"EKOLOGİYA" adlı bir kitaba biganəliyin pərdəarxası

  • 15 noy 2017, 14:49

Ekoloji mədəniyyətə sahib olmaq istəyiriksə...?

Kitabı müəllif, onun aqibətini isə cəmiyyət yaradır. (Viktor Hüqo)

Dahilər kitab haqqında çox mülahizələr yürüdüb. Lakin Viktor Hüqo buyurduğu kimi, ən kamil insan belə, yaratdığı sənət əsərlərinin taleyini zamanla Adəm övladının ixtiyarına buraxıb.

Ağıllı insanlar tərəfindən sonrakı nəsillərə miras qalan kitablar qaranlıqda bir şam kimidir. Həqiqətən, elə kitablar vardır ki, o kitabları oxuyub mahiyyətinə varmaq insanlığı vahimədən, zülmətdən azad edər. Hikmətlə göstərilən düzgün yol bəşər övladını pisliklərdən çəkindirər, onu haqqa, nurlu gələcəyə aparar. Mənə görə, kitablar möcüzədən doğulur, ya da mürəkkəblə kağız özü möcüzələr yaradır.

Bu günlərdə "möcüzəli” daha bir kitabın oxucusu oldum. Ziyatay İbrahimov adlı bir elm əhlinin zəkası və zəhmətilə yoğrulan, alimin düşüncə və beyin süzgəcindən süzülən "EKOLOGİYA” adlı kitab inanıram ki, çoxlarına tanışdır. Fəqət, təkcə Azərbaycanın deyil, eyni zamanda bütöv yer planetinin mövcud ekoloji böhran vəziyyətini dəyərləndirməyə imkan verən bu mükəmməl kitaba laqeydlik hökm sürür. Aidiyyatı qurumlar, xüsusən də ölkə ekologiyasına və təhsilə cavabdehlik daşıyan nazirliklər 10 ildən artıqdır ali məktəblərdə dərs vəsaiti kimi istifadə olunan bu elmi kitaba lazımınca qiymət vermirlər. Ağır ittihamda bulunsam da, məncə heç nazirlərimiz adıçəkilən kitabı oxumayıblar, ya da kitabda bəhs olunan taleyüklü məsələlər onların heç umurunda da deyil. Olsaydı, kitaba görə də onlara irad bildirmək zorunda qalmazdıq.

Qəribə səslənsə də, qeyd olunmalıdır ki, "Ekologiya” kitabı bu sahədəki problemləri ən müasir səviyyədə əhatə edən, çoxpilləli tədris proqramına uyğun yazılmış, məzmunca dolğun, formaca yığcam dərs vəsaitidir. Və ekologiya sahəsində sadə və başadüşülən səlis dildə hazırlanan, əsasında dolğun dərsliyin hazırlanması da mümkün olan yeganə elmi əsərdir. Belə bir dərsliyin-dərs vəsaitinin təkbaşına hazırlanması təbii ki, müəllifdən fitri istedad, zəngin pedoqoji təcrübə, həm də çoxşaxəli yüksək bilik səviyyəsi tələb edib. Bunlarla yanaşı, alimin maddi imkanlarının çox məhdud olduğunu, dövlət tərəfindən kitabın çap xərclərində heç bir maliyyələşdirmənin olmadığını bilirik. Bu səbəblər üzündən, kitaba tələbat olsa da, müəllif öz xərci hesabına kitabın az tirajla dərcinə məcbur olub. Elə isə, bu dəyərli kitabı müəllifin öz şəxsi uğuru kimi qiymətləndirməkdən başqa çarəmiz qalmır. Axı, belə daha ədalətli səslənir. Çünki, 2007-ci ildən bu yana rəsmi müraciətlər, bir sıra alimlərin rəy və təklifləri olsa da nə Ekologiya və Təbii Sərvətlər Nazirliyi, nə də Təhsil Nazirliyi maarifləndirici əhəmiyyətli sözügedən dərsliyin kütləvi dərcinə heç bir maraq göstərməmişdir. Hər iki nazirlik büdcədən dərsliklərin dərcinə maddi vəsaitin ayrılmadığını əsas götürməklə, alimlə yanaşı daşıdıqları vəzifə öhdəliklərinə də, cəmiyyətə də aşkar sayqısızlıq nümunəsi sərgiləmişdir. Görünür, şəxsən ekologiya və təhsil nazirləri son 15 ildə universitetlərdə ekoloji sahədə aparılan tədris proseslərinə - ekoloji kadrların hazırlanmasına töhfələr vermək kimi mənəvi borcun varlığını da unudublar.  

 

FOTODAKI "Ekologiya" kitabının müəllifi - professor Ziyatay İbrahimovdur

 

Z.İbrahimovun 2006-cı ildə dərc etdirdiyi 303 səhifəlik "Ekologiya” kitabı və kitabın təkmil forması kimi 2009-cu ildə 630 səhifəlik eyniadlı dərs vəsaiti oxucusunu ekoloji mədəniyyətə səsləməklə, insan təfəkkürünün ekolojiləşdirilməsini istəyir. Təbiət vurğunu olan alim yalnız ekoloji tərbiyəyə yiyələnməklə müharibələrə son qoyula biləcəyinə əmindir.

Yazının əvvəlində söylədiyim kimi, bir kitab möcüzə yarada bilib və buyurun. Bu kitab (alim-müəllif) dünyanın SÜLH açarını – Ekologiyanı bizə tanıdır, onu sevməyə sövq edir. Yoxsa, insanın biosferə və onun ayrı-ayrı tərkib hissələrinə təcavüzü görünməmiş həddə çatıb. Bunun durdurulması vacibdir, yoxsa sonu dərin böhrandır.

Kitabda biosferə və onun ayrı-ayrı tərkib hissələrinə-atmosferə, hidrosferə, litosferə və biotik birliklərə antropogen təsirləri, təsirlərin növləri, mənbələri, sonda belə təsirlərin ekoloji nəticələri təhlil olunur. Ekoloji qəza və fəlakətlərin önlənməsi elmi məsləhətlərlə izah edilir. Yol verilən son hədd tullantıların minimuma endirilməsinin yolları göstərlilir. Böyük ekoloji problem yaradan bərk məişət tullantılarının zərərsizləşdirilməsi və müasir istifadə üsulları da göstərilir.

Beləliklə, yuxarıda qeyd etdiklərimizi nəzərə alsaq, baş verən ekoloji dəyişikliklərin təhlili, izlənməsi və müvafiq tədbirlərin görülməsi sahəsində əhalinin maariflənməsinə, müəllifin dediyi kimi, ekoloji mədəniyyətin formalaşmasına ehtiyac var. Həqiqətən oxumağa, oxumaq üçün də "Ekologiya” adlı belə bir kitabın kütləvi dərcinə böyük ehtiyac var.

İnsanlarda təbiətə düzgün münasibəti sevgini formalaşdırmadan, ekoloji bilikləri cəmiyyətlə paylaşmadan bu sahədə effektiv nəticəyə nail olmaq mümkünsüzdür. Yəqin ki, başbilənlərimiz bu barədə düşünsələr yaxşı olar.

Sonda dahi mütəfəkkir R.Bredberinin bir deyimini xatırladım. "Bir mədəniyyəti yox eləmək üçün kitabları yandırmağa gərək yoxdur. Oxumağın qarşısını alın, məhdudlaşdırın, yetər”. Mən isə deyirəm: "Gəlin, kitabların qədrini bilək, oxuyaq! Oxumuruqsa, barı oxuyanlara, kitab yazanlara yol açaq!

Əgər Azərbaycanda ekoloji mədəniyyətə sahib olmaq istəyiriksə, nazir də, alim də, jurnalist də - hər kəs mütləq özündən başlasın!!!”

Osman Nərimanoğlu

Demokratik.Az

Oxşar xəbərlər