Ölüyə huri, mollaya ruzi

  • 09 yan 2018, 13:36

Mirzə Cəlilin "Ölülər”indəki məşhur səhnə yəqin yadınızdadır – molla ərəbcə nəsə oxuyur, camaat ağlayır, Kefli İsgəndər fransızca şeir deməyə başlayır və camaatdan soruşur: - Ağlayın da, niyə ağlamırsız? 

Cavab alır: – Axı, biz qanmırıq sən nə deyirsən... 
İsgəndər deyir: – Bəs, molla deyəni qanırdız?

100 ildən çox keçib, amma biz elə bu gün də mollanın "ərəbcəsinə” ağlayırıq. Özümüzü "düzəltməyə” cəhd eləmədiyimizə görə halımıza gülməli məqamlar ağlamalı dərəcəyə çatıb.

Yaxınlarda hüzr mərasimində idim. Vəfat edən çevrəsinin sevimlisi bir adamdı. Mərasim zalının yuxarı başında gülümsəyən şəklini görüb çox təsirlənmişdim, amma məclisi idarə edən mollabacının danışığı və əcaib düşüncəsi qoymadı ki, mərhuma son borcumuzu qabiliyyətlə verək. Başlanğıcda ərəbcənin cənub ləhcəsində Quran ayələri eşitdik. Çox keçmədi, mollanın avazı, sədaları getdikcə yüksələn "qadın xor kapellası”na qarışdı. Məclisdəkilərdən 5-10 nəfər onun nitqində yeganə anlaşılan kəlmə "Amin”i təkrarlasa da, digərləri "gəlini budur”, " ay qız, "Yemekteyiz”dəki o ifritəni gördün”, "maşın almısan, mübarəkdir, "prava” neçəyə başa gəldi”, "bu qudalara bax, əvvəl qohum oldular, sonra düşmən” modunda şıdırğı söhbətdəydilər. Arabir eynəyinin üstündən məclisə baxan molla anladı ki, ərəbcə danışmağa bir az da davam eləsə, ağız deyəni qulaq eşitməyəcək, tez fatihə verib, keçdi öz aləmində informativ, motivəedici söhbətə.

Üzünü yanında əyləşən mərhumun həyat yoldaşına tutub dedi - "müəllim əməlisaleh adam olub, eşitmişəm. Yəqin Allah onu o dünyada hurilərlə mükafatlandırıb”. Sonra başladı huriləri tərif eləməyə - zərif, parıltılı, inci dənələri kimi sıralanmış... "Dodaq qönçə, tel pərişan, bel nazik”... Bəxtdən yaxında oturmuşduq və istər-istəməz gözümüz həyat yoldaşını itirməyin acısını doya-doya yaşamağa macal tapmadan onun haqqında "ciddi kompromat əldə etmiş” xanıma sataşdı... Kişi elə bil rəhmətə yox, ezamiyyətə getmişdi... Əri ölən hansı qadına desən ki, kişi indi o dünyada hurilərin əhatəsindədir, kefi pozular da...

Paaah, qadınlara bundan gözəl malzəmə? Gəl indi pıqqıltını kəs... Biri dedi, kişi bilsəydi, çoxdan gedərdi, biri dedi, arvad çox qalmaz, gedib yaxasından yapışacaq ki, əə, naayresan burda, hayyy?.. Biri dedi, bu mollaya böhtan maddəsi ilə iş düşür, o biri başladı ki, Allah ərəblərə o dünyada hurilər vəd edib, özlərini yaxşı aparsınlar, amma manyaklar nağd dalınca qaçıblar, bu dünyada 4 arvadın iznini almadan qurbanolduğumuzdan əl çəkməyiblər... Hərə bir salfet götürüb gözündən axan gülüş yaşlarını silməyə başladı.

Sıradakı fatihədən sonra mollabacı necə qəfil dönüş elədisə, bir də baxdıq gedib çıxıb Rusiya ordusuna: "Gör, bu İslam necə böyük, gözəl dindi ki, urus padşahının mənnəm neçənci ildə müharibəyə gedən zabitləri başlarına dəbilqə qoymurlar.., onun içinə Quran ayəsi yazdırırmışlar ki, salamat dönsünlər”. Lənət sənə kor şeytan. İndi bu arvada necə başa salasan ki, "eeeeee, mənnəm neçənci ildən” Rusiya imperiyası əhalisinin ciddi bir hissəsi müsəlmanlardır, müsəlman zabitlər yaxalarında xaç gəzdirsələr də, dəbilqələrinin içərisinə Ayətül-Kürsi yazdırırdılar - bundan doğal nə ola bilər? Mollabacı hardasa, kimdənsə yar-yarımçıq eşitdiyi bu məsələni də məclisə sırıyıb, salavat paradına başladı – yaxşı ki, "o qələbəlikdə” vəfat edənin ruhu yaddan çıxmadı...

Məclis əhli huri və dəbilqə polemikasını sürdürərək bu savadsız ev arvadlarının əlinə kağız verib molla adı ilə millətə sırıyanların əmvatını ürəkdən yad edirdi ki, növbəti anons gəldi: "Süfrəyə ehsan gəlir, xanımlar, inşallah, uzadın əllərinizi, Allah qəbul eləsin”. 
Qaşıq boşqabla, pendir lavaşla, düyü qovurma ilə qovuşdu, mədələr şad oldu. Biri əlini qaşığa uzatmamış insulin iynəsini əzələyə yeritdi, bir neçəsi çantasından kağızı xışıldayan həzm dərmanı çıxarıb gözünün qabağına qoydu... Axırda da nə süfrə duası, nə "ehsanı qəbul eylə, xərcini halal eylə” rədifli mərsiyə... sərt komanda - dağılışın, kişilər gəlməlidir...

Dönüşdə düşündüm, axı, bu məclisin vəfat edənə nə dəxli vardı? Niyə biz 2 saat bu adını düz yazdığı böyük şübhə doğuran, müsəlmanlardan başqa heç kimin cənnətə girməyəcəyinə inanan mollabacıların çənəsini altında müticəsinə oturmalıyıq? Öz dilində qüsurlu danışan, insanların "ərəbcə” ayə oxuması, İslama hansı üstünlük qazandırır, bunun ölüyə, diriyə xeyri nədir? Olmazmı, hüzr mərasiminə yığışanda Quran kəlamlarını ana dilimizdə eşidək, anlayaq, dünyadan gedənin xeyir əməllərindən söz açaq, kədərlənək, ağlayaq, yeri gələndə, gülümsəyək, yaradana onun ruhu üçün dua edək? Axı, yaxını vəfat edən ailə niyə bir şəhər adamı yedirib-içirməli, mollanın camaata multiplikasiya danışması üçün pul xərcləməlidir?

Bir gün ruhumuzun o dünyadan bizim üçün qurulacaq hüzr məclisinə baxıb kədərlənməməsi üçün dəyişmək gərəkdi bu səfeh adətləri.

 

Oxşar xəbərlər