İlham Əliyevi sevməmək üçün səbəblər…

  • 24 may 2018, 19:24

Alqış Musayev

Hər şey aydındır…

Bizdən əl çəkməyəcəklər.

Problem heç də avropalı demokratların xəzər balığı ilə şübhəli əlaqələrində deyil.

Qara kürünün məharəti barədə şişirdilmiş "ağ” diskussiyalar özgə bir mətləbdən nişan verir.

Hədəf eynidir: Cənubi Qafqazın neft və lider ölkəsindəki sabitlik və həmin sabitliyi təmin etməyi bacarmış lider…

"Yol xəritəsi” fərqli məkanlarda testdən çıxmış üsullarla tərtib edilib.

Ardıcıl ideoloji-siyasi basqılar həyata keçirilir…

Rəngli və parıltılı adlarla: insan haqları, fundamental azadlıqlar, seçki saxtakarlığı və s.

Bir qayda olaraq, hər seçki prosesindən sonra ATƏT-in verdiyi bəyanat müşahidəçi qənaətindən daha çox ideoloji-siyasi diversiyaya oxşayır: "Hökumət xalqın dinc yolla hakimiyyəti dəyişdirmək şansını əlindən alır”. (Özü də xalqın adından danışılır. Bu səlahiyyəti kim verib?

Dinc yolun alternativi nədir?

Şərh verməyə nə lüzum.

Xaos, yeni ərazi itkiləri, zəiflədilmiş hakimiyyət və Qarabağın de-yure təhvil-təslimi. Bu, erməni adıyla kodlaşdırılmış düşmənin perspektiv və strateji istəyidir.

Əhali ilə dövlət təsisatları arasında inamsızlıq səddi hörülür…

Rüşvət və korrupsiya ittihamları büdcə oğurluğuna etiraz nidası kimi səslənə bilər. Ancaq ilk baxışda…

Mövzu büdcəmizə uzanan əyri əlləri kəsmək üçün tirajlanmır.

Bu, dövlətə qarşı ikrah aşılamağın ən təsirli vasitələrindən biridir.

Yəni, sənə məxsus pul, bir mühacirin ləhcəsiylə desək, "çəmədanlarda” xaricə daşınır…

Fərqli texnologiyalar işə salınıb.

Məsələn, xarici qonaqlara Azərbaycanda olarkən apteklərdən dərman almamaq barədə xəbərdarlıq edilib.

Təbii ki, xəbərdarlıq, əslində, birbaşa daxili auditoriyaya istiqamətlənir.

Deməkdir ki, sağlamlığını, hər şeydən üstün olan can sağlığını yerli səhiyyəyə etibar etmə.

Dövlətinə güvənmə və s.

Dövlət-vətəndaş bağlarının məmurlar tərəfindən vaxtaşırı zədələndiyini (bilərəkdən, ya bilməyərəkdən) əlavə etsək, məsələ xeyli tündləşir…

Günün günorta çağı, göz görə-görə obıvatelin damarına kin, nifrət hissi adi ampulalarla deyil, vedrə-vedrə yeridilir…

Ölkəni lidersizləşdirmək üçün cəhdlər səngimir…

Azərbaycan kimi mürəkkəb vəziyyətdə olan bir ölkəyə sıradan bir prezident yox, bütün davranışlarıyla ölkəsini və xalqını təmsil edə və yönləndirə bilən lider – dövlət başçısı gərəkir.

Avropadan başladılmış və davam edən söyüş, təhqir kampaniyası ölkənin ictimai-siyasi inanclarını sıradan çıxarmağa hesablanıb.

Heydər Əliyev Azərbaycanın dövlətçilik və siyasi inancıdır.

Siyasi inancından məhrum olunmuş xalqın milli dövləti olmaz, dövlətçiliyi rəqabət imkanlarını yerli-dibli itirər.

Bir neçə il əvvəl Böyük Britaniya kral ailəsinin yeni üzvü – Şahzadə Vilyamın oğlan övladı dünyaya gəlmişdi.

Müttəfiq dövlətlər Kraliçanı və ölkənin baş nazirini təbrik edirdilər. Təbrik mətnlərində yeni doğulan körpə regionda sabitliyin və rifahın rəhni kimi dəyərləndirilirdi.

Körpə gələcəkdə hansı fiziki və əqli göstəricilərə sahib olacaq? Hələ bilinmir.

Krallıq növbəsi ona yetişəcəkmi? Demək çətindir.

Kimsəni ilgiləndirməz.

Bu, bir dövlətçilik ənənəsidir.

Kimsənin "buki adi uşaq əyləncəsidir” deməyə haqqı çatmaz.

Və hər kəsdən bu ənənəyə sayğı tələb olunur…

Heydər Əlirza oğlunun soyadı Azərbaycanın siyasi etiketidir.

Heydər Əliyev – milli dəyərdir…

"Diktator " deyirlər, – Prezidenti prinsipial və haqlı mövqeyindən çəkindirmək üçün…

Keçməz!

Milli maraqlar hər növ idarəçilik formasının, istənilən konstitusiyanın və digər ali qanunların fövqündə dayanır…

Əliyev soyadı prezidenti aşkar və gizli hücumlara məruz qoyur.

Bəli, İlham Əliyevi sevməyənlər var…

Neçə nəfərdirlər: bir, iki, üç, on, yüz, min?

Say üzərində baş sındırmağa ehtiyac-filan yox.

Çünki…

Azərbaycan prezidenti və onun simasındakı Azərbaycana bəslənilən antipatiyanı (dəxli yoxdur, daxili, ya da xarici) doğuran səbəblər antimilli və anti-əliyevçi statistikanı heçə endirir.

O səbəblər ki, Azərbaycanın və onun liderinin tənqidçilərinə səxavətlə qucaq açan tribunanı (və ya tribunaları) Azərbaycan prezidentinin liderliyini, alternativsizliyini və legitimliyini təbliğ , həm də təlqin edən xitabət kürsüsünə çevirir…

(Necə ki, AŞPA-nın nümayəndə heyətimizə tətbiq etdiyi sanksiya qurumun özünü, ümumiyyətlə, qərb demokratiyasını ifşa edir. Avropalı demokratlar kürüylə alınıb-satılırsa Xəzər balığının nə günahı?)

Səbəblər hansılardır…

Birinci:

Azərbaycan prezidenti diktəyə qarşı barışmazdır.

O, hər addımda müstəqil ölkənin müstəqil prezidenti olduğunu nümayiş və sübut edir…

İlham Əliyevlə təzyiqlə danışmağın faydası yoxdur və nəticəsi olmaz.

İkinci:

Azərbaycanın siyasi səhnəsi İlham Əliyevin şəriksiz nüfuzu və təsiri altındadır.

İlham Əliyev faktoru ictimai-siyasi fəaliyyət sahəsini sanki əlçatmaz və keçilməz zolağa çevirib.

Prezidentin özündən asılı olmayaraq.

Üçüncü:

İlham Əliyev yerli və əcnəbi həvəskarlara Azərbaycan xalqından təcrübə materialı kimi istifadə etmək şansı vermir.

Dördüncü:

Ölkə və onun ərazisi qonşulara qarşı heç bir prosesdə iştirak etmir. Birmənalı şəkildə.

"Nazik sap üzərində yürüdülən xətt” (İfadə Heydər Əliyevə məxsusdur) kimi səciyyələndirilən xarici siyasət kursumuza İlham Əliyev praktik məzmun gətirib: "Azərbaycan qarşıdurma yox, əməkdaşlıq məkanıdır!”

Beşinci:

Soyuqqanlı məntiq və kompromissiz mövqe.

Müstəqillik – qarşılıqlı asılılıq deməkdir…

Söhbət ölkənin müstəqilliyindən və ərazi bütövlüyündən gedirsə, prezidentin qətiyyəti hətta siyasi konyukturdan kənara çıxır.

O, Azərbaycanın müstəqilliyini yalnız qarşılıqlı "asılılıq” əsasında "güzəştə” gedə bilər…

21-ci əsrin qlobal qayğıları məhz bu modeli tələb edir:

Milli müstəqil dövlətçilik yalnız qarşılıqlı faydalı asılılıq (əməkdaşlıq) mühitində yaşaya və inkişaf edə bilər…

Prezidentə və onun ölkəsinə yönəlmiş hücumun səbəbləri Azərbaycanın uğur modelini təmin edən şərtlərdən zərrə qədər fərqlənmir…

Oxşar xəbərlər