“Dolya vorovskaya” mahnısının müəllifi kimdir?

  • 28 okt 2017, 13:12

"Oğru dünyası”nı vəsf edən musiqinin müəllifi gürcü mühəndis, yoxsa türkməndir?

"Oğru” tayfasını xahiş edirəm cibinizə qoyub kiçiltməyəsiz. Xüsusən MDB məkanındakı "oğru”ları. Bu "oğru”lar çoxdan təşkilatlanıb "oğru ideologiyası” ilə silahlanıblar. Rəsmi musiqi himnləri  mövcuddur. Söhbət, məşhur oğru nəğməsi "Dolya vorovskaya”dan gedir.

***

İdealist, fanatik "oğru”lar əməliyyata gedərkən dodaqları altda bu nəğməni, adətən zümzümə edərlər. "Oğru” banketlərində, "lotu toylarında” həmin mahnı dəfələrlə ifa edilir. Üstündə dava-şava, müxtəlif mübahisələr düşür. Bir də görürsən küncdən birisi qalxdı. Müğənnini səhnədən itələyib saldı aşağı. Mikrofonu barmaqları arasına alaraq mahnını özü oxudu. Od qoydu kənardakı müğənnilərə. Mətbuatda indi də oxşar hadisələrə çox rastlaşmaq mümkündür.

Kiçik nümunə: "Bakının Nizami rayonu, ”Neftçilər" metrostansiyası yaxınlığında yerləşən "Arbotaj” gecə klubunda mahnı üstə mübahisə düşüb. Müştərinin "Dolya vorovskaya” sifarişinə qəfil "Olmaz!” qadağası səslənib. Müştəri - Tovuz rayon sakini, 1989-cu il təvəllüdlü Atakişiyev Nurlan Azər oğlu, qəfil düşüb ortaya. İki pəncəsini bir çəkməyə dirəyib ki, bəs, "Dolya”nı sifariş verirəm "içəridə yatan yaxşı oğlanlar” üçün.

Sifariş, qulaqardına vurulduqda, əsəblər gərilib möhkəm. Müdiriyyət - İbrahimov Vüsal Bəhir oğlu, istəyib deyə müştəriyə "bu, nə dolyabazlıqdı belə? Bas bayıra eey burdan saatda 220 kilometr sürətlə”.

 Görüb yox ey... Müştəri əlində beşbarmaq üstünə gəlir. Özünümüdafiə hissi Vüsalı qoruyub bu an. O, müştərini bircə ölümcül bıçaq zərbəsi ilə  göndərib o dünyaya.

Səbəb? Heç nə. Adi "Dolya vorovskaya” mahnısı.

Ötən günlərdə dustaq qatarından qaçan məhbuslar da, sanki bu məşhur mahnının nəqarətlərini, məzmununu təkrarlayıblar. Məhbəsdən qaçıblar. Birini oktyabrın 26-da tutdular, o birini hələ axtarırlar...

Yaxşı, bu "Dolya” mahnısı nədir belə? Niyə postsovet məkanında bu mahnının ifası indiyədək qızğın mübahisələrə səbəb olur? Niyə ermənilər bu mahnın müəllifliyini Boka Davityanın ayağına yazırlar? Bizimkilər isə ara müğənnisi Aydınçikin?

Düzü, dövrü mətbuata verdiyi son müsahibəsində Aydınçik bu iddiaları kökündən inkar edib:

Hamını narahat edən bircə sual var. "Dolya”nı kim bəstələyib? Bu... bu, sizsinizmi?

Yox. Nə danışırsız? İlk ifaçı "Atarik” adlı bir türkmən balasıdır. Krasnovodskidən, indiki Türkmənbaşıdandı o. Münasibətlərimiz, get-gəlimiz əla idi. Mahnını ondan borca aldım mən. Toylarda oxudum. Bakıda sonra day o toy qalmadı ki, ifam orda səslənməsin. Mahnının mənşəyi, deyildiyi kimi Gürcüstanla əlaqəli deyil. Nə olsun ki, orda Gürcüstan coğrafiyası tərənnüm edilir. Bu, sadəcə kor təsadüfdür.

Ancaq... ancaq boğazdan yuxarı deyilmiş bu iddialara inanmayın. Təkzibolunmaz faktlar bunun tam tərsini sübut edir indi.

***

DOSYE: "Dolya vorovskaya” mahnısı. Doğum ili: 1959. "Gürcüstanfilm” studiyası. İlk dəfə "Su bəndində hadisə” (başqa adı "Cəza”) filmində baş qəhrəman-mühəndis Caparidzenin dilindən səslənib.

MÜƏLLİFİ: Bəstəkar Bindzina Kvernadze.

SÜJET: Tikintidə təhlükəsizlik qaydalarına əməl etmədiyinə görə mühəndis Caparidze qazamata atılıb. SSRİ dəmiryollarında dəqiqəbaşı o zindandan bu zindana köçürülür. Mənzil uzaq... Yol uzun. Dustaq qatarında basabasdır. İt yiyəsini tanımır. Bu vaxt məhbus Caparidzenin əli gedir küncdəki gitaraya. Tellər cingildəyib susur. Sonra bir də təkrarlanıb məşhur "Dolya” mahnısına çevrilir. Caparidze gözlərini yumaraq xəyallara qapılır. Görür arvadı xəstəlikdən vəfat edib. Uşaqlarını, şəhər prokuroru övladlığa götürüb.

MÜƏMMALAR: Mahnının tarixçəsi, elə siftədən qəribə hadisələr, izahsız ölüm hadisələri ilə müşayiət olunub. İlk ifaçısı-aktyor Georgiy Şavquladze, elə film çəkilişləri zamanı, "Dolya"nı ifa edərkən (!) dünyasını dəyişib.

Bu, müəyyən mənfi aura yaradıb filmin ətrafında. Deyilənə görə, bu mahnı ölüm gətirir öz ifaçılarına. Georgiy Şavquladze bu siyahıda birincidir. Barəsində bayaq yazdığımız Tovuz rayon sakini, 1989-cu il təvəllüdlü Atakişiyev Nurlan Azər oğlu isə sonuncu. Mahnını "Yaşıl furqon” radiotamaşasında ifa etmiş məşhur rus müğənnisi Vladimir Vısotski də sonra həyatda çox qalmayıb.

Dərhal vəfat edib.

İnanmırsız bu iddialara? Yaxşı.  Sitat gətirdiyim bu elektron ünvanlara baxın. Həqiqət məhz ordadır.

P.S. Mənə qalsa, mahnının ən yaxşı ifaçısı kimi Eyyub Yaqubovu göstərərdim. Bu ifanın qarşısında Boka da qələt edir, elə türkmən Atarik də. Heç Vısotski də bu mahnını ürəkdən oxumayıb.

Mahnı, Eyyubluqdu. Möhürü o vurub. Mövzunu birdəfəlik qapayıb.

Vəssalam.



Həmid HERİSÇİ

Oxşar xəbərlər