Sülh platforması, sülh dəmiryolu, sülh vağzalı və sair...

  • 29 iyul 2018, 10:07

Zara gündəmi zəbt edib, yəqin hələ bir ay da sürər. Amma mənə bir şey daha maraqlıdı. Zaranın gəlişinin əleyhinə statuslar paylaşmış bəzi qələm sahibləri sonradan həmin statusları siliblər. Bu gəlişi qiymətləndiriblər, tolerantlıq- bəşməkanlıq, sülh platforması, sülh dəmiryolu, sülh vağzalı və sair və ilaxır. Hətta bu gəlişi pisləyən saytların, mətbuat orqanların bəziləri indi məsələyə xoşgörülü yanaşırlar. Oxuyub gülürəm.


Yadıma bir hadisəni saldı. Vaqif adlı bir həmyerlim institutu bitirəndən sonra təyinatla Salyana müəllim işləməyə getmişdi. Həmin vaxt da Salyanın birinci katibi ağdamlı, gözəl insan və təmiz bir dövlət məmuru olan Nadir Abbasov idi. Mənimlə heç bir qohumluq əlaqəsi yoxdu, amma sağlığında həm vəzifədə olanda, həm də vəzifədən çıxandan sonra tez-tez görüşərdik, mənə də «qardaş oğlu» deyərdi.

Bu Vaqif partiyaya keçmək istəyir, çox əlləşir, amma həm məktəbin Partkomu, həm də direktoru istəmirlər ki, o partiyaya keçsin. O da savadlı bir oğlan, haqqını-hüququnu qorumağı bacarır. Çox çalışır, tələb edir, buna haqqının çatdığını bildirir və sonda da deyir ki, siz mənim sənədlərimi göndərin Büroya, qoyun Büro qərar versin, raykomun bürosu razı olmaz, mən də oturaram yerimdə.

Məcbur olub sənədlərini hazırlayırlar, amma qurub-qoşurlar ki, Büroda elə edərik ki, keçməsin. Təbii ki, burda bir yerliçilik məsələsi də vardı də, bir ağdamlı gəlib niyə Salyanda partiyaya keçsin? Onun yerinə bir salyanlı keçirərik də.

Büro. Nadir Abbasov oturub ortada. Sağında-solunda da Büro üzvləri.

Məktəbin partkomu qalxır.

- Yoldaş Abbasov, çox gəncdir, ikinci ildir bizdə işləyir. Mənə elə gəlir ki, gözləsə yaxşıdır. İndi tələb elədi, biz də təqdim elədik.

Məktəbin direktoru qalxır, o da partkomun dediklərini təsdiqləyir:

- Biz onu hələ yaxşı tanımırıq, ikinci ildir bizdə işləyir. İnstitutu təzə bitirib, hələ bir az təcrübə toplasın, hələ bir hazırlaşsın, partiyaya üzv olmaq məsuliyyətini hiss eləsin.

Abbasov sözü maarif müdirinə verir. Maarif müdiri də başlayır əvvəlkiləri təkrar etməyə:

- Yoldaş Abbasov, məndən əvvəl danışan partkom, eləcə də məktəbin direktoru çox haqlı olaraq onun hələ gənc olmasını, yetərincə yetişmədiyini, institutu təzə bitirməyini, təcrübəsinin az olmağını…

Bu vaxt Abbasov anketi çəkir önünə, baxır və görür yazılıb ki, Ağdamda doğulub. Sağına-soluna baxır, başı ilə işarə edir ki, keçməlidir.

Maarif müdiri də bunu görür və davam edir:

- Bəli, yoldaş Abbasov, partkom da dedi, məktəbin direktoru da, gəncdi, hələ yetişməyib, istitutu təzə bitirib. Amma yoldaş Abbasov, mənə elə gəlir ki, məsələyə bu cür yanaşmaq düzgün deyil. Bəli, gəncdi, institutu təzə bitirib, amma bu gəncin ürəyi sabaha inamla döyünür. O bir kommunist kimi çalışmaq, Kommunist Partiyasının üzvü kimi partiyaya xidmət etmək, Vətənə xidmət etmək istəyir. İndi biz bu gəncin bu gün ürəyini qırsaq, onu partiyaya keçirməsək o ruhdan düşər, özünə və partiyaya inamı itər. Mənə elə gəlir ki, ən düzgün addım bu gənci partiya sıralarına qəbul etmək olar!

Beləlilklə, dostum Vaqif partiyaya keçir və sonra da partiyanın göndərişi ilə daxili işlər orqanlarına əvvəl uşaq inspektoru kimi göndərilir, daha sonra Daxili İşlər Nazirliyində müxtəlif vəzifələrdə çalışır, polkovnik rütbəsinədək yüksəlir və polkovnik kimi istefaya çıxır.

Deyə bilərsiniz ki, bu məsələnin Zaraya nə dəxli? Nə bilim yadıma düşdü də. Dedim dəstədən geri qalmayım, düşər-düşməzi olar.

Zara Dağlıq Qarabağda olub, orda erməni əsgərlərinə konsert verib, onlarla şəkil çəkdirib paylaşıb. Buna görə heç kim onu qınaya bilməz.

Amma bir təklifim var. Yaxşı olar ki, təşkilatçılar onu götürüb aparsınlar cəbhə bölgəsinə, orda bizim əsgərlərə də bir konsert versin, bizim əsgərlərlə də bir şəkil çəkib paylaşsın. Bu dava-dalaş da kəsilər. Amma inanmıram gedə. 

Və sonda. Bir də baxıram ki, sosial şəbəkələrdə kürd söhbəti edirlər. Əvvəla, yezidi kürdlərin kürdlərlə heç bir qohumluq əlaqəsi yoxdur – nə dillərində, nə dinlərində, nə də genlərində. Kürdlər bizim qardaşlarımızdı və Qarabağ savaşında yüzlərlə kürd bu torpağın yolunda sinəsini düşmən gülləsinə sipər edib şəhid olub. Yüzlərlə kürd əlil olub. Hələ Milli Qəhrəmanları da var. Xahiş edirəm, diqqətli olun, ətlə dırnağın arasına girməyin.
Oxşar xəbərlər