Bütün yenilikləri Facebook səhifənizdə izləyin. Yalnız "Bəyənirəm" edin.

01:27 - 24.10.2018  
PA-nın şöbə müdiri Gəncə hadisələrindən yazdı
Tarix: 15-07-2018, 01:22 | Bölmə: Xəbərlər » Maraqlı

"Xalq qəzeti"ndə Azərbaycan Respublikası Prezidenti Administrasiyasının millətlərarası münasibətlər, multikulturalizm və dini məsələlər şöbəsinin müdiri, professor Etibar Nəcəfovun "Azərbaycanın multikulturalizm siyasəti ölkədaxili sabitliyin qarantıdır" məqaləsi dərc olunub. Demokratik.Az həmin məqaləni təqdim edir:

PA-nın şöbə müdiri Gəncə hadisələrindən yazdıİyulun 3-də və 10-da Gəncədə baş vermiş hadisələri Azərbaycana düşmən olan qüvvələr dini etiqad azadlığı uğrunda mübarizə kimi qələmə verməyə çalışırlar. Lakin, əslində, bu hadisələr öz mahiyyəti etibarı ilə din qiyafəsi altında radikal yönümlü bir qrup tərəfindən həyata keçirilən terrordur.

Prezident İlham Əliyevin 2018-ci ili "Azərbaycan Xalq Cümhuriyyəti ili” elan etməsi və bununla bağlı müxtəlif tədbirlərin keçirilməsi, xüsusən Milli Ordumuzun 100 illiyinin möhtəşəm paradla qeyd edilməsi fonunda Azərbaycan Xalq Cümhuriyyətinin ilk paytaxtı olmuş Gəncədə məlum son hadisələrin yaşanması hər bir vətənpərvər azərbaycanlının qəlbində dərin təəssüf hissi doğurur. Lakin əminliklə demək olar ki, xalqımız bu dəfə də tarixi sınaqdan üzüağ çıxdı, ölkə rəhbərinin ətrafında sıx birləşərək dünyəvi və demokratik dəyərlərə sadiqliyini nümayiş etdirdi, xaricdən sırınan yad dini ideologiyalara ikrah hissi ilə yanaşdığını göstərdi. Təəssüf ki, dünyəvi dövlətçiliyimizin, ictimai-siyasi sabitliyimizin və ələlxüsus qanunun aliliyinin təmin olunması uğrunda aparılan bu mübarizə qurbansız ötüşmədi, şəhid verdik.

Gəncə hadisələrini təhlil etdikdə qarşımıza çıxan mənzərə aydın şəkildə göstərir ki, din amilindən sui-istifadə edən ekstremist qüvvələr ənənəvi milli-mənəvi dəyərlərimizə sadiq qalan dindarların dəstəyini qazana bilmədi, əksinə, onların qınağına tuş gəldilər. Çünki dövlət-din münasibətlərinin möhkəm təməllər üzərində qurulan ölkəmizdə dindarlara daim dövlət tərəfindən diqqət və qayğı göstərilir. Buna Gəncə şəhərində yaşayan dindarlar da şahiddir. Belə ki, Prezident İlham Əliyevin göstərişi ilə Gəncədəki İmamzadə Ziyarətgah Kompleksinin yenidən qurulması, Azərbaycanın Birinci vitse-prezidenti, Heydər Əliyev Fondunun prezidenti Mehriban xanım Əliyevanın qayğısı ilə Şah Abbas cümə və Həzrət Zeynəb məscidlərinin təmir və bərpa olunması, ibadət yerlərinin pulsuz təbii qazla təmin edilməsi, dini icmalara maliyyə yardımının göstərilməsi deyilənlərə əyani sübutdur.

Qeyd edək ki, hazırda Gəncə şəhərində təyinatı üzrə altı məscid və bir ziyarətgah kompleksi fəaliyyət göstərir. Həmin ibadət yerlərinə Qafqaz Müsəlmanları İdarəsi tərəfindən rəsmi din xadimləri təyin edilib və onlara Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin nəzdində fəaliyyət göstərən Mənəvi Dəyərlərin Təbliği Fondu vasitəsilə maddi dəstək verilir. Dövlətimizin gördüyü bu işləri həqiqi və saf dini dəyərləri yaşayan dindarlarımız yüksək səviyyədə qiymətləndirir, Azərbaycan hökumətinin həyata keçirdiyi tolerant və multikultural siyasəti dəstəkləyirlər.

Lakin, təəssüf ki, Gəncədə ölkədəki mövcud etiqad azadlığından sui-istifadə edən, xaricdən idarə olunan azsaylı radikal dini qrup da var ki, bəzi din xadimlərini qəbul etmir, məscidlərə gəlmir, mötədil dindarlarla eyni səfdə ibadət etmək istəmir. Həmin qrupun mənsubları şəhərdə müxtəlif vaxtlarda təxribatlar törədərək, ictimai-siyasi sabitliyi pozmağa çalışırlar. Araşdırmalar göstərir ki, xarici qüvvələrin və onların yerlərdəki əlaltılarının məqsədi Azərbaycanda dünyəvi sistemi dəyişərək, şəriət prinsipləri ilə idarə olunan dövlət qurmaqdır. İğtişaşlar törətmək, cəmiyyəti xaos və hərc-mərcliyə sürükləmək, dövlət orqanlarının nümayəndələrinə qarşı zorakılıq tətbiq etmək onların əsas mübarizə metodlarındandır. Buna misal olaraq, həmin qrupun üzvləri tərəfindən Gəncədə 2011-2012-ci illərdə qanunsuz küçə yürüşləri təşkil etmək yolu ilə ictimai asayişi pozmaları, 2015-ci ildə Aşura mərasimi zamanı hüquq-mühafizə orqanlarına hücum çəkmələri və analoji hadisənin ötən il Tasua axşamı İmamzadə ziyarətgahında təkrarlanması göstərilə bilər.

Əslində, bu radikal qrupun fəaliyyəti 2015-cı ilin noyabrında Nardaranda terror hadisəsi törədən qeyri-qanuni Müsəlman Birliyi Hərəkatının fəaliyyəti fonunda dəyərləndirilməlidir. Belə ki, məlumatlara görə, həmin terror hadisəsi ilə əlaqədar Gəncə şəhərində 11 nəfər barədə cinayət işi qaldırılıb, onlardan beş nəfəri həbs olunub. Bununla yanaşı, Gəncədəki sözügedən ekstremist dini qrupun üzvləri arasında Müsəlman Birliyi Hərəkatının ifrat ideyalarına bağlılıq və liderlərinə rəğbət hissi 2018-ci il iyulun 3-də Rusiya Federasiyasının vətəndaşı olan Yunis Səfərov tərəfindən Gəncə Şəhər İcra Hakimiyyətinin başçısı Elmar Vəliyevə qarşı həyata keçirilən sui-qəsddə də özünü göstərdi. Respublika Baş Prokurorluğunun, Daxili İşlər Nazirliyinin və Dövlət Təhlükəsizliyi Xidmətinin birgə məlumatında göstərildiyi kimi, Y.Səfərovun terror aktını törətməkdə əsas məqsədi Azərbaycanda şəriət qanunları ilə idarə olunan islam dövləti qurmaq, bunun üçün bir neçə tanınmış dövlət məmurunu öldürməklə respublikada ajiotaj yaratmaq, nəticə etibarı ilə hakimiyyətin zorla ələ keçirilməsini təşkil etmək olub. O, bu məqsədini həyata keçirmək üçün Müsəlman Birliyi Hərəkatı adından Azərbaycan vətəndaşlarına videomüraciət də hazırlayıb və onu xarici ölkədə yaşayan məsləkdaşlarına göndərib.

Məlum olduğu kimi, terror öz tələblərinə nail olmaq məqsədilə qarşı tərəfdə qorxu hissinin yayılmasına yönələn və məqsədyönlü şəkildə həyata keçirilən zorakılıq aktıdır. Lakin Azərbaycanda xaos və hərc-mərcliyin yaranmasında maraqlı olan xaricdəki və daxildəki qüvvələr Y.Səfərovun dövlət nümayəndəsinə qarşı törətdiyi terror əməlini tam başqa ampluada təqdim edərək, buna qəhrəmanlıq donu geyindirib öz təxribatçı planlarını həyata keçirmək üçün bir fürsət bildilər. Həmin qüvvələr geniş xalq kütlələrini Azərbaycan hakimiyyətinə qarşı qaldırmaq məqsədilə sosial şəbəkələrdə bu cinayət əməlinə "Yunis hərəkatı”, "Yunis müqaviməti” adları qoydular. Diqqətçəkən məqam ondan ibarətdir ki, xaricdə siyasi sığınacaq almış, özlərini Avropa dəyərlərinin müdafiəçiləri və liberal düşərgənin təmsilçiləri kimi təqdim edən bəzi qruplar, habelə erməni və digər dövlətlərin xüsusi xidmət orqanları ilə işbirliyi quran separatçı dairələr Gəncədəki hadisədən öz maraqları naminə istifadə etməyə cəhd göstərdilər. Onlar bəyan etdikləri demokratik prinsiplərə xilaf çıxaraq, radikal dini baxışlarına görə cinayət törətmiş Y.Səfərovun, guya pozulmuş hüquqları uğrunda dəstək kampaniyasına start verib, əhalini hakimiyyətə qarşı qaldırmağa çalışdılar.

Azərbaycan xalqına öz mənfur separatçı əməlləri ilə yaxşı məlum olan Ələkrəm Hümbətovun Hollandiyada Yunis Səfərovun İctimai Müdafiə Komitəsini yaratması, Ermənistandan yayımlanan separatçı verilişlərin müəllifi Zabil Məhərrəmovun, yaxud özünü Kanada Radikal Hərəkatının rəhbəri kimi təqdim edən Sahib Teymurovun provokasiya mahiyyətli videomüraciətləri bunun əyani sübutudur. Sadalanan faktlar bir daha Qərbdə özlərini "siyasi mühacir” kimi qələmə verənlərin iç üzünü göstərdi. Onlar "məqsədə çatmaq üçün hər vasitə məqbuldur” prinsipi ilə hərəkət edərək, Azərbaycan hakimiyyətinin devrilməsi naminə terrorçu ünsürlərlə belə işbirliyi qurmağa hazırdırlar.

Vətəndaşlarımız dövlətimizin sütunlarının yıxılmasına yönələn bütün bu səylərin əsl mahiyyətini siyasi müdrikliklə sezərək, birmənalı şəkildə təxribatçı çağırışları rədd etdilər. Əsl vətəndaşlıq mövqeyi sərgiləyən Gəncə sakinləri polis zabitlərindən birinin qətlində şübhəli bilinən Fərrux Xəqani oğlu Qasımovun tutularaq istintaqa təhvil verilməsində yaxından kömək göstərdilər. Digər qatil isə hüquq-mühafizə orqanları əməkdaşları tərəfindən məhv edildi.
İyulun 13-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin yanında respublikanın hüquq-mühafizə orqanları rəhbərlərinin iştirakı ilə keçirilən iclasda ölkə Prezidenti qeyd etmişdir: "Bizim müstəqillik tariximizdə ölkəmizə qarşı bir neçə dəfə təxribatlar törədilmişdir, o cümlədən silahlı təxribatlar, terror aktları, dövlət çevrilişlərinə cəhd. Onların biri də baş tutmadı. Bunun başlıca səbəbi ondan ibarətdir ki, Azərbaycanda xalq-iqtidar birliyi var. Mən dəfələrlə bu barədə öz fikirlərimi bildirmişdim, bir daha demək istəyirəm, xalq-iqtidar birliyi sabitliyimizin əsas şərtidir. Xalq-iqtidar birliyini heç bir qüvvə - nə xarici, nə daxili qüvvə sarsıda bilməz.” Gəncədə baş vermiş bu hadisələr Prezident İlham Əliyevin söylədiyi bu müdrik sözləri bir daha təsdiqlədi. Belə ki, xaricdən idarə olunan ekstremistlərin Azərbaycan xalqına, dövlətçiliyimizə qarşı törətdikləri bu cinayət, terror aktı ilk növbədə xalq- iqtidar birliyinin gücü ilə yatırıldı. Pozucu qüvvələrin xalq-iqtidar birliyinin dağıdılmasına, ölkədə vətəndaş qarşıdurmasına yönəlmiş cəhdləri puça çıxdı. Bu, gözlənilən və qanunauyğun bir sonluq idi. Başqa cür ola bilməzdi, çünki müdrik Azərbaycan xalqı ötən əsrin 90-cı illərinin əvvəllərində yaşadığı acı təcrübədən, həmçinin müasir dövrdə Yaxın Şərq, Şimali Afrika və dünyanın digər ölkələrində baş verən hərbi münaqişələrdən sabitliyin, əmin-amanlığın əhəmiyyətini yaxşı dərk edir. Azərbaycan xalqının dövlətçiliyimizin müdafiəsinə qalxması bir daha onu sübut etdi ki, o, əsası ulu öndər Heydər Əliyev tərəfindən qoyulmuş və müasir dövrdə Prezident İlham Əliyevin uğurla apardığı daxili və xarici siyasət nəticəsində sabitlik adasına çevrilmiş Azərbaycanı canı və qanı bahasına müdafiə edəcək.

Özlərini din təəssübkeşləri kimi təqdim edən Gəncə hadisələrində iştirak edən ekstremist qüvvələr çirkin əməllərini həyata keçirərkən cəmiyyətin bütün təbəqələrinin, o cümlədən dini və etnik konfessiyaların nümayəndələrinin etirazı ilə üzləşdilər. Onların dini etiqad azadlığı uğrunda mübarizə apardıqları iddiası gerçəkliyə uyğun deyil.
Azərbaycanda dini etiqad azadlığı əsasını ulu öndər Heydər Əliyevin qoyduğu və müasir dövrdə Prezident İlham Əliyev tərəfindən uğurla aparılan multikulturalizm siyasəti vasitəsilə təmin olunur. Məlum olduğu kimi, bu siyasət azərbaycançılığın tərkib hissəsi kimi cəmiyyətdə mövcud olan etnik, irqi, dini və mədəni müxtəlifliyə münasibətdə dövlətin apardığı konkret siyasətdir. Multikulturalizm siyasəti qeyd olunan müxtəlifliyin və onların əsasını təşkil edən etnik-mədəni dəyərlərin qorunmasına yönəlib. Multikulturalizm siyasətinin əsas təzahür formalarından biri dünyada mütərəqqi model hesab olunan Azərbaycandakı dövlət-din modelidir.

Azərbaycanda dövlət-din münasibətlərinin yüksək səviyyədə olmasının əsas göstəricilərindən biri ölkə vətəndaşlarının dini etiqad azadlığının təmin edilməsidir. Azərbaycan vətəndaşlarının dini etiqad azadlığının təmin olunması demokratik inkişaf yolu seçib, yaratdığı multikultural mühitlə və tolerantlığı ilə dünya ölkələri arasında seçilən Azərbaycan Respublikasının daxili siyasətinin prioritet istiqamətlərindən biridir. Azərbaycan dövləti ölkə vətəndaşlarının dini etiqad azadlığına onların hüquq və azadlıqlarının tərkib hissəsi kimi yanaşır. Ölkə vətəndaşlarının dini etiqad azadlığı Azərbaycan Respublikası Konstitusiyasına, "Dini etiqad azadlığı haqqında” Qanuna və ölkəmizin digər normativ hüquqi aktlarına əsaslanır.

Azərbaycanda dini etiqad azadlığı tam şəkildə təmin edilib. Azərbaycan Respublikasının Konstitusiyasının 25-ci maddəsinin ("Bərabərlik hüququ”) 3-cü bəndinə əsasən, "Dövlət irqindən, milliyyətindən, dinindən, dilindən, cinsindən, mənşəyindən, əmlak vəziyyətindən, qulluq mövqeyindən, əqidəsindən, siyasi partiyalara, həmkarlar ittifaqlarına və digər ictimai birliklərə mənsubiyyətindən asılı olmayaraq hər kəsin hüquq və azadlıqlarının bərabərliyinə təminat verir. İnsan və vətəndaş hüquqlarını və azadlıqlarını irqi, milli, dini, dil, cinsi, mənşəyi, əqidə, siyasi və sosial mənsubiyyətə görə məhdudlaşdırmaq qadağandır”. Konstitusiyanın 48-ci maddəsinin ("Vicdan azadlığı”) 1-ci və 2-ci bəndlərində isə qeyd olunub: "Hər kəsin vicdan azadlığı vardır”, "Hər kəsin dinə münasibətini müstəqil müəyyənləşdirmək, hər hansı dinə təkbaşına və ya başqaları ilə birlikdə etiqad etmək, yaxud heç bir dinə etiqad etməmək, dinə münasibəti ilə bağlı əqidəsini ifadə etmək və yaymaq hüququ vardır”.

"Dini etiqad azadlığı haqqında” Qanunun 1-ci maddəsində ("Dini etiqad azadlığı”) qeyd olunub: "Hər kəsin hər hansı dinə təkbaşına və ya başqaları ilə birlikdə etiqad etmək, dinə münasibəti ilə bağlı əqidəsini ifadə etmək və yaymaq hüququ vardır. Şəxsin dini etiqadını ifadə etməsinə, ibadətlərdə, dini ayin və mərasimlərdə iştirak etməsinə və ya dini öyrənməsinə hər hansı maneə törədilə bilməz. Heç kəs öz dini etiqadını ifadə etməyə (nümayiş etdirməyə), dini mərasimləri yerinə yetirməyə və ya dini mərasimlərdə iştirak etməyə məcbur edilə bilməz. Dini etiqadın və dini həyat tərzinin zor tətbiq etməklə və ya zor tətbiq ediləcəyi ilə hədələməklə, habelə irqi, milli, dini, sosial ədavət və düşmənçilik yaratmaq məqsədi ilə təbliğinə yol verilmir. İnsan ləyaqətini alçaldan və ya insanpərvərlik prinsiplərinə zidd olan dinlərin (dini cərəyanların) yayılması və təbliği qadağandır”.

Azərbaycan Respublikasında dini etiqad azadlığının təmin edilməsi ilə bağlı Prezident İlham Əliyev 2014-cü ilin dekabrında Bakıda Heydər Məscidinin açılışında qeyd edib ki, "Azərbaycanda bütün dini azadlıqlar tam şəkildə təmin edilir. Bu da hesab edirəm ki, bizim ümumi inkişafımızda çox böyük əhəmiyyətə malik olan bir sahədir. Din, etiqad azadlığı Azərbaycanda tam şəkildə təmin edilir”.

Beləliklə, Azərbaycan Respublikasında dini etiqad azadlığı möhkəm hüquqi-normativ əsaslara malikdir. Eyni zamanda, dövlətimiz dini etiqad azadlığının təmin olunması sahəsində böyük işlər görür. Lakin radikal ekstremist qruplaşmalar öz çirkin əməlləri ilə buna kölgə salmağa çalışır, həmçinin ölkədəki ictimai-siyasi sabitliyi pozmağa cəhdlər edirlər. Belə cəhdlərin qarşısı həmişə qətiyyətlə alınmış və gələcəkdə də alınacaq. Təəssüf ki, bu pozucu ünsürlərin Gəncədə törətdikləri cinayət əməlləri itkisiz ötüşmədi. Sözügedən hadisələr zamanı qəhrəmancasına şəhid olmuş polis zabitlərinə – Gəncə Şəhər Baş Polis İdarəsinin rəis müavini, polis polkovniki İlqar Balakişiyevə və Nizami Rayon Polis İdarəsinin rəis müavini, polis polkovnik-leytenantı Səməd Abbasova uca yaradandan rəhmət diləyir, ailələrinə dərin hüznlə başsağlığı verir, xəsarət alanlara isə şəfa arzulayırıq.

Xəbər 1487 dəfə oxunub






Oxşar xəbərlər

Mehdi Səlimzadənin qardaşı oğlunun lüks həyatı VƏ...
Səudiyyə Ərəbistanından Türkiyə polisinə qadağa
Vidadi Zeynalov və DOSTLARI niyə həbsdən buraxılmadı?
Azərbaycan nefti neçəyə satılır?
Elmar Vəliyevin oğlu "Kəpəz"-dən istefa verdi
“Sivil müxalifətin güclənməsi hakimiyyətin də marağında olmalıdır" - fikirlər
Türkü təhqir edən fransız jurnalistə Barış Mançonun cavabı - puldakı şəkillər
Tramp Ər-Riyadın izahatından məmnun deyil
Bakıda ilk eşşək ferması yaradıldı - südün litri 80 manata
Tramp özünü millətçi saydığını bildirib
Sahibsiz itlərə kim sahib çıxacaq?
Leyla Əliyeva sərgidə iştirak edib (FOTO)
Məşhur robot Prezidentə təqdim olundu - FOTOLAR
Hadi Rəcəbli dilənçilərdən danışdı - TƏKLİF
Araz Ağalarovun hesablarını bağladılar - ABŞ-da
Qarabağdan danışmaq yalnız Kremlin hüququdurmu?..
Qarabağda əlil olan xanım ölkə rəhbərindən kömək istədi - MÜRACİƏT
Tarix İnstitutunun saytı yeni versiyada təqdim edildi
İlham Əliyev 4 sərəncam imzaladı
Ərdoğan Azərbaycandan danışdı
Avropa İrana ABŞ-la mübarizədə kömək edəcək
Türkiyənin tanınmış şoumeni yıxılaraq ağır xəsarət alıb
Ermənistanla “haqq-hesab” günü yaxınlaşır - Yeni situasiya
PSJ Neymarın qiymətini açıqladı
Seksə layiqli alternativ tapıldı
Ərdoğan mətbuat konfransında yatdı - Video
Badamdarda sürüşmə zonasında son vəziyyət
“İlham Əliyevlə etibarlı operativ rabitə qurmuşam” – Paşinyan
Eldar Mahmudovun dəstəsinin 2 üzvü azadlığa buraxıldı
“Yalama” Gömrük postunun böyük inspektoru həbs edildi
Səsiniz barədə 7 FAKT
“Siyasət məni...” - Etibar Məmmədovla müsahibə
"Müsavat rəhbərliyi 3 milyon dollar pulu aradan çıxarıb" - Rəhim Qazıyev
Falınız - 19 oktyabr
Rəşid Mahmudov əməliyyat olundu
Mesajlarının sayı sənin etikanı göstərir
“Rabitə işi”nin əsas fiqurantı azadlığa buraxılır
Müğənni Dilarə 5 fərqli obrazda – Fotolar
DTX Azərbaycana keçmiş xarici casusu həbs etdi (FOTO)
Koçaryan Paşinyanla mübarizəyə başlayır
Milli Məclisin deputatları nə qədər alır? - SİYAHI
Azərbaycanda 50 min ailə sosial yardım alır
Mehman Hüseynovla bağlı Apellyasiya qərar verdi
Azərbaycanın taleyini dəyişən gün - 18 oktyabr
Futbolçu baş məşqçini döydü – Azərbaycanda
Xoşqədəmin məşhurlaşdırdığı həkim xəstəni səhv müalicə etdi
Müxalifətin "payız davası" - liderlərin savaşı böyüyür
Krımda TERROR - 22 yaşlı gənc kolleci partlatdı + 19 ölü
Bürclər – 18 oktyabr
Əflatun Amaşov MM-in plenar iclasında çıxış edib - MƏTN
DTX-nın istintaq səlahiyyətləri artırıldı - FƏRMAN
İsrail raket atəşinə tutuldu, Netanyahu təhdid etdi
Azərbaycanda 5 min eşşək yoxa çıxıb
Azərbaycanın uşaq “Eurovision” mahnısı – VİDEOKLİP
Lənkəranskinin adamı atışmada öldürüldü – FOTO
Aprel döyüşlərinin qəhrəmanı komadadır – VİDEO
Kosmosdan gələn siqnalları kim göndərir?— Açıqlama
Yunanıstanın xarici işlər naziri istefa verib
Yeni il ərəfəsində əfv olmayacaq
Azərbaycanda nə qədər yoxsul var? – Nazirlik açıqladı
İqbal Ağazadədən İsa Qəmbər və Arif Hacılıya ittihamlar (VİDEO)
Gəncədə yeni idarə rəisləri Əhmədov qardaşlarıdır
ABŞ səfirindən və yüksək ranqlı diplomatından Qarabağ bəyanatları
Prezident bu şəxsləri təltif etdi (SİYAHI)
“MTN çetesi”nin ifşasının 3 ili - Eldar Mahmudov tutulmur
ABŞ-da qasırğa nəticəsində 29 nəfər ölüb
Paşinyan istefa verdi və üzr istədi
Bugün Bakıda yağış yağacaq
Skoulz: Messi Ronaldudan yaxşıdır, lakin...
Putinin GİZLİ QARABAĞ PLANI: Sarkisyan oyunda..

Bütün xəbərlər

2018-SARI İT BİZƏ NƏLƏR VƏD EDİR?
love HƏR ŞEY "İT" KİMİ OLACAQ
am DİNAMİK İNKİŞAFIMIZ DAVAM EDƏCƏK
lol HEÇ VECİMƏ DƏ DEYİL
tongue AZƏRBAYCANDAN BAŞ GÖTÜRÜB QAÇACAĞAM
crying TRAMP NEFTİN QİYMƏTİNİ QALDIRMAĞA NAİL OLACAQ
what QARABAĞI GERİ ALACAĞIQ
wink SƏN SAYDIĞINI SAY, GÖR Kİ, FƏLƏK NƏ SAYACAQ
recourse DOLLAR 2 MANATDAN BAHA OLACAQ
angry ACLIQ, YOXSULLUQ GƏLİR
tongue ALLAH BİLİR OLACAĞI...

«    Oktyabr 2018    »
BeÇaÇCaCŞB
1
2
3
4
5
6
7
8
9
10
11
12
13
14
15
16
17
18
19
20
21
22
23
24
25
26
27
28
29
30
31
 
        Ünvan: Bakı şəhəri, Mətbuat prospekti, 529-cu məhəllə, Azərbaycan nəşriyyatı, 1-ci mərtəbə.
© Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Script time: [0.21285] initstartout [0.00016] initstartin [0.00068] calstart [0.01126] calend [0.00075] topnewsend [0.00454] rsssend [0.00000] ehgend [0.09571] tagsstart [0.00050] tag-initendin [0.00000] initendout [0.00001] weathend [0.00000] end [0.09920]