Oliqarxların yanlış media davranışı

  • 30 noy 2017, 08:30

Yaxud "AST Telman”ın Ziya Məmmədovun başına səpdiyi yüzlüklər, Mübariz Mənsimovun "batmaqda olan gəmisi”

Müasir dünyadan baş çıxarmaq hər kəs üçün çətindir. O ki qala böyük-böyük işlər görənlər üçün. Yalnız qafası, beyni daha dəqiq işləyənlər başını, işini, biznesini, vəzifəsini, karyerasını qoruyub saxlaya bilir. Kapitalizmin yazılmış və yazılmamış qanunları bunu diqtə edir...

Dünya indi məhz kapitalizm dəyərləri üzrə "fırlandığından” hazırda dünya siyasətinin əsasını, belə demək mümkünsə, iqtisadi maraqlar təşkil edir. Hətta bəzən beynəlxalq hüququn belə böyük iqtisadi maraqlar, maddi dartışmalar qarşısında "əli qandallı” dayandığını görürük. Bu baxımdan böyük güclərin, siyasi qüvvələrin, dövlətlərin marağında məhz böyük investorlar, iş adamlarıdır. Əlbəttə, məqsəd təkcə onlarla əməkdaşlıq və həmin şəxsləri özünə çəkməkdən ibarət deyil. Gizli məqsəd həm də o oliqarxları bitirib, tutduqları hazır iqtisadi məkanları və paralarını əlindən almaqdır. Yeri gəlmişkən, Qərbin bir sıra ərəb ölkələrində "demokratiya axtarışının” səbəbləri də elə məhz fantastik paraları ələ keçirmək idi...

Xülasə, hazırda dünyada bir iqtisadi çalxalanma gedir. Bu təlatümlər içərisində isə yalnız o iş adamları, o böyük sahibkarlar daim uğurlar qazanır və sonadək proseslərin içərisində qala bilirlər ki, ciddi media ilə təmasdadırlar, sağlam jurnalistlərlə müsahibədən qaçmırlar, PR-larını qura və mətbuat üzərindən cəmiyyətə, dünyaya olduqları kimi çatdırırlar.

Əgər "özündən deyən” böyük iş adamının media əlaqələndiriciləri yoxdursa, yaxud həmin adamları prosesləri qiymətləndirə bilməyənlərdən, başı normal işləməyənlərdən, yalnız özünü ağıllı göstərməyə çalışanlardan ibarətdirsə, onda həmin sahibkar lap tez çökür. Mən hansısa bir marketi, 2 marşrut avtobusu, fermer təsərrüfatı, 15 hektar əkin sahəsi olan zəhmətkeş sahibkardan danışmıram. Dünya boyunca tanınan, əlində milyardlar dolaşan (onunla işim yoxdur ki, həmin pulların mənbəyi mafiyalara aiddirmi, yoxsa biznes qazancıdırmı və s.)  iş adamlarından söhbət gedir. Əlbəttə, onlar böyük iqtisadi, bəzən siyasi proseslərə belə təsir edə bilən oyunçulardır. Bu şəxslər isə özlərinin "qara-qura işlər sahibi” imicini dağıtmadıqca, gizləndikdə, qeyri-ixtiyari şəkildə və həm də bir qanunauyğunluq kimi bəlli güclərin qurbanına çevrilirlər.

Bu taleyi hər kəsin gözü önündə "AST Telman” kimi tanınan Telman İsmayılov yaşadı. Özünü elə aparırdı ki, sanki media heç nədir. Biləsiniz, onu elə dünya mediası çökdürdü, medianı saymadığı üçün sonu bəlli. Rusiyadan qaçıb Türkiyəyə sığındı, orada da baş çıxara bilmədi. Çünki türk mediasında "AST Telman” görünmədi. Biləsiniz, Türkiyədə iş adamları mediada görünməyə həm də bir prestij kimi baxırlar. Özlərinə cəmiyyətdə dəstək, nüfuz qazanırlar, imizlərini formalaşdırılar və bir növ sığortalanırlar. "AST Telman” isə neynirdi? 1 milyon dollar pul verib, Cenifer Lopesə bir-iki ağız mahnı oxutdurub, qan-tərin içində dizini yerə qoyub oynayırdı çırtıq vura-vura. Ziya Məmmədov oynayanda onun korrupsiya ideyaları dolaşan başına 5 "paçka” 100-lük dollar səpmişdi. İndi o adamlar buna sadəcə gülür ki, bu necə ağılsız imiş!

Əgər T.İsmayılov o pulların yarısını media ilə əlaqələrə xərcləsəydi, indi "AST Telman” daha güclü bir iqtisadi oyunçu olaraq qalırdı. Keçmiş olsun!

İndi oxşar taleyi hörmətli Mübariz Mənsimov yaşaya bilər və deyəsən, yaşamaqdadır. İstər-istəməz üzülürsən bir soydaşının belə davranış və bataqlığa doğru getməsinə. Adamın dünya sularında üzən gəmisini, obrazlı desək, "batırmaq” istəyirlər böyük güclər. Bu zamanda isə medianı biz Mübariz Mənsimova dəstək verən görə bilmirk. Çünki o dəstəyi qazanmayıb. Buna haqq etməyib...

Məgər bu insanların bir ictimai düşüncəli, prosesləri qiymətləndirə biləcək dostu, tanışı, söz deyə biləcək adamı yoxdurmu? Yoxsa onlar özlərini belə ideal, "saymaz” göstərməklə, sonda özlərini bitirdiklərinin fərqinə varmırlar?

Media açıqlığı olanlar isə böyüyür. MDB məkanındakı iş adamlarına və onların media, cəmiyyətə açıqlıqla bağlı davranışlarına baxanda daha dəqiq müqayisə aparmaq və ciddi nəticə çıxarmaq mümkündür. Adlar çəkmək istəməzdim, amma medianı özünə dost edənlərə diqqət edin: onlara kimsə bata bilmir, yaxud buna cəhd etməyə belə cürəti çatmır. 

Media 21-ci əsrin ən ağır və qorxulu silahıdır. "Kapitalizm qılıncı”nın qarşısında yeganə qalxan mediadır. Bunu qavramayan şübhəsiz ki, məhvə məhkumdur...

Oxşar xəbərlər