18 sentyabr – Milli Musiqi Günüdür

  • 18 sen 2018, 10:43

18 sentyabr – dahi Azərbaycan bəstəkarı Üzeyir Hacıbəylinin dünyaya göz açdığı gün Azərbaycanda Milli Musiqi Günü kimi qeyd olunur.

Böyük bəstəkarın ad gününün bayram kimi qeyd edilməsi ənənəsinin əsasını maestro Niyazi qoymuşdur. Görkəmli bəstəkar və dirijor Niyazi Üzeyir bəyin vəfatından sonra hər il bu günü qeyd edərmiş. Maestro Niyazinin təşəbbüsü ilə XX əsrdə hər il sentyabrın 18-i böyük bəstəkarımız Üzeyir bəy Hacıbəylinin anadan olduğu gün respublikamızda xüsusi təntənə və mərasimlərlə qeyd edilirdi.

Mədəniyyət ocaqlarında, musiqi məktəblərində, xüsusilə konservatoriyamızın – indiki Musiqi Akademiyasının qarşısında Üzeyir Hacıbəylinin şərəfinə onun ölməz əsərlərindən fraqmentlər səsləndirilərdi. Ötən əsrin 90-cı illərinin əvvəllərində Azərbaycanda, xüsusilə də Bakıda yaşanan siyasi böhranla əlaqədar bu ənənə bir müddət unuduldu.

Böyük bəstəkarın özfəaliyyət səviyyəsində xatırlanması həqiqətən narahatlıq doğururdu. Mədəniyyətimizin böyük hamisi, ümummilli lider Heydər Əliyev məhz bu günü də unutmadı. Unudulmaz Niyazinin təşəbbüsü ilə keçirilən Üzeyir Musiqi Günü 1995-ci ildə dövlət statusu aldı. Ulu öndərin sərəncamı ilə hər il 18 sentyabr – "Üzeyir Musiqi Günü” kimi qeyd olunmağa başlandı. Bu nəcib qərar bütün insanların, xüsusilə də musiqisevərlərin ürəyincə oldu.

Bu gün Azərbaycan musiqisi əsl çiçəklənmə dövrünü yaşayır. Ölkəmizdə davamlı olaraq keçirilən beynəlxalq musiqi festivalları, müxtəlif müsabiqələr bütövlükdə, Azərbaycan mədəniyyətinin, Azərbaycan musiqisinin daha geniş miqyasda təbliğinə xidmət edir. Dünya musiqi xəzinəsinə parlaq incilər bəxş edən Üzeyir Hacıbəyli Azərbaycanda peşəkar musiqinin banisidir, bəstəkarlıq məktəbinin, musiqili komediya janrının yaradıcısıdır, Şərqdə operanın, operettanın əsasını qoyub, dövlət xorunu, simfonik orkestri yaradıb, dünya musiqi xəzinəsini ölümsüz əsərləri ilə zənginləşdirib.

Üzeyir Hacıbəylinin ədəbi irsi çox zəngin və qiymətlidir. Bütün ömrü boyu Azərbaycan mədəniyyətinə, musiqisinə xidmət edən bu unudulmaz şəxsiyyət 300-dən çox xalq mahnısını nota salmış, marş, kontata, fantaziya, mahnı və romanslar, kamera və xor əsərlərini yazmışdır. Maraqlıdır ki, həm Azərbaycan Xalq Cümhuriyyətinin, həm də sovet Azərbaycanının himnləri dahi sənətkara məxsus olmuşdur. Sevinirik ki, müstəqilliyimizi qazandıqdan sonra millətimizə azadlıq şərafəti çatdıran o ilk himni biz bu gün də məhəbbətlə səsləndiririk. Bu gün Azərbaycan bayrağı məhz həmin himnin sədaları altında dünyanın ən mötəbər salonlarında ucalır, səhərlərimiz, həmçinin bütün tədbirlərimiz bu himnin sədaları ilə başlayır.

Üzeyir Hacıbəyli yaradıcılığının kulminasiya mərhələsi "Koroğlu” operası ilə başladı. "Koroğlu” təkcə Azərbaycan mədəniyyətində deyil, dünya operalarının sırasında əzəmətlə dayanan parlaq nümunələrdən birinə çevrildi.

Üzeyir Hacıbəyli təkcə musiqi bəstələmirdi, həm də xalq musiqisinin nəzəri əsaslarını gələcək nəslə çatdırmaq üçün müxtəlif vəsaitlər hazırlayırdı. Onun 1945-ci ildə nəşr edilmiş "Azərbaycan xalq musiqisinin əsasları” adlı elmi əsəri Üzeyir Hacıbəylinin musiqişünas-alim kimi mükəmməl fəaliyyətinin yadigarı olaraq bu gün də musiqi dərsliyi kimi istifadə edilir.

Üzeyir musiqisinin bənzərsizliyindən və ölümsüzlüyündən, xalqın, dövlətin isə qədirbilənliyindəndir ki, hər il sentyabrın 18-də keçirilən Üzeyir Musiqi Günləri ənənə halını alıb. Həmin gün ölkəmizin hər yerində bu münasibətlə müxtəlif tədbirlər keçirilir, bu tədbirlərə dünyanın məşhur sənət adamları qatılır. Ənənəyə uyğun olaraq, bu ildə sentyabrın 18-dən 28-dək Bakıda Üzeyir Hacıbəyli VII Beynəlxalq Musiqi Festivalı keçiriləcək.

Üzeyir Hacıbəyli kimi dahilərin sənət dünyası ilə daha da zənginləşən Azərbaycan musiqisi bu gün çiçəklənmə dövrünü yaşayır. Üzeyir bəyin heç vaxt təravətini itirməyən irsi misilsiz sərvətdir. O, bu sərvəti bütün bəşəriyyət üçün qoyub gedib.

Milli Musiqi Günümüz mübarək!

Oxşar xəbərlər