İsmayıl Şıxlı həbsdən çıxan tələbəsini necə qovdu?

  • 07 noy 2017, 21:30

Kulis.az şair 1980-ci ildə sovet xalqları arasında ayrı-seçkilik salmaq adı ilə həbs edilən şair Kələntər Kələntərlinin "Bu səfər bitən deyil” kitabından bir xatirəni təqdim edir.

 

Məni məlum səbəbə görə, yuxarıların tapşırığı ilə Yazıçılar İttifaqının rəhbərləri tutdurdu. Onda İmran Qasımov İttifaqın sədri, Cabir Novruz, H.Abbaszadə, Elçin, Əkrəm Əylisli, B.Azəroğlu da katibləri idilər. Xeyli vaxt idi ki, məni nə mətbuata, nə də bir işə yaxın qoymurdular. Adım DTK-nın qara siyahısına salınmışdı.

 

1980-ci il mayın 28-də hələ də dost bildiyim Cabirin yanına getmişdim ki, mənə bir iş düzəltsin, birtəhər ailəmi dolandırım. Onunla təxminən bir saata yaxın söhbət etdik. Bir də onu gördüm ki, H.Abbaszadə qapıdan baxdı və heç nə demədən tez əkildi. Sən demə, gedib öz otağından gərəkli yerə zəng vurub, xəbər verib ki, tez gəl, Kələntər Cabirin yanındadır. Heç nədən xəbərim yoxdu. Cabir də söhbəti uzadırdı. Gözləmədiyim yerdə iki nəfər mülki paltarlı gəldi, vəsiqələrini göstərdi; hay-küy qaldırma dedi, sən bizimlə getməlisən.

 

Nə deyə bilərdim? Getdim. Məni üç gün Bakıda təcridxanada saxladılar. Sonra yolladılar Gürcüstana, qolları bağlı. Sən demə, yuxarılar məni ələ verməyi "dostum” Cabirə həvalə edibmiş. Bunu gec bildim. Gürcüstanın Loqodexi rayonunda məni mühakimə etdilər. 3 il azadlıqdan məhrum oldum.

 

1983-cü ilin aprelin 30-da azadlığa çıxdım. Gəldim Bakıya. Mən tutulandan 10 ay sonra İmran o dünyalıq olmuşdu. Onun yerində M.İbrahimov otururdu. İsmayıl Şıxlı da birinci katib seçilmişdi. Mirzə müəllimlə görüşdüm. O, məsləhət bildi ki, MK-nin birinci katibi Kamran Bağırova ərizə ilə müraciət edim (Ərizəmin müfəssəl məzmununu da özü diktə etdi).

 

Aradan on gün keçəndən sonra MK-dan Xeyrulla Əliyev mənə zəng vurdu. Sənin işinlə İsmayıl Şıxlı məşğul olacaq, onun yanına get dedi. Deməli, ümidim qalmışdı ona. Bir gün Yazıçılar İttifaqının qabağında, bağda üz-üzə gəldik. Salamlaşdım.

 

 

Onu da deyim ki, İsmayıl Şıxlı APİ-də müəllimim olmuşdu. Aramızdakı səmimiyyətə də söz ola bilməzdi. Dedim, sizinlə işim var. Qolumdan tutdu, gedək dedi, kabinetdə danışaq. Əvvəl Cabir oturaq otaq imiş onun kabineti. Başıma gələnləri qısaca söylədim, ittifaqa bərpa olunmaq istədiyimi bildirdim. Vəzifəyə gedəndən sonra tamam başqa adam olmuş sevimli müəllimim nə desə yaxşıdır: "Bundan sonra bizim cərgəmizə qayıtmağa sənin mənəvi haqqın yoxdur”.

 

Cavabından sarsılsam da özümü o yerə qoymadım. Dedim, İsmayıl müəllim, eyib etməz, gec-tez mən şəxsən sizə sübut edərəm ki, mənim mənəvi haqqım sizin hamınızdan çoxdur. Qapını çırpıb getdim.

 

Aradan aylar keçdi. Qədim dostum şair Fikrət Qocaya rast gəldim. O, işimin nə yerdə olduğunu yaxşı bilirdi. Mənə xeyli ürək-dirək verdi və əlavə etdi ki, bu gün, sabah ittifaqda hakimiyyət dəyişikliyi gözlənilir, darıxma, möhkəm dayan, hər şey düzələr; sədr Anar olacaq. Onunla mən danışaram.

 

Bəli, Anar Yazıçılar İttifaqının sədri təyin olundu. İsmayıl Şıxlıdan başqa qalan katiblər hələ iş başında idi. Anarla görüşdüm. Dedi, ətraflı bir ərizə yaz, səni bərpa edəcəyik. Yazdım, təqdim etdim. Məni çağırdılar katibliyə. C.Novruz, H.Abbaszadə, B.Azəroğlu, Ə.Əylisli və E.Əfəndiyevin iştirakı ilə, Anar ərizəmi oxudu. Onda Cabirlə Hüseyn daş atdı, başını tutdu, bəs Kələntəri İttifaqa bərpa etmək olmaz. Anar da qaldı çıxılmaz vəziyyətdə.

 

Məni yandıran bircə o oldu ki, Balaş, o boyda ağsaqqal ağzına su alıb dayandı. Nə etməli, birinci müraciətim nəticəsiz qaldı. Üç-dörd aydan sonra Fikrətin təhriki ilə bir də müraciət elədim. Bu dəfə Hüseyn təklif etdi ki, Kələntərə "6 aylıq sınaq dövrü” vermək lazımdır. Guya mən islaholunmaz cinayətkaram.

 

Ondan sonra günlərin bir günü dənizkənarı bulvarda Hüseynə rast gəldim. Qız nəvəsi ilə gəzişirdi. O vaxt böyük bir portfelimə "xolodelnik” deyərdi. Hüseynə yaxınlaşdım və dedim: "Təəssüf ki, yanında uşaq var, yoxsa səninlə başqa cür danışardım. Və başladım çantamı yellətməyə, guya ki, içində silah var. O da özünü itirdi, heç bilmədim, nə dedi.

 

Sabahı gün səhər saat 10-da Fikrət Sadıq telefonla mənə dedi ki, durma, təcili Yazıçılar Birliyinə gəl. Deyəsən, səni bərpa etmək fikrinə düşüblər.

 

Beləcə, azadlığa çıxandan təxminən 7 il sonra mən bərpa oluna bildim.

 

Demokratik.Az

Oxşar xəbərlər