Çaqqal-çuqqalların üsyanı

  • 24 okt 2017, 10:01

"Qarabağ”ın qitə yarışlarında imza atdığı hər uğurlu ilk sanki yeni lakmus kağızına çevrilir: dostlar məmnun, qeyri-dostlar məyus olur, üstəlik, yeni naqis zatları üzə çıxarır. Klubun "Atletiko” ilə oyunda qazandığı tarixi qızıl 1 xal da istisna olmadı. Həmin xal elə bil "1" rəqəmi tək ox olub sevincimizə kədərlənənlərin gözünə batdı.

Yenə hərə öz xislətinə, "materiyasına” uyğun reaksiya verdi. Təbii, söhbət yalnız futbol azarkeşlərindən getmir. Geniş anlamda Azərbaycana azarkeşlik edənlər və onlara əks qütbdə dayananlardan gedir. Çünki "Qarabağ” artıq bir idman klubu deyil və təkcə işğal altındakı Ağdamı təmsil eləmir. Azərbaycanı, Azərbaycan xalqını və onun maraqlarını təmsil edir.

Yəni o, indi həm də siyasi bir klubdur, faktiki, siyasətin, hətta geosiyasətin içindədir. Baxın, "Qarabağ”la bağlı Qərb nəşrlərində klubun adının yanında "Azərbaycan” sözünün getməməsi üçün erməni lobbisi, onların havadarları necə dəridən-qabıqdan çıxırlar. Zira, bilirlər ki, söhbət həm də konfliktlə bağlı informasiya savaşından, təbliğat yarışından gedir, təkcə idman yarışından yox.        

Odur ki, "Qarabağ”ın ölkə və millət adına hər uğuruna cəmi Azərbaycan sevindiyi kimi, uğursuzluğu da bir o qədər ürəyimizi sıxır, əleyhdarlarımızı isə sevindirir - ermənilər təki. Əleyhdarlar isə əfsus ki, qardaş Türkiyədə də yox deyil. Doğru, 80 milyonluq ölkə toplumu yekcins deyil. Nə yazıq ki, özünü erməni saymasa da, erməni xislətlilər də var qardaş məmləkətdə...

*****

"Qarabağ” isə öz uğurlu oyunu ilə dost-düşmənlərin səfinə, uğurumuzu istəməyənlərin məkrli oyunlarına bir daha işıq saldı. Yenə bəziləri mahiyyətlərini büruzə verdilər, bilindirdilər. Həzrəti Əlinin (ə) kəlamı ilə desək, gerçəkdən də, "İnsan dilinin altında gizlənib, danışdıqca tanınar”.

Və danışdılar, yazdılar, özlərini tanıtdırıb nişan verdilər - bəd niyyətlisi, pis xislətlisi özünü rüsvay elədisə, suyunu içib havasını udduğu xalqa nankorluq yapdısa, yaxşılar da, həmişəki kimi, yaxşı qismində onların önündə oldular. "Qarabağ” trafaretinə lağ edən həmin o yazar da sonradan 100 dəfə üzr istəsə belə, öz çirkli xislətini faş elədi və pis mənada özünü vitrinə qoyub anti-reklam elədi.

Deyilə bilər ki, "Meşə çaqqalsız olmaz”. Ancaq biz indi elə bir zəmanədəyik ki, Azərbaycanın, Türkiyənin uğuruna sevinməyən türk sayılmaz, məhz "çaqqal-çuqqal” hesab edilər. Saxta erməni soyqırımının tanınmasını təbliğ edən, Qarabağa qanunsuz səfərə gedib də oradakı separatçılara qucaq açmağı normal sayan adam necə bizdən ola bilər ki? O, elə "çaqqal”lardandır ki var - özünü türk saysa belə.

Və əksinə, Azərbaycanı, Türkiyəni, "Qarabağ”ı sevən hər kəs bizdəndir, türkdür - hansı dildə danışmasından asılı olmayaraq! Azərbaycanda, Türkiyədə yaşamasa da!  

Yəni türklük bioloji amillə, valideynlərin türk olması ilə ölçülməz. İlk növbədə daşıdığın soy-kökə bağlılıqda, həmin soyun, kökün maraqlarına sadiqlikdə özünü büruzə verər. Necə ki, uşağı dünyaya gətirən qadın hələ ana sayılmır. Ana uşağı körpəlikdən saxlayıb böyüdənə deyərlər, yalnızca bioloji anaya yox.

Eləcə də türkcə danışan hələ türk deyil. Çünki hələ o, özünü tanıtmayıb. Ta ki danışana kimi. Yoxsa ki, erməni var türkdən yaxşı türkcə danışır. Xocalı caniləri Serj Sərkisyan, Robert Köçəryan da türkü pis bilmirlər.

Əslində danışıb özünü faş edənlər daha az təhlükəlidir, nəinki içimizdəki zahirən bizdən fərqlənməyən, susqun xain-namərdlər, saman altından su yeridib düşmən elementlərə dəstək verənlər, onların arxasında duranlar, kəmfürsətlər.

Odur ki, qoy danışsınlar. Danışın ki, tanınasınız. Danışın ki, milli mənsubluğunuz, milli kimliyiniz bilinsin. Kimin adamı olduğunuzu bəlli edəsiniz. Danışın ki, nəhayət, işimizi bilək. Hamı bilsin.

"Tanın” deyərkən həm də yazmağı nəzərdə tuturuq sözsüz ki. İnternet, sosial şəbəkələr dövründə danışıb tanınmğın ən bəsit yolu budur - yazmaq. Ancaq söz istər ağızdan çıxsın, istərsə də qələmdən (klaviaturadan), həmişə onun müəllifi üçün "vizit kartı” rolunda olacaq -  söz sahibinin siyasi-mənəvi kimliyinə, şəxsin naqis olub-olmadığına şəhadət verən "vizit kartı”...

Zahid SƏFƏROĞLU
Oxşar xəbərlər