Azərbaycanda Qurban bayramı keçirilir - Mübarək olsun!

  • 22 avq 2018, 09:08

3 gün ərzində Bakıda və bölgələrdə heyvanların satış yarmarkaları təşkil olunacaq

Bu gün Azərbaycanda mübarək Qurban bayramı qeyd olunur. Qanunvericiliyə əsasən, müqəddəs bayram bu il ölkəmizdə 22-23 avqust tarixlərinə təsadüf edib. Beləliklə, iki gün qeyri-iş günüdür. İlk bayram namazı isə bu gün saat 08:00-da Bakının "Əjdərbəy" məscidində, saat 09:00-da isə "Təzəpir" məscidində qılınacaq.

İki gün ərzində Azərbaycan müsəlmanları Qurban bayramını keçirib, qurban kəsib ehtiyacı olan insanlara, qohum və yaxınlara paylayacaq, uzaqda yaşayan qohumlara baş çəkəcək, yaxınlarının qəbirlərini ziyarət edəcək.  Lakin maraqlıdır ki, Türkiyədə bayram artıq dünəndən başlayıb, bayram namazları qılınıb. Qardaş ölkədə avqustun 21-24-ü bayram qeyd olunur, avqustun 18-dən 27-dək isə tətildir.

Həzrəti İbrahimə oğlunu qurban etməməsi üçün Allah tərəfindən qoçun qurban olaraq göndərilməsi bəşər  tarixinə həkk olub. Bizim üçün Allahın rizasını qazanmaq məqsədilə qurban kəsmək ənənəsi böyük əhəmiyyət daşıyır. Halal pulla alınan Qurban bu gün günahlara qarşılıq olaraq kəsilir. Müsəlmanlar bayramın digər günlərində də qurbanlarını kəsə bilərlər. Qurban ətinin bir hissəsi qurbanı kəsənin ailəsi, bir hissəsi kasıblar, bir hissəsi də bayramda evə  gələn qonaqlar üçün ayrılır. Bu bayramda ilk növbədə, böyüklərin bayramları təbrik edilir, uşaqlar sevindirilir.

Bütün dünyada insanlara ağrı-acı yaşadan münaqişələrin, soyqırımların, kin və nifrətin Qurban bayramı münasibətilə sona çatması arzusu ilə Qurban bayramınızı təbrik edirik.

Demokratik.Az

Oxşar xəbərlər