Biləsuvar məktəbliləri gələcəklərini kodlaşdıracaq

  • 14 avq 2018, 19:54

Avqustun 14-də bir qrup maarifçi gənclərin səyləri nəticəsində ərsəyə gələn "Gələcəyi kodlaşdır” (Code for Future) təşəbbüsünün ilk layihəsinə start verildi. . İlk olaraq Biləsuvar rayonu ərazisində məcburi köçkünlər üçün salınmış qəsəbələrdə yaşayan VII-IX sinif şagirdlərinin iştirak etdiyi layihədə məktəblilərə kodlaşdırmanın əsaslarını öyrənəcək, Scratch, HTML və Paython kimi proqramlaşdırma dilləri ilə yaxından tanış olacaqlar.
Ölkənin qabaqcıl tədris müəssisələrindən olan "Code Academy”nin dəstəyi ilə başladılan layihədə 6-15 sentyabr 2018-ci il tarixlərində əksəriyyəti qızlar olan seçilmiş 45 köçkün uşaqları üçün 10 günlük sürətləndirilmiş tədris düşərgəsinin (bootcamp) keçirilməsi planlaşdırılır. 
"Code Academy”nin təcrübəli müəllimləriylə yerli İKT müəllimlərini bir araya gətirən layihənin hədəflərindən biri də köçkün məktəblərinin bu sahədə tədris potensialının gücləndirilməsidir.
Layihədə iştirak edəcək şagirdlər sentyabr ayın əvvəlində müsabiqə yolu ilə seçiləcək. Seçilmiş şagirdlərə "Code Academy”nin peşəkar təlimçiləri 10 gün ərzində intensiv kodlaşdırma öyrədəcəklər. Təlim zamanı fərqlənən iştirakçıların kompüter və mobil telefon kimi dəyərli hədiyyələr və "Code Academy”də təhsil almaq imkanı əldə edəcəklər.
Layihənin açılış mərasimində iştirak edən yerli icra hakimiyyəti orqanı nümayəndələri, müəllim və valideynlərə proqram barədə geniş məlumat verildi. "Gələcəyi kodlaşdır” komandasının rəhbəri Xalisə Şahverdi yerli məktəb şagirdlərini bu proqramda iştirak etməyə və gələcəyin ən önəmlı bacarıqlarından olan kodlaşdırmanı öyrənməyə səslədi.
"Gələcəyi kodlaşdır” proqramı Amerika Birləşmiş Ştatlarının Azərbaycandakı Səfirliyi tərəfindən yerli icmaların inkişafı və inklüziv tərəqqinin artırılması məqsədilə dəstəklənir. 
Məktəblilərə dəqiq elmləri öyrətməyi, yeni kəşflər etməyi və yeni dostluqlar qazandırmağı qarşısına məqsəd qoyan "Gələcəyi kodlaşdır” layihəsində iştirak pulsuzdur.

Oxşar xəbərlər