Şəmkirdə yerin altından saray tapıldı
Beynəlxalq
Azərbaycan-Almaniya arxeoloji ekspedisiyası Şəmkir rayonunun Qaracəmirli kəndi
yaxınlığında 2500 il bundan əvvəl mövcud olan şəhər tipli böyük yaşayış yerində
2006-cı ildən arxeoloji qazıntı aparır.
Ekspedisiyanın qənaətinə görə, qədim şəhərdə saraylar və digər tikililər
bir-birindən xeyli aralı olmaqla, parkların, bağların arasında yerləşməklə
divarlarla əhatələnib. Böyük tikililərdə geniş sütunlu zalların, uzun dəhlizlərin
olduğu qeyd edilir. Bu yaşayış yerindəki abidə eramızdan əvvəl 550-ci ildən
330-cu ilə qədər, 220 il mövcud olub və Əhmənilər imperiyasına məxsus Pasarqad,
Persopol tikililəri ilə müqayisə olunur. Qaracəmirli kəndi yaxınlığında yerləşən
yaşayış yeri Əhmənilər imperiyasının bütün Cənubi Qafqazı idarə edən inzibati mərkəzi
olduğu güman edilir. Beynəlxalq ekspedisiya Qaracəmirli yaxınlığında qədim
yaşayış yerində hələlik bir neçə yerdə qazıntı apararaq böyük inzibati, təsərrüfat,
istehsalat tikililərinin və dini abidənin qalıqlarını aşkarlayıb. Onlardan
böyük sarayın qalıqları xüsusi əhəmiyyət kəsb edir.
Ekspedisiyanın rəhbəri İlyas Babayev deyib: "Bu vaxta qədər burada 28
sütun altlığı tapılıb. Görünür, burada 100-dən çox sütun altlığı var. Sarayın 8
metr enində, 25 metr uzunluğunda giriş hissəsi olub, onun arxasında 675
kvadratmetrdə audiensiya zalı yerləşir, ətrafında isə dəhlizlər və böyük zallar
var. Burada tapılan maddi mədəniyyət nümunələri azdır, ancaq elitardır. Gil
qablar çox azdır. Halbuki saray olmasaydı, gil qablar çoxluq təşkil edərdi. Ən
maraqlısı isə burada mixi yazıların olmasıdır".
Hazırda ekspedisiya saraya aid edilən 5-ci sahə adlanan ərazinin qazıntısını
aparır. Beynəlxalq ekspedisiyanın tərkibində almaniyalı arxeoloqla yanaşı,
milliyyətcə yapon olan, Ankara Universitetinin magistrantı Masumi Uehara da
iştrak edir.
Masumi Uehara bildirib ki, 10 gün davam edən qazıntılarda kərpic tikililər və
onun bərabərində zibil çökəklikləri aşkarlanıb, keramika və küp parçaları, daş
alətlər tapılıb.
Qeyd edək ki, saray və onun divarla əhatələnmiş hissəsinin ərazisi 20 hektardır.
Hələlik bu sarayın yalnız giriş zalı və özünün bir hissəsi qazılıb. Sarayın e.ə.
V əsrin birinci yarısında, 2480 il bundan əvvəl tikildiyi güman edilir.
Demokratik.Az