Söz azadlığı piylənmək təhlükəsi qarşısında

  • 28 apr 2018, 09:39

Yaxud Səməd müəllimin kürkünə birə salanlar

Öncə bütün ölkə kommunistlərini 28 aprel rus işğalının ildönümü münasibətiylə təbrik edir, hamısına əcəlləri çatanda Lenin kimi mumiyalanıb Mavzoleydə saxlanmaq arzu edirəm. Doğrudan da, gör nə qədər geridəqalmış təfəkkür, ideologiya yiyəsi olasan ki, 21-ci əsrdə adamın meyitini mumiyalayıb binada nümayiş etdirəsən. Üstəlik, hər altı aydan bir meyiti xüsusi məhlul doldurulan vannada çimizdirib təzədən yerinə qoyurlar. Məncə, bu prosedurlar Leninin meyiti ilə bir növ məzələnməkdir. Meyiti meymun gününə salmaqdır. Çox qeyri-ciddi adamlardır bunu edənlər. Nəsə, canları cəhənnəmə.

Həm də xatalı temadır, qurdalamayaq, bu dəqiqə həmin kommunistlərdən neçəsi cildini dəyişərək guya milli dövlətçimiz olmuşlar, hər cür pislik bacarırlar. Hələ deyir Azərbaycan Xalq Cümhuriyyətinin 100 illiyi medalı da təsis edirlər, bir azdan bunları yaxalarından asıb fors atacaqlar. Mən təklif edərdim o medalı ilkin olaraq Gəncədən deputat Nafiq müəllimə və Araz Əlizadəyə versinlər. "İstiqlal” ordenini müstəqilliyin əleyhinə səs vermiş Ali Sovet deputatına və sair kommunist rejimi tör-töküntülərinə ənam edən ərazidən nə desən gözləyə bilərik.

Belə riyakar oyunbazlıqlarda Avropa Şurası da bizdən geri qalmır. Örnək üçün, kürümüzü, qazımızı, neftimizi alanda yaxşı oğlan oluruq, siyasi məhbuslar, insan haqları teması açılanda pis. "Molla Nəsrəddin” jurnalında Mirzə Cəlilin mollalara müraciəti yada düşür: "Niyə məni döyürsünüz, a mollalar? Olmaya məndən qorxursunuz? Olmaya qorxursunuz ki, əyilib camaatın qulağına bir neçə söz pıçıldayam, bir neçə mətləblərdən agah edəm? Olmaya qorxursunuz ki, məcmuənin vərəqlərini nökərlər samovar alışığı edə-edə və şəkillərini uşaqlar oynada-oynada axırda camaat gözünü açıb bəzi işlərdən xəbərdar ola?”.

Təzəlikcə yenə Strasburqda belimizə döşəyiblər. AŞ PA nümayəndə heyətinin başçısı Səməd Seyidov ön cəbhədə olduğundan əsas qəlpələr onun sir-sifətindən dəyibdir. Səməd müəllim vətən yolunda pul-qana bataraq (al qanın yeni variantıdır) avropalılardan şikayətlənibdir, sazı sinəsinə basıb görün nə deyibdir: "Mən Azərbaycanı təmsil etməklə fəxr edirəm. Düşünürəm ki, mənim ölkəmi rüsvay etməyə dair istənilən cəhdin özü korrupsiyadır... Mənim adım da korrupsiyaya dair siyahıdadır. Mənim dünyanı başa salmağım çətindir ki, niyə adım bu sənəddə göstərilir? Bu, ədalətsizlikdir... Mən belə Avropa Şurasında təmsil olunmaq istəmirəm”. Sitatın sonu.

Doğrudan da, Səməd müəllimin ah-naləsi başadüşüləndir. Bu yerdə Qasım bəy Zakirin şeirindən bir bəndi yazaq, hörmətli oxucular da kef eləsin:

"Badi-səba, mənim dərdi-dilimi

Ol büti-zibaya dedin, nə dedi?

Ahu-naləm asimana yetdiyin

Gərdəni minayə dedin, nə dedi?"

Ağır dərddir. O boyda boru çək, pomidor sat, kürü yaxmacı ver, iylənmiş ayaqlarının altına təmiz yun xalçalar sər, fırtıqlı uşaqlarına Bərdə pambığından pampers, gəzəyən arvadlarına namuslu Şəki ipəyindən kəlağayı bağışla - yenə xeyri yoxdur, bu firəng qırılmışlara Azərbaycanı bəyəndirmək olmur. Of, of. Ən əsası, Səməd müəllimin şikayətnaməsinin hüquqi tərəfləri daha düzgündür, çünki bu adam şəxsən AŞPA-dan bir xeyir görməyibdir, hətta yadımıza gəlir, neçə ilsə qabaq Strasburqda AŞ PA iclası vaxtı Səməd müəllimin bahalı dublyonkasını hansısa ermənispərəst qüvvələr çırpışdırmışdı. İndi nə qədər nainsaf olmalısan belənçik zərərdidə şəxsə korrupsioner adı qoyasan? Ah vay. Guya Azərbaycan hakimiyyətinin avropalı məmurlara verdiyi rüşvətlərə Səməd müəllim vasitəçilik edirmiş. Yalançının lap kürkünə birə düşsün! Bəlkə elə o kürkü də rüşvət qrafasına yazasınız? Belə bir formula ilə ki, guya Səməd müəllim avropalı məmura rüşvəti kürk şəklində ödəmiş, sonra isə bunu oğurluq adlandıraraq yalandan hay-küy qoparmışdır.

Tək "bınnar” deyil, başqa pis qara qüvvələr də var. Bınlardan "Sərhədsiz reportyorlar” hesabat açıqlayıb, Azərbaycanı söz azadlığını boğmaqda suçlayıb. Dünya üzrə 163-cü yerdəyik. Halbuki, bizdə tam söz azadlığı var, istədiyin qədər Sərkisyanı söyə bilərsən. O cümlədən, qələmimizi qırıb hərəmizə əvəzində bir ev veriblər. Nəyi pisdir? Yaşa da bə özün üçün. Balkona çıxırsan, hara baxsan - alt, üst, yuxarı, aşağı, sol, sağ, dəhliz, dam, zirzəmi, hamam, kladovka - jurnalistlə doludur. Qəzeti, reportajı, süjeti də hökumət əvəzindən hazırlayıb çapa, efirə verir.

Belə getsə biz hətta piylənib xəstələnərik. Avropadakı kimi. Allah uzaq eləsin.

Oxşar xəbərlər