Ermənistan bir neçə Su-30SM qırıcısı alır?

  • 18 iyun 2018, 12:31

Ötən gün Ermənistanın baş naziri Nikol Paşinyan özünün Facebook səhifəsində İrəvan ətrafındakı "Erebuni” hərbi aerodromunda Su-30SM çoxməqsədli qırıcısının pilot kabinəsində çəkilmiş fotosunu paylaşıb. Bildirib ki, hazırda dünyanın ən yaxşı qırıcılarından birinin kabinəsindədir.

Dərhal sual yaranıb: Rusiyanın 3624-cü aviabazasının yerləşdiyi "Erebuni” aerodromunda Su-30SM qırıcısı haradandır? O, Rusiya Hava-Kosmik Qüvvələrinə məxsusdur, yoxsa Ermənistana verilib?

Virtualaz.org xəbər verir ki, "Regnum” erməni agentliyi bu məsələ ilə maraqlanıb. Ermənistan Müdafiə Nazirliyindəki mənbə deyib ki, İrəvan Rusiyadan bir neçə Su-30SM qırıcılarının alınması üçün danışıqlar aparır, üstəlik bu danışıqlar xeyli irəliləmiş vəziyyətdədir. Müqavilənin yaxın 1-2 ildə imzalanması gözlənilir.

 

 

Ermənistanın Su-30SM qırıcıları alacağı haqda şaiyələr hələ 2016-cı ildə erməni KİV-lərində yayılmışdı. Mənbə bildirib ki, Nikol Paşinyanın kabinəsində şəkil çəkdirdiyi qırıcı Rusiyaya məxsusdur. Çox güman ki, Rusiya bu qırıcını təlim-məşq uçuşları üçün aviatexnika qrupunun tərkibində göndərib, eyni vaxtda qırıcının imkanlarını Ermənistan rəhbərliyinə nümayiş etdirmək istəyib.

Su-30SM qırıcısı 4++ sinfinə aiddir, yəni F-22, F-35, Su-57 kimi 5-ci nəsil qırıcılara yaxn hesab edilir. O, həm havada üstünlüyü təmin edə, həm yerüstü hədəflərə yüksək dəqiqlikli raketlərlə zərbələr endirə bilər. Rusiya Hava Kosmik Qüvvələrinin silahlanmasında 100-ə yaxın belə qırıcı var. Hindistan da Rusiyadan 272 Su-30SM qırıcısı alıb.

Ermənistana gəldikdə hazırda bu ölkənin Hərbi Hava Qüvvələrinin qırıcı aviasiyası yoxdur, cəmi 15 Su-25 hücum təyyarələrinə malikdir. "Erebuni”dəki Rusiya aviabazasında isə 18 MiQ-29 qırıcısı dislokasiya olunub. Azərbaycan isə həm çoxsaylı Su-25 döyüş təyyarələrinə, həm MiQ-29 qırıcılarının modernizə edilmiş eskadrilyasına malikdir. Azərbaycanın Ermənistan üzərində havada açıq üstünlüyü xarici hərbi ekspertlər tərəfindən də tanınır. Ermənistan indiyə qədər Azərbaycanın havada üstünlüyünü hava hücumundan müdafiə sistemləri ilə kompensasiya etməyə çalışırdı. Lakin Azərbaycanın İsraildən müxtəlif tipli zərbə-kəşfiyyat pilotsuz təyyarələri alması Ermənistanın HHM sisteminin dayanıqlığını şübhə altına alır. Çünki zenit kompekslərinin mövqeləri pilotsuz təyyarələrlə aşkar edilib məhv edilə bilər.

Digər tərəfdən Azərbaycan Pakistan-Çin birgə istehsalı olan JF-17 qırıcılarının böyük partiyasını almaq üçün çoxdandır danışıqlar aparır. Məlumatlara görə bu təyyarələrin Azərbaycanın sifarişi ilə daha geniş imkanlara malik olan versiyalarının hazırlanması gözlənilir. Nəticədə Ermənistan havada hansısa müqavimət imkanlarına malik olmaq üçün ola bilsin doğrudan da Rusiyadan güzəştli qiymətə bir neçə Su-30SM qırıcısı almaq istəsin. Amma Rusiyanın Ermənistanın indiki rəhbərliyi ilə bağlı şübhələrinin qaldığı bir vaxtda bu texnikanın İrəvana verilməsi ağlabatan görünmür.

Demokratik.Az

Oxşar xəbərlər