Bublik köşə yazarı - Zamin Hacı yazır

  • 06 yan 2018, 10:17

Deyir teleqüllə ətrafında çatlar yaranmışdır, sürüşmə zonası aktivləşmişdir. Burada 3 səbəb ola bilər: ya televizorda çoxlu şirin yalanlar danışmaqdan torpaq çat verir, ya Amerikadan maliyyələşən xarici qüvvələr Həmid müəllimdən borc aldıqları tektonik silahı işə salıblar, ya da Əli Kərimlinin əli vardır.

Ümumiyyətlə, televiziyanın bizim həyatımızda rolu olduqca böyükdür. Onlar bizim evlənməyimizdən, dünyaya uşaq gətirməyimizdən tutmuş yoxa çıxmağımıza və tapılmağımıza, yeməyimizdən geyimimizə, musiqi zövqümüzdən siyasi qanmazlığımıza qədər hər işə qarışırlar. Mütləq qarışmalıdırlar da. (Burada çaşıb öncə "qarışmalıdır” yerinə "qırışmaldır” yazmışdım). Kimsə adam öldürəndə də bunu televiziya işçiləri axtarıb tapırlar, qəmli süjetlərlə göstərirlər, nəticədə hüquq-mühafizə orqanlarımız zəfər çalır, ədalət təntənə eləyir, sabitlik qol-budaq atır.

Dövlət idarələrinin publik şəxslərə çevrilməsi də sürətlənir, bəlkə yaxın zamanda dövlət büdcəsindən maliyyələşən heç bir dövlət idarəsi qalmadı. Hamını buraxırsan, gedib başlarını saxlasınlar. Özünümaliyyələşdirmə eləsinlər. Uzaq olsun, SSRİ-nin axır vaxtlarındakı kimi, "xozraşşot”a keçməyi biz görmüşük. O zaman hər bir dövlət idarəsinə hətta yardımçı təsərrüfat qayırmağa icazə verilmişdi. Görürdün metallurgiya zavodu donuz ferması açıb, məktəb kartof əkir, nə bilim, kosmik tədqiqatlar idarəsi metronun başında piştaxta qoyub "Bakuş” satır və sairə. Eh, indiki nəsil heç "Bakuş” nədir bilmir. Gör hara gəldik çıxdıq. Tarixini unudan millət məhvə məhkumdur, canım üçün.

Ancaq mən təklif edərdim publik hüquqi şəxs anlayışını camaatımızın daha yaxşı başa düşməsi üçün onu milli dilimizdə "bublik hüquqi şəxs” adlandıraq. Ağlamayana bublik yoxdur, yaxud, gedin özünüzə bublik qazanın mənasında. Örnək üçün, tələbə qəbulunu artıq publikə çevirəndən imtahanlar pullu olur, idarənin işçilərinin də bubliki həmişə vardır. Mən özüm bu dəqiqə məmnuniyyətlə bublik köşə yazarı olardım. Dünya media tarixinə bublik qəzetçiliyinin yaradıcısı kimi düşərdik. Bublik oxucularımız da ümid edirəm tapılacaqdır.

Əsas odur sabitlik olsun. İlf və Petrovun "12 stul” əsərində deyilən kimi: "Bunlar Volqaboyunun ac uşaqları, yetimlərdir”. Hələ başqa fantastik sitat da vardı: "Çar rejiminin ağır irsidir”. Keçən ilin axırlarında bir axmaq ata uşağını internetdə satışa çıxarmışdı. Halbuki, ilk növbədə dövlətə təklif edə bilərdi. Ağıl yoxdur axı. Dövlətimiz, milli hökumətimiz, müstəqilliyimiz dura-dura sən uşağı niyə başqasına satırsan?

Qazaxıstanda isə bu arada 79 qeyri-qanuni miqrant işçini tutublar. Hamısı azərbaycanlı imiş. Yadıma gəlir, keçən ay Kanada miqrasiya xidmətinin adından açıqlama da yayılmışdı, deyir minlərlə azərbaycanlı orada sığınacaq almışdır. Bunların içərisində... 7 milyonçumuz da varmış. Kanada qanunlarına görə oraya 600 min dollardan çox investisiya qoyan, ya da o dəyərdə ev-zad alan adama vətəndaşlıq verirmişlər. (Çox həvəsə gəlməyin, artıq 3 ildir o qanun ləğv edilib). Burda milyonçumuz rəsmən yoxdur, ancaq Kanadada varmış. Necə deyərlər, öz vətənində milyonçu olmazsan. Məsəlin orijinalında, əlbəttə, peyğəmbərdən söhbət gedirdi, ancaq bizdə elə milyonçu olmaq peyğəmbərlik kimi bir şeydir.

Bəs bu adamlar niyə işi, sığınacağı Qazaxistanda, Kanadada axtarırlar? Əşşi, fərqi nədir ki, hamısı türk yurdudur. Qazaxıstan məlumdur, Kanada da yerli hinduların dilində "kənd” deməkdir. Kanadaya gəlmək, kəndinə gəlməkdir. Eramızdan min illər qabaq Çukotkada iş axtaran azərbaycanlı kəndlilər Berinq boğazından keçərək Kanada ərazisində məskunlaşıblar.

İşsizliyə görə müavinətin ləğvinə də bu aspektdən yanaşmalıyıq - ekspertlər demişkən. Hamıya bubliklər verilirsə, müavinət nəyə lazımdır?

Zamin HACI
Oxşar xəbərlər