Ailələrin dağılmasında facebook-un günahı...

  • 24 may 2018, 11:15

Mehriban Zeynalova: "Facebooku bağlasaq, əvəzində instagram, whatsApp var"

"Azərbaycanda ailələrin dağılmasının səbəblərindən biri facebookdur, bura digər saytlar da daxildir”.

Bu sözləri deputat Hadi Rəcəbli parlamentin növbəti iclasında deyib. Deputat qeyd edib ki, bu istiqamətdə maarifləndirmə işləri aparılmalıdır: "Gənclərə ailə nədir, onu başa salmaq lazımdır”.

Deputatın bu cür açıqlamaları yenidən müzakirə predmetinə çevrilib. Bəziləri deputatın bu açıqlaması ilə razılaşıb, bir qismi isə əks fikirlər söyləyib.

Qeyd edək ki, təkcə ölkəmizdə deyil, dünyanın ən inkişaf etmiş ölkələrində də bəzən ailə dağılmalarının əsas səbəblərindən biri sosial şəbəkələr göstərilir.

Məsələn, ABŞ-da "Slater and Gordon” adlı hüquq firması araşdırmalar apararaq sonra sosial şəbəkələrin boşanmaların sayını xeyli artırdığı nəticəsinə gəlib. Respondentlərin çoxu hesab edir ki, onların ərləri və yaxud arvadları şəbəkələrdə yeni insanlarla tanış olurlar. Bu da ikinci tərəfin xoşuna gəlmir və nəticədə ailədə münaqişə yaranır. Həmçinin qeyd olunub ki,  facebook və twitter-lə yanaşı skype, snapchat, whatsApp və digər şəbəkələr də boşanmalarda əsas rol oynayır.

"5 il öncə boşananlardan kimsə facebooku günahlandırmırdı, indisə əksinə, hamı bu şəbəkənin adını çəkir” - deyə "Slater and Gordon” firmasının rəsmisi Endryu Nyubern bildirib.

Digər amerikalı ekspertlər də qeyd edib ki, ABŞ-da hər 6 boşanma qərarının 1-də facebookun adı çəkilir. Bildirilir ki, yeni dostlar, yeni çevrə və keçmiş dostları birləşdirən səhifələr evlilikləri təhlükəyə salır. Bu səhifələr ailələrdəki münaqişələrin daha da böyüməsinə səbəb ola bilir.

Əvvəldə qeyd etdiyimiz kimi, son illərdə Azərbaycanda da boşanma halları getdikcə artır. Məsələn, ötən ilin statistikasına görə, ölkədə 62923 nikah olduğu halda, 14514 də boşanma olub. Əhalinin 1000 nəfərinə nikahların sayı 6,5; boşanmaların sayı isə 1,5 olub. Beləliklə, boşanmaların bu cür artması ictimaiyyətdə ciddi narahatlıq doğurur. Aparılan məhkəmə proseslərindən də aydın olur ki, boşanmaların artmasında sosial şəbəkələrin təsiri az deyil. Hətta son illərdə sosial şəbəkələr üzündən ailə münaqişələrinin, qətllərin də sayının artdığının şahidi oluruq.

Rəsmilər isə qeyd edir ki, boşanmalar zamanı 70-80 faiz hallarda əsas səbəb tərəflər arasında anlaşılmazlıq, xasiyyətin uyğun gəlməməsidir. Bundan sonrakı yerlərdə xəstəliklər, ailə münaqişələri, sonsuzluq göstərilir.

Beləliklə, deputatın qeyd etdiyi kimi, ailələrin dağılmasının səbəblərindən biri facebookdurmu?

Mövzu ilə bağlı "Təmiz Dünya” Qadınlara Yardım İctimai Birliyinin sədri Mehriban Zeynalova "Yeni Müsavat”a danışıb:

"Təbii ki, sosial şəbəkələr günümüzdə ailə münaqişələrinə  təsir edən amillərdən biridir. Təəssüf ki, neqativ təsirlərini daha çox müşahidə edirik. Lakin ailələrin dağılmasının əsas səbəbi kimi sosial şəbəkələrin göstərilməsini düzgün hesab etmirəm. Bu, məsələyə kompleksli yanaşmağa mane olur.

Biz bilirik ki, elə ailələr var ki, onlar sosial şəbəkələrdə iştirak etmir, amma həmin ailələrdə kifayət qədər münaqişələr var, zorakılıq, uşaqların baxımsızlığı mövcuddur. Eyni zamanda kənar qüvvələr bəzən ailələrin dağılmasına səbəb olur və sairə. Bunu sosial şəbəkələrlə əlaqələndirməklə və yaxud sosial şəbəkələri bağlamaqla problemi həll edə bilmərik. Problem ondadır ki, ailənin normal münasibətlər üzərində qurulması ideologiyasını tənzimləmək lazımdır. Yəni ailə dəyərləri haqqında insanları maarifləndirmək lazımdır.

Tutaq ki, biz bu gün facebooku bağlasaq, əvəzində instagram, whatsApp var və sairə. Biz bunlardan  azad ola bilməyəcəyik. Ona görə də yolumuzu fərqli seçməliyik. Bu yolu seçmək üçün ailə münasibətlərini tənzimləyən xüsusi institutların olmasına ehtiyac var".

Demokratik.Az

Oxşar xəbərlər