5 rayonluq “tələ” yaxşıdır, yoxsa 7?

  • 02 iyul 2018, 11:15

"Dağlıq Qarabağ və ətrafındakı işğal olunmuş yeddi rayon Ermənistan tərəfindən azad edilməli və heç bir əlavə şərt irəli sürülmədən Azərbaycana qaytarılmalıdır”.

Rusiya Dövlət Dumasının komitə sədri müavini Dmitri Savelyev bunu virtualaz.org-a deyib. İlk baxışda gözəl fikirlərdir, ürəyimizdən xəbər verir. Amma bu kimi fikirləri neçə ildir eşidirik?

Dövlət Dumasının deputatı Aleksey Yezubov isə rayondandan ikisini "ixtisara salıb”. "Putin, Sərkisyan və Əliyev tərəfindən hazırlanmış yol xəritəsinə müvafiq olaraq, Ermənistan işğal edilmiş beş rayonu Azərbaycana qaytarmalıdır”.

Ardınca rusiyalı jurnalist Maksim Şevçenko iddia edib ki, Serj Sərkisyan Azərbaycan torpaqlarını geri qaytarmaq istəyirmiş, Ermənistandakı çevriliş razılaşmanın əldə olunmasına imkan verməyib. Sərksiyan ha, Xocalı canisi, uşaq qatili!

Anlaşılandır, Rusiya üçün Ermənistanın yeni hakimiyyəti arzuolunan deyil, ona görə də fürsət düşən kimi onu vurmaq istəyirlər. Elə Rusiya ideoloqları da Kremlin maraqlarından çıxış edirlər. Amma onlardan xahişimiz budur ki, bizim başımızı nağıllarla qatmağa çalışmasınlar.

Rusiya üçün Ermənistanın keçmiş, yaxud indiki hakimiyyətinin qulağından tutub Qarabağdan kənara atmaq çoxmu çətindir? Təbii ki, yox. Amma etmir. Əvəzində Rusiya hakimiyyətinin "ideoloqları” "5 rayon-7 rayon” söhbətini ortaya atıb başımızın altına "yastıq” qoyurlar. Politoloq Markovun sözlərinə inansaydıq, Dağlıq Qarabağ ətrafındakı rayonlar hələ 2016-cı ilin sonlarınadək qaytarılmalı idi. Rus ekspertlər bizi inandırmağa çalışırdılar ki, torpaqlar qayıdır. O müddətdə düşmən yeni səngərlərdə möhkəmləndi, ABŞ-dan gecəgörmə avadanlıqları, Rusiyadan "İsgəndər” raketləri aldı, sonrakı dönəmlərdə yenə də şəhidlər verdik. Sanki bəzi ekspertlər məqsədli şəkildə sakitlik yaratmağa çalışırlar ki, Ermənistan özünü toparlasın.

Əgər rus ekspertin dediyi kimi olsaydı, Kreml heç olmasa, ətraf rayonların işğaldan azad olunmasını istəyərdi. Amma bu, baş vermədi, hətta Azərbaycan hərbi qüdrətini nümayiş etdirən kimi, Rusiyadan emissarlar gəldi.

Professor İlham Rəhimov hələ 2016-cı ildə ətraf rayonlar məsələsi ortaya atılanda demişdi ki,  "’5+2 formulu” bizim üçün qurulmuş bir "’tələ”’dir. Bunu Rusiya hakimiyyət dairələrinə kifayət qədər yaxın və Kremlin siyasətinə bələd olan təcrübəli ictimai-siyasi xadim söyləmişdi.

Rusiya hətta öz vətəndaşı olan Dilqəm Əsgərovun və onunla birlikdə Kəlbəcərdə girov götürülən Şahbaz Quliyevin erməni terrorçularının əlindən alınması üçün bir tədbir tökmür. Artıq 4 ildir öz evində girovdur bu adamlar! Amma nə olsun, nə Rusiya, nə ABŞ, nə də Fransa məsələni görməzdən gəlir.

Dünyada antiterror koalisiyası var, İŞİD-ə, "Əl-Qaidə”yə, Talibana, PKK-ya qarşı mübarizə var, amma təkcə erməni terrorizminə qarşı mübarizədən bəhs olunmur. Hətta onlardan bəhs olunarkən "öz müqəddəratını təyinetmə”dən bəhs olunur. Rusiya da bu əcaib prosesin başında dayanır. İstəsə, Paşinyanı bir günün içərisində ədalətli sülhə imza atmağa vadar edər.

Rus ekspertlər yarışa girib, biri deyir 5 rayon qaytarılmalıdır, o biri deyir 7. Bizim torpağımız hərraca çıxarılıb - adama ağır gələn həm də budur. Taleyimizi ancaq özümüz həll etməliyik, başqası həll edəcəksə, "tələ taleyi” yaşayacağıq, necə ki, tarixdə çox görmüşük. Rusiya bizdən 80 faizi geri istəməklə 20 faizin bazarlığına getmək istəyəcək, şübhəsiz ki.

Bizsə müstəqilliyimizdən heç vaxt imtina edə bilmərik, bunu Azərbaycan dövlətinin rəhbərliyi də hər zaman bəyan edib. Şübhəsiz ki, Moskva da bizim mövqeyimizi yaxşı bilir, sadəcə illəri uzadır, "danışıq” vasitəsilə. 

Ermənilərsə... Qarabağ separatçılarının rəhbərliyi bu günlərdə Ağdərəyə - Madaqiz və Talış kəndlərinə gəlmişdilər, tikirlər, qururlar. Azərbaycana qaytarmaq üçünmü? Təbii ki, yox!

Qarabağdakı rejim yay boyunca ailə düşərgələri yaradacağını açıqlayıb. Kəlbəcərdə, Laçında, digər cənnət guşələrimizdə düşərgələr salırlar. Bakıda hərarət 40 dərəcəni keçən bu günlərdə işğalçılar Qarabağ meşələrində sərinlənib ünvanımıza söyürlər. Bir foto gördüm, azərbaycanlı xanımın məzarını təhqir edən erməni dığanın fotosunu. Təkcə bu şəkil bəs edir torpaqların azadlığı uğrunda silaha sarılmağımız üçün. Topxanada ağac qırılmasından milyon qat ağır cinayətdir! Torpaqları azad etməyin bir yolu qaldı. Yoxsa "tələ”nin fərqi yoxdur, istə 5, istər 7 rayonlu olsun...

Oxşar xəbərlər