Azad seks

  • 19 sen 2018, 08:34

«Azad seksdən çox danışırsınız, seksual azadlığı təbliğ edirsiniz...», «üç-beş tərbiyəsiz yazar, səhər-axşam azad seksi tərənnüm edir» - illərlə haqqımızda bu yalanı dedilər, axırı nə oldu? İndi ölkədə (küçədə-bacada, televizorda) seks nədir, azərbaycanlılara əsl pornoqrafiya göstərirlər. Duydum ki, hər yaşdan fahişələr, artıq şəhərin göbəyində, Torqovıda özlərini ərəblərə bazarlayır. Mən gedəndə, Bakı belə deyildi. Azərbaycanda «seksdən yazan» adam qalmayıb, hamısı mühacirətdədir. Bəs siz niyə bizsiz bu günlərə qaldınız?

«Azad seks» imiş. Kollektiv şüursuz psixozun doğurduğu bu əcaib söz birləşməsi, nəyi ifadə edir ki? Azərbaycanlıların əksəriyyəti, «azad seks» deyənlərin isə tamamı - savadsız olduğundan (əlifba bilmək savad deyil), heç özləri də bilmirlər ki, «məsuliyyətsiz cinsi əlaqə» demək istəyirlər. Mənə belə gəlir. 

Neçə dəfə konkret soruşmuşam: «Məni «azad seks»dən yazmaqda ittiham edirsən. Demək istəyirsən mən məsuliyyətsiz cinsi əlaqəni təbliğ edirəm? Yoxsa nəsə başqa bir dərdin var?» Gözlərini döyür, nəsə mırıldanırdılar. Onda bildim ki, vəziyyət biz düşündüyümüzdən də ağırdır – bunlar nə demək istədiklərini, heç özləri bilmirlər, biləndə də dilə gətirə bilmirlər. 

«Azad seksin» antonimi «azad olmayan seks»dirsə, deməli burada söhbət zorakılıqdan gedir ki, bu da artıq cinayət məcəlləsi sferasına aid məsələdir. «Siz azad seksi təbliğ edirsiniz» deyənlər, buradakı paradoksu görmürlərmi? Bəs siz nəyi təbliğ edirsiniz? Zorlamanı?

Yaxşı, tutaq ki, biz kömək etdik və onlar, demək istəyib deyə bilmədiklərini dedilər. Bu dəfə də suallar azalmaq əvəzinə, daha da artır. Birincisi, məsuliyyətsiz seksi təbliğ etdiyimizi iddia edənlər, buna dair bircə dəlil gətirmirlər. Harda və hansı formada müəllif «məsuliyyətsiz seks»ə çağırış və kiminlə gəldi, harda gəldi cinsi əlaqəyə girməyi təşviq edib? Yoxsa qoruyucu vasitələri pisləyib, venerik xəstəliklərin faydasından ağızdolusu danışıb? 

Əslində, «azad seks»i yalnız və yalnız «məsuliyyətli seks» mənasında işlətmək olar, çünki tərkibində «azad» sözü var, azadlığın olduğu yerdə isə məsuliyyət var. Məsuliyyətsiz azadlıq olmur. Deməli «azad seks» pis yox, yaxşı seksdir. 

«Azad seks», yəni seksual tərbiyə, məsuliyyət olan yerdə QİÇS olmur, fahişəlik baş alıb getmir, gizli və aşkar çəkilmiş pornolar telefondan telefona paylaşılmır, bu qədər zorlama hadisəsi olmur, çalmalı və çalmasız pedofillər meydan sulamır. Bunlar ona görə olur ki, nə azadlıq var, nə də məsuliyyət. Bu azadlığı isə hökumət və prezident vermir. O sizdə ya var, ya da yoxdur.

Nədir məsuliyyət? Öz şəxsi həyatını və yatağını müəyyən bir əxlaq normaları çərçivəsində saxlaya bilməkdir. Bunun əksini edən, yatağını və əlaqələrini «səliqəsiz» saxlayan, bu işləri ilə tanınan adam, mənəvi sağlam adam ola bilməz. Bu sözlərim relikt kimi səslənə bilər, amma mən bu yaşıma çatdım görmədim ki, fikri-zikri alətində olanlar içindən bir sanballı, bütöv adam çıxsın. Belə şey olmur. 

Əgər bir insanın daxili senzi (əxlaqçılıq, spekulyasiya vasitəsi kimi yox, həqiqi mənada, privat sferasına aid senzi) yoxdursa – o adamdan heç bir işdə fayda gəlməz. Bəkarət – seksual sferaya aid söz deyil. Bəkarət - özünə qarşı ciddi münasibət, hörmətdir. Bəkarət o vaxt itirilir ki, daxili senzin yox olur, özünə hörmətin qalmır. İnsan öz bədəni ilə istədiyi kimi rəftar edə, öz seksual partnyorunu azad seçə bilər. Heç kəs heç kəsin ağası, əfəndisi deyil. 

Amma azadlığı fahişəliklə qarışdırmamaq şərti ilə...

Oxşar xəbərlər