ANA əllərindən öpən GENERAL

  • 11 noy 2017, 21:40
Bu ananın əllərindən öpən generalı tanımıram. 
Yalnız şəklini görmüşəm. 
Qarabağ uğrunda 
şəhid olan bir oğulun 
anasının qarşısında 
generalın başını əyərək 
ananın əllərindən öpməsi 
bütün qəhrəman, 
müqəddəs anaların 
qarşısında onlara olan 
sevginin, məhəbbətin 
səmimi etirafıdır!


 

Qəlbində Qarabağ, 
torpağ ağrısı,
Şəhid dərdlərini daşıyır hələ.
Dərdli anaların dərdinə şərik,

Yaxşı ki, oğullar yaşayır hələ.

Bütün ürəklərin ağrısı torpaq,
Dil açar yurdların əsir səsində.
Bir ana laylası, Ana ağısı,
Dillənər "Qarabaq” şıkəstəsində.

Tale sınağından üzü ağ çıxan,
Nər təki bir oğul böyüdən ana.
Müqəddəs ananı, qəhrəman oğlu,
Tale bəxş eləyib Azərbaycana.

Başını çiyninə qoyub dərdinin,
Gözləri zillənər yollara sarı.
Analar qəlbində sağalmaz yara,
Bir müjdə gətirməz kənd uşaqları.

Səcdəyə, hörmətə layiq hər zaman,
Ana qarşısında diz çökən oğul.
Çiynini ananın tərbiyəsinə,
Ananın adına söykəyən oğul.

Yurdumun cəngavər, igid balası.
Özünü öymədin, öyünmədin sən.
Ana qarşısında başını əydin,
Ölüm qarşısında baş əymədin sən.

Analar ömrünü sıxar intizar, 
Gözünün nurunu yollara səpər.
Şəhid məzarını bağrına basar,
Şəhid torpağını gözünə təpər.

Şəhid oğulları - boyları çinar,
Qələbə bayrağın zirvəyə qaldır.
Ana əllərindən öpən general,
Sənə də ananın südü halaldır.

Ümidi qırılmaz bu anaların, 
Deyər,- təki başın sağ olsun, Vətən!
Belə oğulları böyütdüyündən,
Qoy sənin də üzün ağ olsun, Vətən!

Heç nəylə ölçülməz sənin qiymətin,
Ey odlar diyarı, ulu Vətənim,
Ana qarşısında başını əyən,
Oğul da mənimdir, ana da mənim!

Nəsib Nəbioğlu,
Moskva, 
Oxşar xəbərlər