Facebook "sanitarı"ndan RAPORT - Virtualda yoluxucu söyüş yayılıb

  • 30 avq 2018, 12:34

Avqustun 25-dən 26-na ötən gecə aktivist Məhəmmədəli Qəribli tərəfindən facebook səhifəsi üzrə sanitar adına layiq görülən jurnalist Osman Nərimanoğlu "Demokratik.Az"-a maraqlı açıqlamalar verib. O, həyəcan təbili çalır.

Bir neçə gündür sosial şəbəkədə antisanitar vəziyyətin aradan qaldırlması üçün çalışan, lakin "sağ ol" əvəzinə təhqir olunan həmsöhbətimiz bildirir ki, vəziyyət acınacaqlıdır.

"Bilirsiniz, sosial şəbəkədə hazırki durum cəmiyyətin düşüncə tərzinə olduqca mənfi təsir göstərir. Çox təhlükəli yoluxa bilən xəstəlik yayılır ki, media mühitini tam zədələyə bilər. Xəstəliyin adı savadsız söyüşçüllükdür..." - deyə o, bildirib. Sanitar - jurnalist virusun qarşısının alınması, kəskin epidemiyanı önləmək üçün müxtəlif dərmanlardan istifadə olunduğunu, lakin bəzən əks reaksiyalara səbəb olduğunu deyir. Xəstəliyin simptomları və başvermə səbəbləri isə müxtəlifdir. Məsələn, adamın adını bütöv ifadə etmədən səsləndirmə vərdişləri, məqalə yazmaq əvəzinə aylarla tərbiyyəsiz statuslar paylaşmaq media təmsilçilərində müşahidə edilə bilən ilk simptomlardandır. Bundan da təhlükəlisi, birinin yazdığı kəndi statuslarına rəylər bölümündə yenidən 10-larla şərh yazıb qürrələnməsi bəd virusa ciftləşmə şəraiti yaşatmaqdadır. Belə olan halda xəstəlik həndəsi silsilə olaraq artır...

Osman Nərimanoğlu israrla bildirir ki, insanların sanitariya-epidemioloji sağlamlığının bundan sonra təmin edilməsi üçün labarator şəraitdə xüsusi incələmələrin aparılması, güclü dərman pereparatlarının hazırlanması qaçılmazdır. Çünki, mövcud reseptura, dərmanlama və mübarizə metodları effektini tam itirib. Hazırda sosial şəbəkədə baş qaldıran müxtəlif söyüşcül həşəratlar, əcaib heyvanlar dərmanlara qarşı nəinki  davamlılıq göstərirlər, əksinə bəzilərində şişmə, böyümə və sayıqlamalar da müşahidə olunur. Problemin qarşısı alınmazsa, böyük ehtimalla epidemiyaya dönüşəcəyi qaçılmaz görünür. Yoluxmayanların yaxınlaşmaması olduqca vacibdir.

Xatırladaq ki, mərhum prezident Əbülfəz Elçibəyin 10 noyabr 1992-ci il tarixdə təsdiq etdiyi "Azərbaycanda Sanitariya-epidemioloji salamatlıq haqqında" qanun mövcuddur. Görünür, dəfələrlə deputatlar tərəfindən söyüşçüllər haqqında səslənən fikirlər də nəzərə alınaraq, sosial şəbəkələrdə söyüşçüllərə-trollara qarşı inzibati sanitar-epidemioloji tədbirlər haqqında qərar (əlavə) zəruridir. Əks halda, bir neçə sanitarla bu problemi həll etmək mümkünsüzdür.

Sanitar-jurnalist Osman Nərimanoğlunun özünün də peyvənd edilmədən fb-nin zibilliyində belə çətin işə qalxışması onun özünü də yoluxdura bilər.

Söhbətləşdi - Osman Nərimanoğlu

Demokratik.Az

Oxşar xəbərlər