“İlin adamı”- İlham Əliyev, Qurban Qurbanov...

  • 20 dek 2017, 08:23

Politoloq, deputat və iqtisadçının seçimi...

Artıq bir neçə gündən sonra 2017-ci il tarix olacaq. Bu il bir çox sahələrdə, o cümlədən ölkənin siyasi, iqtisadi, idman və mədəniyyət sahəsində mühüm dəyişikliklərlə  yadda qaldı. Maraqlıdır, bəs qeyd edilən sahələrdə ən çox müzakirə edilən, önə çıxan, "ilin adamı” kim oldu?

İlk öncə siyasətdən başlayaq. Qeyd edək ki, bu il siyasi aləmdə bir çox yeniliklərə, böyük strateji beynəlxalq layihələrə imza atıldı.  Bəs siyasilər "ilin adamı”nı kimin şəxsində görür?

Politoloq Elxan Şahinoğlu siyasi arenada  "ilin adamı” kimi ölkə prezidentini və birinci vitse-prezidenti gördüyünü dedi: "Çünki onlar mühüm açılışlarda iştirak etdi, ölkənin daxili və xarici siyasət kursunu müəyyənləşdirdilər. Yəni bütün hallarda siyasətdə aktiv olduqları üçün onları ”ilin adamı" görürəm.

İlin sonuna  yaxın siyasətdə mühüm dəyişikliklər baş verdi, nazirlər dəyişdi. Bu ondan xəbər verir ki, ola bilsin ki, qarşıda prezident seçkiləridir, müəyyən strateji işlər aparılır, gənclərə yol açılır, köhnə oturuşmuş siyasətçilərdən uzaqlaşırıq. Bu mənada bütün bunlara imza atmış şəxsləri fərqləndirirəm".

Deputat  Fazil Mustafa sualımıza bu cür cavab verdi: "Hesab edirəm ki, siyasi məkanda ”ilin adamı" kimi bir neçə şəxsin üzərində dayanmaq olar. Mən daha çox iki insanı görürəm. Onlardan biri ölkənin ictimai-siyasi həyatında iştirakla bağlı ola bilər. Amma mən "ilin adamı” kimi  həm idman, həm də şübhəsiz ki, siyasi anlamda böyük təbliğatı iş görən, "Qarabağ”ın uğurlarına imza atan Qurban Qurbanovu görürəm. Çünki o, Azərbaycan üçün gözlədiyimizdən də artıq uğur əldə etdi, ölkəmizin dünya arenasında tanınması istiqamətində addım atdı".

Bəs geridə qoyacağımız 2017-ci ildə iqtisadi sahədə daha çox müzakirə edilən şəxs kim oldu?

İqtisadçı Natiq Cəfərli bu il iqtisadi mövzularda ən çox önə çıxan şəxsin Azərbaycan Mərkəzi Bankın sədri Elman Rüstəmov olduğunu bildirdi: "Bu il də onun adı həm pozitiv, həm də neqativ planda hallandı.istənilən açıqlamaları cəmiyyətdə ciddi müzakirə mövzusuna çevrildi. çünki dili çox ağır və anlaşılan deyildi. buna görə də bu ilin iqtisadi informasiya məkanında ”ilin adamı" kimi həm neqativ və pozitiv halda daha çox müzakirə olunan mərkəzi bank rəhbərinin  olduğunu düşünürəm. elman rüstəmov bu il də israrla "üzən məzənnə” rejimi olduğunu söyləyirdi, halbuki artıq bir neçə aydır sübut olunur ki, məzənnə tam inzibatidir və mərkəzi bankın inzibati nəzarəti altında formalaşır və elan edilir".

Image result for Dünya Sakit

İqtisadi yazar Dünya Sakit isə "ilin iqtisadiyyat adamı” kimi hüquqşünas, "Standard Bank” Kreditorlar Komitəsinin sədri Əkrəm Həsənovu qeyd etdi: "Bağlanan ən böyük bankın - ”Standard Bank"ın kreditorlarının hüquqlarının müdafiəsi sahəsində gördüyü işlərə görə buna layiqdir. Eyni zamanda problemli kreditlərə görə bankların təzyiqləri ilə üzləşən insanlara əksər hallarda təmənnasız hüquqi yardım göstərir. Çox vicdanlı və peşəkar mütəxəssisdir".

Ekspertlər də qeyd edir ki, bu il mədəniyyət aləmi daha çox qalmaqallarla, xalq artistlərinin bir-birilərini təhqir edib, məhkəməyə verməsi ilə yadda qaldı. Bəs "ilin adamı” kim oldu? Aparıcı, müğənni- bəstəkar Murad Arif ilin adamı kimi heç kimi görmədiyini bildirdi: "İlin adamı isə heç kimi görə bilmirəm. Çünki ilin adamı  olmaq üçün heç kəs böyük iş görmədi. Məsələn, xarici arenaya çıxa bilmədik, ”Avrovizion" yarışmasında heç ilk beşliyə düşmədik".

Tanınmış mədəniyyət yazarı Zakirə Zakirqızı mövzu ilə bağlı "Yeni Müsavat”a danışıb:

"Bu il Musiqi Akademiyasının professoru olan Zəhra Quliyevanın zəhmətini yüksək qiymətləndirirəm. Çünki elə beynəlxalq simpozium yoxdur ki, onun tələbələri ordan qalibiyyət xəbəri ilə, diplomlarla qayıtmasın. Yəni bu insan Azərbaycan musiqi sənəti üçün iş görür. Ümumiyyətlə isə mən Azərbaycan mədəniyyətini yorğun dərvişə, sözü bitmiş aşığa bənzədirəm. Bu gün Azərbaycan mədəniyyətində xalq artistlərinin sözü bir-birinin boğazından keçmirsə, onların səsi səhnələrdən deyil, məhkəmə zallarından gəlirsə, aktyorlarımız rol iddiası ilə deyil, təzminat iddiası ilə kükrəyirlərsə, hansı mədəniyyətdən danışırıq?”

Musavat.com

Oxşar xəbərlər