Həzrət İsa (ə) çarmıxa çəkilməmişdir...

  • 07 yan 2018, 10:11
Qurani-Kərim Həzrət İsa (ə) barəsində buyurur: "Həqiqətən, Allah yanında İsanın hekayəti, (yaradılışının necəliyi baxımından) Adəmin hekayəti kimidir. Allah onu torpaqdan yaratdı, sonra ona «(canlı insan) ol!» dedi, o da oldu. (Sanki sən onun olmasını görürdün. Əlbəttə Adəmin cüssəsi çöldə, İsanınkı isə ana bətnində yaradıldı və onların hər ikisi Allahın əzəli əmri ilə, atasız insan oldular. Əgər belə bir iş tanrılığa dəlalət edirsə, onda gərək onların hər ikisi tanrı olsunlar)”. ("Ali-İmran” 59).

Allah Təala bu qısa izahatla Həzrət İsanın (ə) atasız dünyaya gəlişini məzəmmət edənlərə aydın cavab vermiş və onun atasız olmağını heç də təəccüblü hesab etməmişdir. Çünki ondan da təəccüblü olan hadisə - Həzrət Adəmin (ə) yaradılışı olmuşdur. Onun nə anası və nə də atası olmuşdur. (Tebyan)

Ona görə də Allah Təala sonrakı ayədə buyurur: "(Bu mətləb) sənin Rəbbin tərəfindən olan sabit bir həqiqətdir. Odur ki, əsla şübhə edənlərdən olma!”. (60).

Xrsitianlar iddia edirlər ki, Həzrət İsa (ə) çarmıxa çəkilmişdir, o, səmaya qalxmamışdır. Quran bu iddianı inkar edir və buyurur: "(Yada sal) o zaman(ı) ki, Allah dedi: «Ey İsa, həqiqətən, Mən səni (camaatın arasından) götürəcək, Özümə tərəf qaldıracaq, küfr edən kəslərdən (onların cəmiyyətlərinin çirkinliklərindən) paklaşdıracaq və Qiyamətə kimi sənə tabe olanları (son ilahi islahatçının zühurunadək xristianları, ondan sonra isə müsəlmanları) kafirlərdən (yəhudilərdən) üstün edəcəyəm. Sonra isə sizin qayıdışınız (axirətdə) Mənə tərəfdir. Beləliklə, sizin aranızda haqqında ixtilafda olduğunuz şey barəsində hökm çıxaracağam»”. ("Ali-İmran” 55).

Quran başqa yerdə bu həqiqəti belə bəyan edir: "Həmçinin (İsaya qarşı olan) küfrlərinin və Məryəmin (İsanı haradan gətirməsi) barəsində dedikləri böyük böhtanın cəzası olaraq və eləcə də «biz Allahın peyğəmbəri Məryəm oğlu İsanı öldürdük» demələrinə görə (lənət və əzaba düçar oldular)! Halbuki onu öldürmədilər və çarmıxa çəkmədilər, amma iş onlara belə göründü (güman etdilər ki, İsa döyüşdə öldürüldü, yaxud onun şəklində olan başqa bir şəxsin öldürülməsini güman etdilər, yaxud da yalandan peyğəmbərlik iddiasında olan İsa adlı birisi bir müddətdən sonra öldürüldü). Həqiqətən onun barəsində fikir ayrılığında olanlar bu barədə şəkk və tərəddüd içərisindədirlər və o haqda zənn və gümana tabe olmaqdan başqa bir elmləri yoxdur. Onu həqiqətən öldürməyiblər”. ("Nisa” 156-157).

Beləliklə deyə bilərik ki, Həzrət İsanın (ə) səmaya qalxmasının səbəbi – onu öldürmək istəyən yəhudilərin fitnəsindən xilas olmaq olmuşdur. Belə ki, yeni təlimin, həqiqi İlahi kəlamın gəlməsindən qorxuya düşən, öz hakimiyyətlərinin itməsindən xoflanan yəhidi ruhaniləri fitnə yaradaraq onu öldürməyi düşünürdülər. Allah da İsanı (ə) səmaya qaldıraraq bu fitnədən xilas etmişdi.

Ona görə də Həzrət İsanın (ə) çarmıxa çəkilməsi iddiası – yanlış iddiadır, yuxarıdakı ayələr bu həqiqəti bir daha təsdiq edir.

 /Deyerler.org/
Oxşar xəbərlər