük ideoloji və əxlaqi təsir göstərəcəyi bildirilir. Hədislərin birində deyilir ki, Peyğəmbər buyurub: "Hüseynin qətli möminlərin qəlbində heç vaxt sönməyəcək bir hərarət yaradar”.

Hər il olduğu kimi, bu il də Azərbaycanın bütün məscidlərində, dini ziyarətgahlarda Aşura mərasimləri keçiriləcək. Hər il olduğu kimi, bu gün də savab olan əməllərdən biri kimi inanclı insanların qanvermə aksiyasının keçiriləcəyi gözlənilir. Qeyd edək ki, tədarük olunan qan və qandan hazırlanan preparatlardan isə hemofiliya və talassemiyalı, həmçinin qana ehtiyacı olan digər xəstələrin müalicəsində istifadə olunacaq.

Həmçinin Bakıda və xüsusilə Gəncə şəhərlərində Aşura mərasimləri ilə əlaqədar insanların kütləvi iştirakını nəzərə alaraq təhlükəsizlik tədbirləri də gücləndirilib. Aidiyyəti dövlət qurumları bunun üçün zəruri prafilaktik işlər həyata keçirib.

Bu il də Aşura günü ilə əlaqədar ictimai asayişin qorunması məqsədilə polis qüvvələri gücləndirilmiş iş rejiminə keçib.
Aşura günündə ictimai asayişin lazımi şəkildə təmin ediləcəyi, dini ayinlərin sərbəst və problemsiz keçiriləcəyi gözlənilir.

Aşura günü bütün tədbirlərin məscidlərdə keçirilməsi, dini xarakterli bütün ayinlərin məsciddə və yaxud məscidin həyətində, o cümlədən dini atributlar, dini xarakterli bu və ya digər bayraqlar məscidin içərisində istifadəsinə lazımi şərait artıq yaradılıb. Dini ayinlərin icrası zamanı hər kəs qanuna əməl etməlidir.
 
Allah bütün möminlərin ziyarət və ibadətlərini, İmam Hüseynə olan dualarını qəbul etsin - İN-ŞƏ-ALLAH!
Demokratik.Az
Oxşar xəbərlər