Aşura mərasimlərinin ortaya çıxardıqları…- Azər HƏSRƏT

  • 03 okt 2017, 11:55

Önəmli: Lütfən, yazını sonadək və diqqətlə oxumadan müzakirəyə cəhd etməyin.

Bizim kənddə bir adət var. Uşaqlıqdan xatırlayıram. Məhərrəmlik ayında toy edilməz, məclis qurulmazdı. Elə indi də elədir. Hərçənd ki, bizim camaat şiə deyil. Bununla belə fərqli təriqətdən olanlara çox dözümlü yanaşar, onların adətlərinə sayğılı davranar mənim həmkəndlilərim.

Biz islamı din olaraq Sovetlər dönəmində belə qəlbimizdə qorumuş, ah-vay etmədən, kimsəyə özümüzü göstərmədən yaşamışıq.

Elə indi də bizim camaatımız belədir. Gerçək dindarlar sakitcə öz dini inanclarıyla baş-başa qalar, kimsəyə zorla "sən də gəl mənimlə ol” deməzlər. İstər sünni, istər şiə olsun – bizim üçün fərq etməz. Biz islamı vəhdət halında, müsəlmanları məzhəb və təriqətlərə bölməyəcək şəkildə bilirik, qəbul edirik və yaşayırıq.

Amma…

Amma dünyada elə qüvvələr, elə dövlətlər var ki, onlar islamdan siyasi məqsədlər üçün istifadə edirlər. Bunların ən önündə gedəni, nə yazıq ki, düz burnumuzun ucundakı İrandır. Bu ölkədə dini siyasətə alət etmək o həddə çatıb ki, dövlətin rəsmi dini kimi islamın şiəlik məzhəbi elan edilib. Rəsmən özü də. Elə belə də deyilir: İran İslam Cümhuriyyətinin rəsmi dini islamın şiə məzhəbidir.

İranın rəsmi dini şiə məzhəbidirsə, yerdə qalan müsəlmanlar necə olsun? Məgər Həzrəti Məhəmməd (s.a.s) islamı bir bütün din, birlik halında xəbər vermədimi zamanında? Məgər min dörd yüz il öncə islam dininin müqəddəs kitabı "Qurani Kərim” endiriləndə orada insanları təriqətlərə, məzhəblərə bölmək çağırışımı vardı? Məgər islamın yol aldığı Məkkədə insanların daşdan, ağacdan düzəltdikləri bütlərə tapınmağı deyilmiydi cəhaləti ayaqda tutan?

Bu gün də İranın öndərliyində cəhalət ayaq da tutulmağa çalışılır. Biz – şəxsən mən şiəliyə, imam Hüseynə sayğıya qarşı deyiləm. İmam Hüseyn bütünlükdə islamın böyük şəxsiyyətlərindən, ən əziz şəhidlərindəndir.

Hər kəs inancını seçməkdə sərbəstdir. Hələ Azərbaycanda heç kim başqa birisinin hansı inancın arxasınca getməsinə qarışa bilməz. Bütün bunlarla bərabər bu dövlətin sabahı bizim hər birimizə dəxli olan məsələdir və narahatlığımız da o üzdəndir.

İran Azərbaycanda insanların cahil qalmasında, yeni nəslin cahil yetişməsində maraqlıdır. Ona görə də şiəliyi bəhanə edərək məscidlərimizə nüfuz edir, Aşura kimi bir gündən sui-istifadə edərək ölkəmiz haqqında yanlış təsəvvür yaradılmasına çalışır.

Apardığım müşahidələr göstərir ki, Aşuranın müasir şəkildə, cəhalətdən uzaq qeyd edilməsini istəyənlər İranın və onun aramızdakı uzantılarının basqılarına məruz qalır. Hətta belə adamları dinsiz elan edir, onlara qarşı media üzərindən gözdənsalma kampaniyaları aparırlar. İran və uzantıları iddia edir ki, belə adamlar şiəliyə qarşıdır, dini gözdən salmaq istəyir ki, kafirlər öz istədiklərini edə bilsinlər.

Təbii ki, əsasən elmdən uzaq olub İranın çağırışlarını səmimi qəbul edən, aldadılan kəsim də düşünür ki, doğrudan da belədir. Halbuki biz nə islama, nə də onun şiə məzhəbinə qarşı heç bir çağırış etmirik. Əksinə, insanlarımızın sərbəst şəkildə dinlə məşğul olması üçün dövlətin şərait yaratmasını alqışlayırıq.

Azərbaycan dünyəvi dövlətdir. Bu isə o deməkdir ki, dindar kəsim öz dini vacibatlarını bunun üçün ayrılmış xüsusi yerlərdə və ya başqalarını rahatsız etməyəcək bir məkanda gerçəkləşdirməlidir. İmam Hüseyni ağlamaq, yad etmək də hər kəsin şəxsi işidir. Əgər kimsə bunu edirsə, başqaları ona sayğıyla yanaşmalıdır. Əgər kimsə etmirsə, imam Hüseyn tərəfdarları – aşiqləri də o kəsə sayğılı davranmalıdır. Lakin bu məsələlərə yetkinlik yaşına çatmamış uşaqları qarışdırmaq doğru deyil. Eyni zamanda baş yarmaq, qan tökmək də yolverilməzdir.

Bunu hər kəsin anladığı bir zamanda İran yenə də dinc durmur. Məhz baş yarmağı, qan tökməyi, körpə qız uşaqlarını qara çadraya bürüməyi təşviq edir. Özü də bunu din adına gerçəkləşdirir. Gerçəkləşdirmək üçün də Azərbaycanı hörümçək toru kimi sarmış media şəbəkəsindən gen-bol istifadə edir. Bəli, bu gün, yazıqlar olsun ki, Azərbaycanda İranın qurduğu, sırf İranın Qum şəhərində yetişdirib aramıza yeritdiyi nüfuz agentlərinin idarə etdiyi media şəbəkəsi at oynadır. Bu şəbəkə insanların alt şüuruna İranın din adı altında sırıdığı cəhaləti yeridir, dövlət önləyici tədbirlərə əl atınca da "kafir Qərb”in vicdan azadlığı dəyərlərini rəhbər tutaraq bütün dünyaya car çəkir.

Bu gün Azərbaycan dövlətinin nüfuzdan salınması üçün İran üç istiqamətdə çox güclü iş aparır. Bunlardan birincisi islam dini adı altında cəhalətin Tehrandan Bakıya ixracıdır. Digəri isə Azərbaycanda xurafat və cəhalət yayan, dövlətə qarşı xalqı ayaqlandırmağa çalışan İran uzantılarının siyasi məhbus kimi qələmə verilməsinə dəstəkdir. Üçüncü istiqamət isə hər halıyla dünyəvi dövlət olan, çağdaş insanların yaşadığı Azərbaycanı büsbütün qaraya bürünüb baş yaran, qan tökənlərlə zəngin bir məmləkət kimi göstərməkdir. İran əlindən gələni edir ki, imam Hüseyni yad etmə mərasimlərində cahiliyyə təfəkkürüylə qara geyinib baş yaranların sayı çox olsun. Təəssüflər olsun ki, insanlarımız bu məsələdə sayıq deyillər və İranın din adı altında Azərbaycanı məhv etmək üçün oynadığı oyunda rol alırlar…

Belə bir durum kimin işinə yarayır? Azərbaycanı yalnız qara rəngdə göstərmək istəyən hər kəsin. Ən başlıcası isə işğalçı Ermənistanın!

Ermənilər hər fürsətdə Azərbaycanı orta əsr təfəkkürlü cahillər ölkəsi kimi göstərmək üçün dəridən-qabıqdan çıxır. İndi Aşura mərasimini cahilcəsinə icra edənlər o ermənilərə bolluca material vermiş oldular. Bu materiallarda Azərbaycanlılar baş yaran, sinə döyən, qan tökən, əl boyda qız uşaqlarını, məktəbliləri belə bu mərasimlərə ortaq edən toplum kimi görünür. Biz doğrudan da buyuqmu? Şəxsən mən deyiləm. Heç Azərbaycanın böyük çoxluğu da elə deyil. Lakin bunu dünyaya sübut etmək İran uzantılarının imam Hüseyni bəhanə edib ortaya çıxardığı görüntülər üzündən çətin olacaq, çox çətin…

Sözardı: Bizim kəndimizin adı Dədəlidir. Xaçmazda yerləşir. İndi də dünyanın ən gözəl kəndlərindən biridir. Camaatı da yetərincə geniş dünyagörüşlü, açıq fikirlidir. Dini ayinlər açıq keçirilir və heç bir cəhalət əlamətinə yer verilmir. Dindar olanlarımız islamı başqalarına cəfəngiyyatla deyil, elmlə izah və təbliğ etməyə çalışır. Ona görə də cahillikdən uzaq durmağı bacarmışıq. Əhalimiz əsasən sünni olsa da şiələrin bütün mərasimlərinə sayğılı, təmkinli davranmağı özünə borc bilir. Məzhəbçilik bizə yaddır. Bizim kəndin müsəlmanları Allaha, onun peyğəmbərinə güvənir, bütün islam müqəddəslərinə sayğıyla yanaşırlar. O cümlədən imam Hüseynə də.

AZƏR HƏSRƏT

Oxşar xəbərlər