Xəyanətkar məmurlara - şair İlham Musaoğlunun şeiri

  • 18 noy 2017, 10:44

Bir qrup dələduz, çörək qədri bilməyən, nadürüst, xəyanətkar  məmurlara ithaf olunur.

 

Bəxtəvər  olsun başın bəxtimiz oğlan imiş

 

Arvad, nəsil kökümüz dəqiq müsəlman imiş

Bəxtəvər olsun başın, bəxtimiz oğlan imiş

 

Bizlər yalan satmışıq, özümüz özümüzə

Nankorlar rişxənd edib, həqiqi sözümüzə

Həmişə dələduzlar, dayanıb üzümüzə

Gördükləri işlərin, hamısı üsyan imiş

Bəxtəvər olsun başın, bəxtimiz oğlan imiş

 

Uşaq-muşaq qanmayıb, heç yerdə böyük-kiçik

Odur ki, vətənindən, çoxları düşüb incik

Bəlkə bizə göz dəyib, yandıraq bir üzərlik

Üstümüzə xox edən, sən demə xortdan imiş

Bəxtəvər olsun başın, bəxtimiz oğlan imiş

 

Dillərdən, ağızlardan, düşməyirdik son zaman

Onlarda qalmamışdır, namus, qeyrət, nə vicdan

Xeyli sayda çoxalmış, daxili qara dovşan

Bizləri parçalayan, bir başa aslan imiş

Bəxtəvər olsun başın, bəxtimiz oğlan imiş


Əlbəttə ki, hamımız diqqətli olmalıyıq

Bir yerə çəkic vurub, qüvvətli olmalıyıq

Keçmişə nəzər salıb, qeyrətli olmalıyıq

Torpaq əldən gedibdir, üstəlik talan imiş

Bəxtəvər olsun başın, bəxtimiz oğlan imiş


Hamımız bilməliyik, xalqı incitmək olmaz

Bu torpağa, dövlətə, xəyanət etmək olmaz

Millətin xatirinə, səhv yolla getmək olmaz

Məmurların bir qismi, bir əfi ilan imiş

Bəxtəvər olsun başın, bəxtimiz oğlan imiş

 

Dinləməyi bacaraq, eşidək camaatı

Hər şeyi tənzimləyib, verməyək ehtiyatı

Maşallah hələ çoxdur, dövrümüzün fanatı

Söz aparıb gətirən, gizlində cırtdan imiş

Bəxtəvər olsun başın, bəxtimiz oğlan imiş

 

Həyatda itirməyək, halal nemət, çörəyi

Əbədi yaşadığın, xoş arzu, xoş diləyi

Yüksəklərə qaldıraq, şan-şöhrəti, əməyi

Ədaləti pozmayın, bu bəla tufan imiş

Tutduqları əməllər, necə də qan-qan imiş

Bəxtəvər olsun başın, bəxtimiz oğlan imiş

İlham Musaoğlu - ŞAİR

 

 

Oxşar xəbərlər